
Mənə yüz il ömür arzulamayın,
Payız yarpağıtək qovmasın külək,
Gözlərim, görsə də, ayağım-əlim
Əsalıq olanda dayansın ürək,
Mənə - "Yüz il yaşa" deməsin dostlar,
Gülüşüm, yerişim, səsim itməsin,
Mənnən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb getməsin.
Mənə yüz il ömür arzulamayın;
Bu qədər yaşayan hansı çiçəkdir?!
Sən yaşda qalmırsa taytuşun-tayın;
Qurdla qiyamətə qalmaq deməkdir,
Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim,
Qapı-pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim,
Taleyim sevgiylə baxsın üzümə;
Görsün yad payına şərik deyiləm?
Gərək olmayanda özüm-özümə,
Deməli, heç kəsə gərək deyiləm!
Mənə yüz il ömür arzulamayın,
Ləyaqət, təmiz ad atıb-getməsin,
Dünyaya qalacaq malı dünyanın,
Karvanım lənətə batıb-getməsin!
Mənə yüz il ömür arzulamayın...