Müəllim qıtlığı necə həll edildi?




Müəllim qıtlığı necə həll edildi?
 
Tağıyevin yorulmaz səyləri nəticəsində məktəbin  normal  fəaliyyətinin  təmin  edilməsi məqsədilə aktual sayılan müəllim  qıtlığı  məsələsini  qismən  də  olsa  həll  etmək mümkün  olmuşdur. H.Z.Tağıyev türk  dili  müəllimi  çatışmadığı  haqqında  qəzet  vasitəsi  ilə  müsəlman  müəllimələrə  müraciət  etmiş  və   bu  çağırışa  səslənən  Hənifə  xanım  Məlikova, Rəhilə  xanım  Terequlova, Məryəm  xanım  Culikeviç  Bakıya  gəlmişlər. H. Z. Tağıyevin  maarifçilik  fəaliyyətinin  şanlı  səhifəsi  kimi  milli təhsil tariximizə daxil olan qız məktəbində  təhsil əvvəl dördillik idi, 2 ildən sonra beşillik, daha sonra isə  altıillik oldu. H.Z. Tağıyev, Bakıda  müsəlman qızlar  üçün  açdığı  məktəbin  nəzdində  ikiillik  pedaqoji  kursların  açılmasına  da  nail  olmuşdur. Belə  ki, 1913-cü  il  fevralın  5-də  H.Z.Tağıyev Bakı  quberniyası  və  Dağıstan  vilayəti   xalq  məktəbləri  direktoruna  ərizə  ilə  müraciət etmişdir. Həmin  müraciətdə  qeyd  edilirdi: ” Mən, Romanovlar  səltənətinin  300  illiyi  kimi  qarşıdan  gələn fərəhli  hadisəni  rus  müsəlmanlarının  öz  yurddaşları  ilə   yaxınlaşdırılmasına  xidmət edə biləcək  bir işlə  qeyd  etmək istəyirəm. Düşünürəm  ki, bu  işə  yaxşı  bir töhfə kimi  Bakı Aleksandriyski  qadın  rus-müsəlman  məktəbinin  nəzdində ikiillik  pedaqoji  kursların  açılması ola  bilər. Bu  məqsədlə  mən yüz  min  rubl  ayırıram  və  xahiş  edirəm  ki, hazırlanmış  nizamnamə  əsasında  İmperatritsa  Aleksandra  Fyodorovnanın  adını  daşıyacaq  ikiillik   kursların  açılmasına  icazə  verilsin”.
 Aleksandriski  qadın  rus-müsəlman  məktəbinin  qəyyumluq  şurasının  sədri  H. Z. Tağıyevə  1915-ci  il  aprelin  4-də  göndərilmiş 1201№li  məktubda  bildirilirdi  ki, Qafqaz  tədris  dairəsi  Popeçitelinn  10 aprel  1913-cü  il  tarixli, 8457№-li təklifi  ilə  müsəlman  qızlar  üçün  Aleksandriyski  məktəbinin  nəzdində  ikiillik kursların  açılmasına  icazə  vermişdir. Beləliklə, ibtidai  məktəbdə  müəllimələrin  hazırlanması  üçün  nəzərdə  tutulan  kurslar  açıldı.
Qeyd  edək ki, Azərbaycanda  milli ziyalı  qadın təbəqəsinin  yaranmasında, maarifçilik tariximizdə dünyəvi  qadın  təhsilinin inkişafında, Azərbaycan qadınının dünyəvi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin  əhəmiyyətli  xidmətləri  olmuşdur. Bu məktəbi  bitirən onlarla azərbaycanlı qızlar sonrakı  dövrlərdə, xüsusilə  müstəqillik  illərində  millətimizin  mədəni  tərəqqisində, Azərbaycan  Xalq Cümhuriyyətinin təhsil  siyasətinin  həyata  keçirilməsində  yaxından  iştirak  etdilər.
 Keçmiş  Rusiya  İmperiyasında  müsəlman  qızlar  üçün  ilk  dəfə  olaraq  H.Z.Tağıyev  tərəfindən  Bakıda  açılmış   məktəbin  fəaliyyəti  daşnak-bolşevik  dəstələri  tərəfindən  1918-ci  ilin  martında  azərbaycanlılara  qarşı  törədilmiş  Bakı  qırğını  zamanı  dayandırılmışdır. Cümhuriyyət dövründə də bu  məktəbi bərpa etmək mümkün olmadı. Lakin bütün  bunlara  baxmayaraq,  danılmaz  bir  faktdır  ki, ötən əsrin əvvəllərində yetişən ziyalı  Azərbaycan qadınlarının böyük əksəriyyətini bu məktəbin  pedaqoqları  və  məzunları təşkil  etmişdir.
 Dövrünün  tanınmış  iri  sənayeçisi, məşhur  xeyriyyəçi-mesenat  H.Z. Tağıyevin ölkəmizdə  qadınların  təhsilə  cəlb  edilməsi, qadınlar  arasında  savadsızlığın və  geriliyin  aradan  qaldırılması  sahəsində gördüyü son dərəcə əhəmiyyətli işlər xalqımız tərəfindən heç vaxt unudulmur, daim böyük hörmət və ehtiramla yad edilir.
 
Rafiq Səfərov, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin baş məsləhətçisi

Oxunub: 219
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az