"Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi "Küçələrə su səpmişəm" filmidir, çəkilişindən 20 il keçir.
2004-cü ildə "Azərbaycanfilm" kinostudiyası "Küçələrə su səpmişəm" filmini istehsalata buraxdı.
Yazıçı, dramaturq İsi Məlikzadənin "Küçələrə su səpmişəm" povesti əsasında çəkilən filmə rejissor Nicat Feyzulayev quruluş verib.
Filmin əsas süjet xətti ümumbəşəri mövzu üzərində qurulub. Bilməyərəkdən əlindən xəta çıxan qəhrəmanın əvəzinə əmisi oğlu cinayət məsuliyyətinə cəlb olunur. Filmin müəllifləri tamaşaçılara o fikri çatdırmağa çalışırlar ki, həyat mübarizədir, insan etdiyi bütün günahlara görə cəzasını özü çəkməlidir ki, bir daha bu səhvə yol verməsin.
NİCAT FEYZULLAYEV: "KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM” FİLMİNİN MÖVZUSU ÜMUMBƏŞƏRİ MÖVZUDUR
Filmin ssenarisi çəkilişindən 16 il əvvəl "Azərbaycanfilm" kinostudiyasına təqdim edilib. Ancaq ssenari qəbul edilməyib. O dövrdə kinostudiyanın direktoru Ramiz Fətəliyev idi.
Nicat Feyzullayev deyirdi ki, 16 il bu film uğrunda mübarizə aparıb: “Çox təəssüf ki, o dövrdə mənə və həmkarlarımın əksəriyyətinə qarşı olan təzyiqlər bizləri film çəkilişindən məhrum etmişdi. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyova müraciət edərək ondan dəstək istədim. Ssenarini oxuyan R.İbrahimbəyov ssenarini bəyəndiyini bildirdi və filmin çəkilişi üçün lazım olan şəraiti yaratdı. Bundan başqa isə filmin yaranmasında Mədəniyyət Nazirliyinin, "Azərbaycanfilm" kinostudiyasının hazırkı direktoru Xamis Muradovun böyük rolu oldu".
16 ilin ssenariyə olan təsiri barədə rejssor deyirdi ki, rejissor kimi daima fərqli mövzular üzərində düşünüb: “Demək olmaz ki, 16 il ərzində yalnız "Küçələrə su səpmişəm" filminin mövzusu üzərində düşünmüşəm. "Küçələrə su səpmişəm" filminin mövzusu ümumbəşəri mövzudur. Və ümumbəşəri mövzu olduğu üçün də daima öz aktuallığını saxlayır. Doğrudur, elə hallar olub ki, mübarizə aparmaqdan bezərək filmin ssenarisini bir kənara atmışam və yaxud ümumiyyətlə bu barədə düşünməkdən imtina etmişəm. Ancaq bu, bir müddət çəkib. Bu illər ərzində dövrün, quruluşun dəyişməsi filmin ssenarisinə təsir etməyə bilməzdi. Bundan başqa yaş da öz işini görür. Hər yaşın hər hansı bir mövzuya fərqli münasibəti olur. Mənə elə gəlir ki, bu illər ərzində ssenariyə etdiyim əlavələr yalnız ssenarinin xeyrinə olub".
16 il yol gələn ədəbi ssenaridə rollar aktyorların üzərinə yazılıb. Rejissor hansı aktyoru hansı rolda görübsə, ssenariyə əsasən rolu elə həmin aktyorun üzərində də qurub. Ancaq 16 il ərzində dünyasını dəyişənlər də olub.
Rejissor deyirdi ki, rejissor son sınaq çəkilişlərinə qədər bir rol üçün bir neçə aktyorun namizədliyini irəli sürə bilər: “Doğrusu artıq unutmuşam ki, hansı aktyorları hansı rollarda görürdüm. Ancaq onu lap dəqiqliyi ilə deyə bilərəm ki, filmin çəkilişindən beş il əvvəl artıq baş rollarda Fuad Roladovu, Rasim Balayevi və Mehriban Zəkini görürdüm. Zənnimcə, filmin uğur qazanmasında bu aktyorların böyük rolu oldu".
