İş yoldaşım, böyük hörmət elədiyim Kamal müəllim bir gün dostlarıyla kəndə qonaq getməli olur. Evdən çıxanda yoldaşı deyir ki;
- Ay Kamal, beş gələndə bir az pendir. al ha..
Nə isə, Kemal müəllim dostlarıyla gedir, yeyib-içirlər, kef eləyirlər. Geri qayıdanda kəndin içiylə keçirlər, bir dükkan görürlər. Girib soruşur ki;
- Bala, sizdə pendir var ?
Dükandakı deyir ki;
— Hə əmi var, özü də kobra pendiri !
Kamal müəllim bir az duruxur və hirsli deyir:
- Ay bala, nə kobra ? Pendirin də “kobra” adı olar ?
O da gülə-gülə cavab verir ki;
- Ay əmi, keçimizin adı Kobradı da !
------------------------------------------------------------------------------------------------------------
Mərdi qovma, çata bilməzsən.
Mərdi qovmaq, el arasında məşhur idmandı, amma az adam finala çıxır. Çünki mərd qaçmaz, sadəcə yerini dəyişir, o da sənin kimi yuxarıdan tapşırıqla yox, vicdanla hərəkət edir. Mərdi qovmaq istəyənlər çoxdur,  biri kreslo dalınca, biri şəkildə qabaqda çıxmaq eşqiylə, biri də mən də varam havasıyla. Amma mərd qaçmır, sadəcə belə adamlara yer saxlayır, özü kənarda dayanıb baxır ki, bu hara, mərdlik hara.
Mərdi qovanlar hər zaman yorulur, çünki onların ayaqqabısında rahatlıq deyil, yalan var. Mərdin ayaqqabısı köhnədi, amma təmizdi. Onun paltarı bəlkə ütüsüzdü, amma alnı ütülüdü.
Axırda mərdi qovan özü yıxılır, sonra da deyir ki;
- Mənim bəxtim gətirmədi.
Yox, qardaş, sənin bəxtin yox, niyyətin gətirmədi.
Mərdi qovma, çata bilməzsən, çünki mərdlik qaçmaqla yox, dayanmaqla ölçülür.
---------------------------------------------------------------------------------------------------------
Qoyunlar və insanlar, görəsən fərq hardadır ki ?
Deyirlər, insan ağlının sayəsində bütün canlılardan üstündür. Amma bəzən baxırsan, bu üstünlük  elə də çox hiss olunmur. Məsələn, gəlin bir az sürüyə baxaq,  bəli, adi qoyun sürüsünə.
Canavar  bir qoyuna hücum edəndə, sürüdəki digər qoyunlar nə edir,əlbəttə, qəhrəmanlıq göstərmir, birlikdə güclüyük demir, sadəcə bir az kənara çəkilib, mələyi, tamaşa edirlər. Təhlükəsiz məsafədən baxırlar ki, birdən dişə gəlməsinlər. Sonra sakitcə nəfəs alıb sevinirlər ki, yaxşı ki, bu dəfə mən deyildim.
Tanış səhnədir, elə deyilmi ?
İş yerində kimisə, nahaq yerə  danlayanda, hamı susur, mənə dəyməsinlər prinsipi işə düşür. Məhlədə birini incidəndə, qonşular pəncərədən boylanır, ay yazıq, amma yaxşı ki, bizlik deyil. Sosial şəbəkələrdə birini haqsız yerə pis komment yazırlar, heç kim cavab yazmır.  Hamı seyr edir,  bəziləri hətta laykda qoyur.
Əslində, bəzi laqeyid insanların, qoyunlarla arasında böyük fərq yoxdur. Sadəcə, onların başında yun var, bizimkilərdə saç. Onlar mələyi, biz məni maraqlandırmır deyib, mələdirik. Onların qorxduğu canavardır, bunların  qorxduğu özləridir.
Qoyunlar heç olmasa, bir-birini satmır. Bunlar isə....
Bəli, hər şey insanlar kimidir. Sadəcə fərq ondadır ki, qoyunlar heç vaxt özlərini ağıllı varlıq adlandırmır, bunlar kimi.
Alxas Məmmədov.
 
 
Oxunub: 69
 
 
Youtube Kanalımız 
	
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az