Təkbaşına çəkə-çəkə ölərdim, Dünya, dərdin çəkiləsi dərd deyil.





Yüngül olsa öhdəsindən gələrdim,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Təkbaşına çəkə-çəkə ölərdim,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Polad sındı, dəmir yandı mum oldu,
Sal qayalar toza döndü, qum oldu.
Sarayların yeri qara şum oldu,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Çaqqalların uladıqca uladı,
Tülkülərin quyruğunu buladı.
Pələng öldü, pişik meydan suladı,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Qara əllər sinəmizə köz basır,
Bəd əməllər yaramıza duz basır.
Yüz daldala, yüz malala, yüz basır,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Can yandıran odlu ahdan qorxuram,
Qanlar tökən hər silahdan qorxuram.
Həm bəndədən, həm Allahdan qorxuram,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Dinsiz olub insaflılar, dinlilər,
Qılınc çəkir qəzəblilər, kinlilər.
Cin atına yaman minib cinlilər,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Çirkaba bax, palçığa bax, lilə bax,
Lil içində yatıb qalan filə bax.
“Bizimki də qara gəldi belə, bax”,
Dünya, dərdin çəkiləsi dərd deyil.

Oxunub: 534
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az