Eləmədiklərim yandırar məni...




Musa Yaqub.

ELƏMƏDİKLƏRİM YANDIRAR MƏNİ...
 Əvvəl budaq-budaq suda uyuyan,
 Sonra çarxı dönüb,arxı quruyan
 Bir yağışa həsrət söyüdlər kimi
 Eləmədiklərim yandırar məni...
 Özümə verdiyim öyüdlər kimi
 Eləmədiklərim yandırar məni...
 Mən elə bilirdim o bənövşəlik,
 Mənimçün qalacaq tər həmişəlik.
 Özü solub getdi,qıymadım üzəm,
 Doyunca baxmadım bənövşə gözə,
 Yazı nəmiş,yayı tez xəzəlləşən,
 Pətəkdə qaynaşan,
 Şanla əlləşən,
 Qışda balsız qalan arılar kimi
 Eləmədiklərim yandırar məni...
 Özümə verdiyim öyüdlər kimi
 Eləmədiklərim yandırar məni...
 Mən elə bilirdim vaxt da duracaq,
 Elə o əvvəlki baxt da duracaq.
 Gedib səadətlər rastına çıxan
 Sevgi cığırıyla keçmək olacaq.
 Hər vaxt bu zəmini biçmək olacaq...
 Bərədə boş yerə anları sayıb,
 Ovunu hürküdən ovçular kmi,
 Eləmədiklərim yandırar məni...
 Yaylaqda çeşməyə məhəl qoymayıb,
 Səhrada alışan yolçular kimi
 Eləmədiklərim yandırar məni...
 Bilmirəm kim idi üzdü barımı,
 Uçurtdu əlimdən bir şikarımı,
 Sonraya saxladım çox qərarımı,
 Eləmədiklərim yandırar məni...
 Yox,daha ömrümdə açılmaz o yaz,
 Bir qanadım yorğun,birisi pərvaz.
 Elədiklərimdən yaxam qurtarmaz,
 Eləmədiklərim yandırar məni...

Oxunub: 164
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az