Bəs görəsən, 2022-ci ildə bizi hansı yeniliklər gözləyir?
1. Əməkhaqları 20 faiz artacaq, minimum maaş 300 manat olacaq
Yanvarn 1-dən ölkədə minimum əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Bununla bağlı Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, minimum əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçinin işçini əhatə edəcək. Prezidentin 2021-ci il dekabrın 20-də imzaladığı yeni sərəncam və fərmanlarla müavinət və təqaüdlərin artırılması isə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb. Ümumiyyətlə, yeni ildən büdcədən maliyyələşən bütün təşkilat və strukturlarda əməkhaqları 20 faiz artırılacaq.
2. Tibbi xidmətlər üzrə ƏDV-ni geri almaq mümkün olacaq
Gələn ildən tibbi xidmətlərə görə ödənilən Əlavə Dəyər Vergisini (ƏDV) geri almaq mümkün olacaq. Bundan əlavə, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına ödənilən ƏDV geri alınmayacaq. Belə ki, Vergilər Məcəlləsində 165.5-ci maddəyə nəzərdə tutulan yeni dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları, istisna olmaqla) habelə tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Gələn ildən Azərbaycana gətirilən hibrid avtomobilləri də ƏDV-dən azad edilir. Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.
3. Yeni ildən maaşlardan əlavə pul tutulacaq
Məlum olduğu kimi, Azərbaycanda 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb. 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir. Hazırda ölkə üzrə əhaliyə icbari tibbi sığorta xidməti göstərilir və buna görə vətəndaşların əməkhaqlarından 1 faiz ödəniş tutulur. Amma gələn ildən bu rəqəm 2 faiz təşkil edəcək. Əslində hökümət 2021-ci ilə qədər həm işə götürənin, həm də işləyənlərin ödəyəcəyi iki faizi qeyri-dövlət təşkilatları üçün güzəşt olaraq bir faiz həcmində saxlanılmışdı.
Qeyd edək ki, İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar bu xidmətləri pulsuz əldə edə bilərlər.
4. Vaksin pasportuna qoyulan tələblər dəyişəcək
Koronavirus infeksiyasına görə vaksin pasportu əldə etmiş vətəndaşların sənədləri 2022-ci ilin fevralın 15-dək qüvvədə olacaq. Tədqiqatlara görə, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır. Buna görə də üçüncü, buster doza vurulması tövsiyyə olunur. Prezidentin köməkçisi Şahmar Mövsümov bəyan edib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur: “İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur. Yəni ikinci dozadan 6 ay sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur. Fevralın 15-dək bütün vaksin pasportları qüvvədədir. Kimdəsə ikinci dozadan sonra müddət 6 aya yaxınlaşırsa təcili olaraq üçüncü doza vurmağa çağırırıq".
O, əlavə edib ki, üçüncü doza-buster dozadan sonra vaksin sertifikatı müddətsiz olur.
5. Avtomobil alışı zamanı ödəniş nağdsız olacaq
2022-ci ildən etibarən «Nağdsız hesablaşmalar haqqında» qanuna da müəyyən əlavə və dəyişikliklər də nəzərdə tutulur. Bu qanunda əhaliyə təsir edən istiqamətlərdən biri budur ki, əhali sadə vətəndaş tibb müəssisələrində, aldığı tibbi xidmətlərin dəyəri 500 manatdan artıq olduqda, aldığı mebel və məişət texnikalarının dəyəri 10 min manatdan artıqdırsa, mağazalardan,ticarət obyektlərindən aldığı malları dəyəri 2 min manatdan artıqdırsa, belə olan təqdirdə həmin ödənişləri mütləq nağdsız qaydada həyata keçirməlidir. O cümlədən ticarət təşkilatlarından alınan avtomobillərin ödənişi də (ödəniş miqdarından asılı olmayaraq) nağdsız qaydada aparılmalıdır.