Azərbaycan Taekvando Federasiyasının,  “Ümid" və "Alpman” taekvando klublarının  təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində beynəlxalq açıq taekvando yarışı keçirilib. Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Türkmənistan və digər ölkələrin idmançıları da iştirak ediblər.
Tədbirdə Azərbaycan Taekvando Federasiyasının rəhbərliyi, müxtəlif bölgələrdən olan məşqçilər, idman mütəxəssisləri, eləcə də Federasiyanın Hakimlər Kollegiyasının sədri Gündüz Abdullayev iştirak edib.
Yarışda taekvando üzrə II dan qara kəmər sahibi, milli hakim Xanım Osmanova da fəal iştirak edib. O, yarış ərzində obyektiv qərarları, diqqəti və ədalətli yanaşması ilə həmkarlarının və idmançıların rəğbətini qazanıb.
Müsahibəsində Xanım Osmanova bildirib ki, taekvando yalnız idman deyil, həm də mədəniyyət və tərbiyə məktəbidir:
- Bu yarışda biz məşqçilərin və idmançıların böyük mədəniyyətini, qaydalara hörmətini gördük. Hakimlərə qarşı olan tələblər düzgün şəkildə yerinə yetirildi. Bu o deməkdir ki, məşqçilər öz idmançılarının gücünə, hazırlığına və davranışına böyük diqqət yetirirlər.
Xanım Osmanova həmçinin vurğulayıb ki, yarışların bu səviyyədə keçirilməsi federasiya rəhbərliyinin düzgün siyasətinin nəticəsidir;
- Azərbaycan Taekvando Federasiyasının rəhbərliyinin tapşırıqları yarışda nizam-intizamın və obyektivliyin qorunmasında mühüm rol oynadı. Bu, həm idmançıların, həm də hakimlərin məsuliyyətini artırır.
Sonda Xanım Osmanova qeyd edib ki, bu cür beynəlxalq yarışlar Azərbaycanın idman nüfuzuna və taekvando məktəbinin tanıdılmasına böyük töhfə verir:
- Bu yarışda iştirak edən bütün ölkələrin nümayəndələri yüksək təşkilatçılıqdan razı qaldılar. Bizim məqsədimiz taekvandonu həm idman, həm də mənəvi dəyərlər baxımından daha da inkişaf etdirməkdir.
Yarışın sonunda təşkilatşəlar tərəfindən Xanım Osmanovanın ədalətli və səmərəli fəaliyyətinə görə təşəkkürnamə təqdim olunub.