Oğlunun çox maraqlı xatirəsi var.





Ayna Sultanova (1895-1938) oğlunun adını Leninin şərəfinə Vladlen qoymuşdu. Oğlunun çox maraqlı xatirəsi var. Deyir, atam, anam və dayım həbs ediləndən sonra nənəmi kənddən tutub Bayıl həbsxanasına salmışdılar. Nənəm yaşlı, savadsız qadın idi. Bir gün istintaqdan ağlaya-ağlaya qayıdırmış. Kameralardakı qadınlardan soruşur: 
 - Ay bala, bu trusiki nə olan şeydir? Məni ona görə bədnam edirlər.  Qadınlar əvvəlcə bu sözə gülüblər. Sonra kimsə dillənib:  
 - Ay nənə, bəlkə Trotski sözü deyiblər? 
 - Hə elədir, olsun siz deyən. Məni tənbeh edirlər ki, sən uşaqlarını trusiki kimi böyütmüsən.  Qoca nənə heç nədən xəbərsiz Qazaxıstanın Qızıl Orda vilayətinə sürgün edildi. Gəlməyinə bir il qalmış 1947-ci ildə xəstələnib öldü. 
Ayna Sultanova, əri Həmid Sultanov və qardaşı Qəzənfər Musabəyov 27 aprel 1920-ci il işğalından sonra müsavatçıların başına eyni oyunları gətirmişdilər. Həmid Sultanov daxili işlər naziri kimi Gəncə üsyanının yatırılmasına başçılıq edib. Ailəlikcə anti-Müsavat və anti-Cümhuriyyət əhval-ruhiyyəsində olublar. Şaumyana, Kirova, Mikoyana, Orconikidzeyə sadiq olublar.
 A.Sultanova öldürüldüyü zaman elə düşünürmüş ki, Moskvanın bunlardan xəbəri yoxdur. Öldüyü zaman bağırarq deyib:
- Mən ölürəm! Ancaq Stalin uğrunda!
Ayna Sultanova Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, yəni naziri, "Şərq Qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri olmuşdur. 
Sovet rejiminin böyük dövlət xadiminə çevirdiyi bu bolşevik qadın Cümhuriyyətin devrilməsi üçün Nəriman Nərimanovla, qardaşı Qəzənfər Musabəyovla, əri Həmid Sultanovla əllərindən gələni etmiş, xalqı Cümhuriyyəti devirməyə çağırmış, çevrilişə dəstək vermək çağırışlarına imza atmışdılar. 
Ayna Sultanovanın üzünə məhkəmədə əri, daxili işlər naziri Həmid Sultanov və qardaşı görkəmli dövlət xadimi Qəzənfər Musabəyov durmuşdur. Yəqin ki bu üzədurma dəhşətli işkəncələrin nəticəsi idi. 
Xəyyam Ağa

Oxunub: 213
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az