Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, əməkdar incəsənət xadimi, rejissor Mirbala Səlimlinin ad günüdür.
M.Səlimli Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsində (1985), B.Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu fakültəsində (1995), Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kino rejissorluğu fakültəsində (2001, Aleksey German, S.Karmalitanın emalatxanası) təhsil alıb.
Avanti proqramı (2003-2004, İsveçrə) çərçivəsində rejissor Ksiştof Zanussi (Polşa) və kinodramaturq D.Benkedən (Almaniya), İFA-SC proqramı (2006-2007, İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri alıb.
1985-2007-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor, rejissor və baş rejissor vəzifələrində çalışıb, 20-dən çox tamaşaya quruluş verib.
Rusiya istehsalı olan “Xüsusi müqavimət təcrübəsi” (2006),
“Moskvanın heykəltəraşlıq salnaməsi” (2006), “Olviya – Xoşbəxtlik misteriyası” (2010) sənədli filmlərində rejissor və operator, “Allah olmaq çətindir” (2013, rejissor Aleksey German) filmində təcrübəçi rejissor kimi çalışıb.
Fərqli mövzularda film çəkilişlərinə qatılan rejissor eyni zamanda “Etimad telefonu” (2001, tammetrajlı bədii film) – ikinci rejissor, montaj rejissoru, “Odla qol-boyun"(2002, rejissor), “Müstəqillik yollarında” (2004-2005, sənədli serial) – yaradıcı heyətin üzvü, “Şəkinin tarixi abidəsi” (2007, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, “Mənim məktəbim” (2008, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, “Şəki – tarixin naxışları” (2008, qısametrajlı sənədli film) – rejissor, “Qırmızı bağ (2015, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi”) ərsəyə gəlməsində başlıca rol oynayıb.
Rejissorun 2016-cı ildə çəkdiyi “Qırmızı bağ” filmi "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" üzrə Nika mükafatına namizəd olub.
Eyni zamanda film altı mükafat alıb. 15-ci Dəkkə Beynəlxalq Kinofestivalında “ən yaxşı film” nominasiyası üzrə qalib olub. Onlarla ölkədə göstərilib.
M.Səlimli film haqqında deyir ki, “Qırmızı bağ” şəxsən onun üçün səyahətin filmidir: “Mənim üçün əsas olan bu idi ki, insan beyninə girmiş arxaik bir ideya ilə yaşayır, reallığı görmür…Bəzən qulaq asır – eşitmir, baxır – görmür. Ancaq içinə səyahət edib başı əlhəq daşına dəyib, sağ qala bilirsə müdrikləşir. Bu mənim üçün bir günün, bir ayın, bir ilin filmi deyil. Bu mənim ömrümün filmidir”.
Quruluş verdiyi filmlərdə fəlsəfi düşüncəyə böyük önəm verən, tamaşaçı auditoriyasını düşündürməyi bacaran Mirbala Səlimlini doğulduğu bu gözəl gün münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Azərbaycan Kinematoqrafçılar İttifaqı
Oxunub: 311