Ələkbər Tahirzadə 1874-1883-cü illərdə görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) dərs dediyi Şamaxı quberniya məclisi məktəbində dünyəvi elmləri həvəslə öyrənmiş, klassik ədəbiyyatı mütaliə etməyə ciddi maraq göstərmişdir. Ustad Seyid Əzim Şirvani gənc Ələkbərin istiqamətləndirilməsi və həvəsləndirilməsində, bədii zövqünün inkişaf etdirilməsində mühüm rol oynamışdır. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) «Xəmsə»sini öz şagirdinə bağışlaması Sabirin istedad və qabiliyyətinə olan inamının ifadəsi idi. Bütün bunlar Sabirin bədii yaradıcılıq yolunu seçməsinə ciddi təsir göstərmişdir. Buna görə də baqqallıq edən atasının ciddi səylərinə baxmayaraq, gənc Sabir ruhani, yaxud tacir deyil, satirik şair kimi yetişib formalaşmışdır. O, hələ məktəbli ikən şeirlər yazmış, Sədi Şirazinin «Gülüstan» əsərindən bir parçanı Azərbaycan dilinə tərcümə etmişdir. Şərq ölkələrinə 1884-1886-cı illərdə etdiyi səyahətlər M.Ə.Sabirin bilik və məlumatlarını, dünyagörüşünü inkişaf etdirmişdir. İranın Səbzivar, Nişapur, Xorasan, Həmədan vilayətlərində, qədim Buxara və Səmərqənddə, məşhur dini ziyarətgahlardan Kərbəlada səfər zamanı müşahidə etdiyi təzadlı hadisələr, rastlaşdığı zavallı insanlar, görüşdüyü mütərəqqi ziyalılar, oxuyub öyrəndiyi əsərlər onun üçün böyük həyat və sənət məktəbi rolunu oynamışdır.
Oxunub: 302