Şamaxı Rayon Mərkəzi Xəstəxanasında İPİN həftəsi çərçivəsində maarifləndirici təlim keçirilib.
Hər il oktyabr ayının üçüncü həftəsi beynəlxalq təcrübədə İnfeksiyaların Profilaktikası və İnfeksion Nəzarət (İPİN) həftəsi olaraq qeyd olunur. Bu həftənin keçirilməsində əsas məqsəd tibb müəssisələrində və cəmiyyətdə infeksiyaların qarşısının alınması, profilaktik tədbirlərin düzgün tətbiqi və infeksion nəzarətin gücləndirilməsi istiqamətində məlumatlılığın artırılması, həmçinin pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsidir.
Bu məqsədlə 2025-ci ilin 19–25 oktyabr tarixlərinə təsadüf edən İPİN həftəsi çərçivəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında maarifləndirici tədbirlər planına uyğun olaraq təlim təşkil olunub. Bu gün xəstəxananın tibb personalı üçün “Əl gigiyenası” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri, infeksionist Mərdan Əliyev çıxış edərək əl gigiyenasının infeksiyaların ötürülməsinin qarşısının alınmasında əsas və ən təsirli tədbirlərdən biri olduğunu bildirib. O, tədbirin məqsədi barədə məlumat verərək tibb müəssisələrində gigiyenik davranış qaydalarına əməl edilməsinin pasiyent və tibb işçilərinin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Təlimdə əl gigiyenasının düzgün aparılma qaydaları, dezinfeksiya vasitələrinin tətbiqi, qlobal tövsiyələr və xəstəxana daxilində infeksion nəzarətin gücləndirilməsi istiqamətində görüləcək tədbirlər barədə ətraflı məlumat verilib.
 
 
Oxunub: 103
 
 
Youtube Kanalımız 
	
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az