Uşaqları necə tərbiyə etməliyik?




Ölkəmizdə valideynlərlə oğul-qız arasında müəyyən sərhəd hər zaman olub və indi də var. Bunun nəticəsidir ki, valideynlər övladlarının, övladlar isə valideynlərinin onları anlamamasından şikayət edirlər. Nə qədər ki, onlar arasında səmimiyyət, dostluq yoxdur, problemlər qaçılmazdır. Valideynlə dost olmayan övlad xarici mühitə can atır, ailədən uzaqlaşır. Ev onun üçün yalnız yemək, yatmaq, pul götürmək yeri olur.
Bizdə adətən atalar uşaqların tərbiyəsinə birbaşa qarışmır, bütün məsuliyyət isə anaların üzərinə düşür. Ancaq tək ananın tərbiyəsi yetərli deyil. Hər bir valideyn övladları arasında fərq qoymadan onların tərbiyəsi ilə məşğul olmalı, onlara sevgi ilə yanaşmalıdır. Təəssüflə qeyd etməliyəm ki, bu gün həqiqətən də ayrı-ayrı ailələrdə valideynlərin öz övladlarına müxtəlif ağır cəzalar verməsi, aqressiv, zorakı davranışlar göstərməsi hallarına tez-tez təsadüf edirik. Amma heç bir psixoloq döyməklə, söyməklə, ağır cəzalar verməklə hansısa bir uşağın yaxşı tərbiyə olunduğunu deyə bilməz. Ailədə uşağın şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar yaradır. Valideyn övladını kəşf edib öyrənmək əvəzinə, onun hər hansı adi hərəkətlərinə, davranışlarına dözə bilməyib onu təhqir edirsə, döyürsə, bu, körpənin aqressiv böyüməsinə və onda müəyyən psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür, onların cəmiyyətə inteqrasiyasında problemlər yaranır. Belə uşaqlar sağlam ruhda böyümür, gələcəkdə özlərini bir şəxsiyyət kimi görmürlər. Nəticədə, onlar cəmiyyətdə, ailədə rahat ünsiyyət qura, sağlam düşünə bilmirlər, yaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər.Tərbiyənin ən yaxşı yolu valideynin öz münasibətini mimikası ilə ifadə edə bilməsidir. Yəni övlad atasının və ya anasının üzünün ifadəsindən anlamalıdır ki, valideyni onun hansısa hərəkətindən narazı qalıb. Digər uğurlu yol isə uşağın öz valideynlərinin səs  tonunu tanımasıdır. Onlara qışqırmaqla yox, səs tonunu bir az yüksəltməklə hərəkətinin səhv olduğunu bildirmək lazımdır.
Uşağı döyərək tərbiyə etmək mümkün deyil. Döyülmək onda anaya, ataya qarşı nifrət yaradır. Yəni o, döyüldüyü üçün özünü günahkar saymır, əksinə, onu döyənə qarşı içində kin bəsləyir.( Ü. Fərzəliyeva)
Hazırladı Nigar Dəmirova.

Oxunub: 278
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az