18 may 2023-cü il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyinin təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycanın xalq şairi, bədii–ictimai fikir tarixində yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 161–ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblər və tələbələr arasında bədii qiraət müsabiqəsinin yekunu keçirildi.
Öncə dahi Mirzə Ələkbər Sabirin məzarı ziyarət edildi. Şairin məzarı üzərinə tər çiçəklər qoyuldu və yaradıcılığı haqqında çıxışlar edildi.
Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi, müsabiqənin təşkilatçısı Rəqsanə Xəlilzadə tədbirdə giriş sözü ilə çıxış edərək, Muzeylər günündə keçirilən yekun qiraət müsabiqəsində öncə Azərbaycan muzeylərində çalışan muzey işçilərini peşə bayramı münasibətilə təbrik etdi. Keçirilən müsabiqəni xalqımızın milli-mənəvi dəyərlərinə, Mirzə Ələkbər Sabir irsinə, Sabir yaradıcılığına ən böyük qiymət kimi dəyərləndirdi və Mirzə Ələkbər Sabirə ümumxalq sevgisindən, Azərbaycan xalqının, xüsusən Mirzə Ələkbər Sabirin həmvətənlərinin onun şeirlərini sevə-sevə oxuyub və əzbər bilməsini çıxışında vurğuladı. Qeyd etdi ki, bu il Mirzə Ələkbər Sabirin vəfatından 112 il keçir və Şairin irsinin bu illərdə keçdiyi yola nəzər saldıqda aydın bir həqiqətin şahidi oluruq. İllər Sabiri bizə daha da yaxınlaşdırır, şairin ölməz satiralarının idrak qüvvəsini artırıb onu daha da müasirləşdirir. Buna görə bir-birini əvəz edən nəsillər Sabirə öz müasirləri kimi baxır, əsərlərindən yeni məna əxz edərək necə yaşamağı, ondan öyrənir və öyrənəcəklər.
Tədbirdə iştirak edən, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, ADPU və BDU baş müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev, ADPU- nun Şamaxı filialının kafedra müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, baş müəllim, Sabir yaradıcılığının tədqiqatçısı Eyvaz Eminaliyev, cıxış etdilər. Münsiflər heyəti qismində iştirak edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lamiyə Rəhimova, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Xəlilli, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı sektoru üzrə əməkdaşı Nişanə Eyubovanın adından ümumi çıxış edən Şərəf- Şöhrət ordenli, Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, professor İlham Namiq Kamal vurğuladı ki, müsabiqənin təşkilində əsas məqsəd Mirzə Ələkbər Sabir yaradıcılığının təbliği, gənc nəslin şairin ədəbi irsi ilə yaxından tanışlığı, bədii qiraət üzrə istedadlı şagirdləri üzə çıxarmaqdır.
Keçirilən yekun bədii qiraət müsabiqəsində qalib olan şagirdlər muzeyin direktoru Rəqsanə Xəlilzadə tərəfindən fəxri fərman, təşəkkürnamə, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Yekunda muzeyin direktoru “18 May Beynəlxalq Muzeylər Günü” münasibətilə, Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyinin kollektivini “Muzey sahəsində səmərəli fəaliyyətlərinə görə” Fəxri fərmanla təltif etdi və tədbirdə iştirak edən Şamaxı rayon ziyalılarına, təhsil, mədəniyyət işçilərinə və Sabirsevərlərə iştirak etdikləri üçün təşəkkürünü bildirdi.
Oxunub: 180