Babayev Müşviq Adil oğlu haqqında.



Babayev Müşviq Adil oğlu haqqında.
Babayev Müşviq Adil oğlu 1971-ci ildə Şamaxı rayonunda anadan olub. O, Şamaxı şəhər 6 saylı orta məktəbində təhsil alıb. Orta məktəb illərindən etibarən idmanla, xüsusilə ağır atletika ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Xaraktercə güclü, prinsipial və iradəli biri kimi həm müəllimlərinin, həm də idmançı dostlarının rəğbətini qazanıb.
Qısa zamanda uğurları ilə seçilən Müşviq Babayev rayon və respublika yarışlarında birinciliklər qazanıb, keçmiş SSRİ-nin müxtəlif bölgələrində keçirilən turnirlərdə də qalib adını əldə edib. Göstərdiyi yüksək nəticələrə görə ona SSRİ idman ustası adı verilib. Daha sonrakı illərdə dəfələrlə Azərbaycan çempionatlarında iştirak edərək qələbə qazanıb.
Müəllimlərimizdən biri olub. Vətənin ağır günlərində Müşviq Babayev bir idmançı kimi deyil, bir vətənpərvər döyüşçü kimi ön cəbhəyə yollanıb. Birinci Qarabağ müharibəsində “OMON” qrupunun komandiri kimi xidmət edib. Şəxsi igidliyi və mərdliyi ilə seçilən Müşviq, bir çox uğurlu döyüş əməliyyatlarında iştirak edib.
O, 1992-ci ildə Cıldıran yüksəkliyində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəxsi hərbi əşyaları bu gün Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Şəhidin məzarı Şamaxı Şəhidlər Xiyabanında yerləşir.
Müşviq Babayevin Saleh adlı oğlu var. Saleh atasını qürurla belə xatırlayır:
- Mənim atam şəhid olub. Bundan uca ad ola bilməz. Bu torpaq üçün atam canından keçib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Şamaxının qəhrəman övladı Müşviq Babayev həm idmanda, həm də döyüş meydanında göstərdiyi igidliklə əsil Azərbaycan oğlunun simvoluna çevrilib.

Alxas Məmmədov.

Oxunub: 64
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az