Baki Slavyan Universiteti haqqında.
Baki Slavyan Universiteti haqqında.
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisəsi.
Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, Ukrayna, Yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır.
Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır.
Bakı Slavyan Universitetinin Rusiya Federasiyası, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Almaniya, Bolqarıstan, Böyük Britaniya, Fransa, Slovakiya, Serbiya, Belarusiya, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və bir çox digər Şərqi və Mərkəzi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır.
Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, , Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür.BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M.F.Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu.
1952-ci ildə M.F.Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi.Bu rəsmi sənədə əsasən, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
1972-ci ildə Azərbaycan SSR rəhbəri H.Əliyevin təşəbbüsü və respublika Nazirlər Sovetinin 2 noyabr 1972-ci il tarixli 362 saylı qərarı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu yaradıldı. 2000-ci ilə kimi iki ixtisas — Azərbaycan və rus dilli orta məktəblər üçün rus dili və ədəbiyyatı müəllimləri, 1996-cı ildən isə azsaylı qruplar şəklində tərcüməçi, çex, polyak və bolqar dilləri üzrə mütəxəssislər hazırlanmağa başlanıldı.1994-cü ildə beynəlxalq standartlara uyğun olaraq, institut bakalavr hazırlığı üzrə dördillik tədris planına keçdi, 1997-ci ildən isə magistratura pilləsində kadr hazırlığına başladı.
Hazırladı Bakı Slavyan Universitetinin 4 kurs tələbəsi Sadıqzadə Muhamməd.