Vətən Müharibəsinin Qəhrəmanı Elyarın obrazı məni roman yazmağa sövq etdi- yazıçı Mafilə Müntəzir ilə müsahibə.





Vətən Müharibəsinin Qəhrəmanı Elyarın obrazı məni roman yazmağa sövq etdi- yazıçı Mafilə Müntəzir ilə müsahibə.
44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Vətən oğlu, Xüsusi Təyinatlı Qüvvələrin giziri Elyar Vəliyevin xatirəsinə ithaf olunmuş roman oxucular arasında böyük maraqla qarşılanıb. Əsərin müəllifi, yazıçı Mafilə Müntəzir ilə bu dəyərli əsərin yaranma tarixindən danışdıq.
- Elyar haqqında kitab yazmaq ideyası necə yarandı?
- Əslində mən 44 günlük Vətən Müharibəsindən bəhs edən, “Parol: 010 (Sıfır-Bir-Sıfır)” seriyasından olan “Top səsi ilə açılan səhər” adlı roman üzərində işləyirdim. Yeni obraz axtarışım məni Qobustan rayonunun Sədəfli kəndinə, şəhid Elyar Vəliyevin doğulub boya-başa çatdığı və bu gün də əbədi uyuduğu yurda gətirdi.
Şəhidimizin valideynləri ilə səmimi söhbətimiz, ev muzeyinə çevrilmiş otaqda izlədiyim video-görüntülər, onun döyüş yoluna dair səslənən xatirələr məndə dərin təəssürat yaratdı. Evə döndükdən sonra araşdırmalarımı davam etdirdim. Hər dəfə Elyar haqqında yeni məlumat və videolarla tanış olduqca onun qəhrəmanlığına heyran qalırdım.
Bu hisslərin təsiri altında anladım ki, bu igid Vətən oğluna ayrıca bir roman ithaf etmədən keçə bilmərəm. Dərhal şəhidimizin atası Hacı Arif bəyə zəng edərək, Elyar Vəliyev haqqında müstəqil bir əsər yazacağımı bildirdim.
- Kitabın ərsəyə gəlməsi zamanı hansı çətinliklərlə üzləşdiniz ?
- Əsəri yazarkən ən böyük çətinlik döyüşlərin və hadisələrin xronoloji ardıcıllıqla təsvir olunması idi. Döyüşlərin tarixini, əraziləri və gedişatını dəqiqləşdirməkdə şəhidimizin döyüş yoldaşları,  Səxavət Salmanov, Seyidbala Əliyev və Rüstəm Məhsimov böyük köməklik göstərdilər.
Xüsusilə Rüstəm Məhsimovun adını qeyd etməliyəm. O, Elyarın şəhadətə ucaldığı günə qədər onunla çiyin-çiyinə döyüşüb. Romanın bir çox səhnələri məhz onun xatirələri əsasında qələmə alınıb.
Səxavət Salmanov Aprel döyüşləri qazisidir. Döyüş zamanı yaralanarkən məhz Elyarın göstərdiyi düzgün tibbi yardım sayəsində həyatını xilas edib. Müharibə zamanı da ordunun təminat işlərində fəal iştirak edib. Seyidbala Əliyev isə müharibənin ilk günlərində ağır yaralansa da, Elyarın fədakarlığı sayəsində ölümün pəncəsindən xilas olub.
Əlavə olaraq, hərbi mütəxəssis Cəbrayıl Qənbərov və hərbi şərhçi Ülvi Qədir döyüş səhnələrinin reallığa uyğun qurulmasında və hərbi terminlərin düzgün istifadəsində mənə yaxından dəstək oldular.
Kitabın formalaşmasında şəhidimizin ailəsinin, yaxınlarının və onu tanıyan insanların söylədikləri xatirələr də mühüm rol oynadı.
Sonda onu da qeyd etmək istəyirəm ki, əsəri qısa müddətdə təmənnasız şəkildə redaktə edən “INFONEWS” informasiya agentliyinin icraçı direktoru Arzu Məmmədovaya xüsusi təşəkkürümü bildirirəm.
- Elyarın ailəsi kitabın hazırlanmasında sizə hansı dəstəyi göstərdi ?
- Şəhidimizin ailəsi bu təşəbbüsü böyük minnətdarlıqla qarşıladı. Atası Hacı Arif bəy həm Elyarın uşaqlıq illəri, həm də döyüş yolu barədə bildiyi bütün məlumatları mənimlə bölüşdü, eyni zamanda onun döyüş yoldaşları ilə əlaqə qurmağım üçün mənə yardım etdi.
Beləcə, topladığım fakt və xatirələr əsasında roman üzərində iki ilə yaxın çalışdım. Əsər iki dəfə nəşr olunub: birinci nəşr 2024-cü ilin oktyabrında müəllifin şəxsi vəsaiti hesabına işıq üzü görüb və şəhidin ailəsinə hədiyyə olunub.
İkinci nəşr isə şəhidimizin atası Hacı Arif bəy tərəfindən maliyyələşdirilib. Bu dəfə kitab şəhid və qazi ailələrinə, kitabxanalara və geniş oxucu kütləsinə təmənnasız şəkildə təqdim olunub.
- Kitabın texniki redaktəsi və dizaynı kimlər tərəfindən icra olunub?
- Romanın texniki redaktəsi, dizaynı və nəşr prosesi “Elm və təhsil” nəşriyyatı tərəfindən həyata keçirilib. Əməkdaşlıq çox səmərəli və peşəkar səviyyədə oldu. Onların da bu layihədə payı az deyil.
- Sonda oxuculara nə demək istərdiniz?
- Bu kitab təkcə Elyar Vəliyevin deyil, bütün şəhidlərimizin ruhuna ehtiram nişanəsidir. Onlar canları ilə Vətənə azadlıq bəxş etdilər. Bizim borcumuz isə onların adını yaşatmaqdır.
Alxas Məmmədov.

Oxunub: 90
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az