Filmin çəkildiyi ildə kinostudiyanın direktoru Xamis Muradov idi. Kinostudiyanın nəzdində fəaliyyət göstərən Bədii Şurada isə Xamis Muradov da başda olmaqla, Xəyyam Mirzəzadə, Eldar Quliyev, Mayıs Ağabəyov, Rasim Balayev fəaliyyət göstərirdi. Ədəbi ssenarini müzakirə edən qurumun üzvləri rejissordan baş rollarda hansı aktyorları gördüyü ilə maraqlanırlar.
Rejissorun dediklərindən: "Aktyorların kimliyi ilə maraqlanan daha çox Xəyyam Mirzəzadə oldu. Mən hər üç aktyorun adlarını çəkdim. Etiraf edim ki, bütün qurum üzvləri yekdilliklə adları çəkilən aktyorlara səs verdilər".
Sınaq çəkilişlərində aktyorların obraza uyğun geyim tərzləri, qrimləri müəyyənləşdirilib: Teybə obrazının timsalında ümumiləşdirilmiş azərbaycanlı qadınının obrazını yaratdıq. Ailəsini sevən, məhəbbətini qəlbində gizli saxlayan, həyat yoldaşına sadiq və s. müsbət keyfiyyətlər Teybə obrazında cəmləşdirdik. Bəhmənin gəncliyini oynayan Gənc Tamaşaçılar teatrının aktyoru Elnur Kərimov görünüş baxımından Rasim Balayevin gənclik illərinə bənzəsə də onda da bəzi dəyişikliklər etdik. Elnurun gözləri ala olduğu üçün onun Rasim Balayevə olan oxşarlığı itirdi. Ona görə də belə qərara gəldik ki, çəkiliş vaxtı Elnurun gözlərinə linza qoyaq. Doğrudan da qara rəngdə olan linza Elunurun görünüşü dəyişdirdi". Epizodların birinin çəkilişi zamanı linzalar Elnurun gözlərindən çıxarılıb: "Bu o səhnədir ki, Elnur təhsil aldığı Tibb Universitetindən yay tətilinə buraxılaraq kəndlərinə gəlir. Əmisi oğlu ilə dostunun çayda çimdiyini eşitdiyi üçün birbaşa ora yollanan Bəhmən dostları ilə birgə çayda çimir. Həmin səhnədə linzanı Elnurun gözlərindən çıxartdıq ki, itib-batmasın".
Yeri gəlmişkən, filmin çəkilişləri bir çox yerlərdə-Qəbələnin Savalan kəndində, Bakıda, Sulutərədə, Qubada, kinostudiyanın pavilyonunda lentə alınıb. Epizodlara ayırsaq onda demək olar ki, Xəlilin kənddə olan ata evinin çöl görünüşü Qəbələnin Savalan kəndində, Xəlilin ailəsi ilə birgə yaşadığı evin iç görünüşü pavilyonda, səhraya oxşayan quraqlıq yerlərdə Bəhmənin bilməyərəkdən əlindən tüfəngin açılması və dostunu öldürdüyü səhnə Sulutərədə, ssenariyə əsasən Xəlilin dustaq olduğu yerlər, xüsusilə Sibir çölü səhnəsi isə Qubada lentə alınmışdır.
Rejissor onu da qeyd edirdi ki, ssenaridə aktyorların öz imkanlarını açması üçün kifayət qədər geniş material olub: “Aktyorlarla işləmək heç də çətin olmadı. Əsərin dramaturgiyası zəif deyildi. Burada aktyorun işləməsi üçün kifayət qədər material var idi. Fransız kinorejissoru Rene Klerin çox qəribə bir xüsusiyyəti var ki, hazırda dillər əzbərinə çevrilib. Deməli o, çəkdiyi filmin ssenarisini hazır vəziyyətdə yuxusunda görür, necə deyərlər, yuxuda əməlli-başlı çəkiliş prosesinə hazırlaşır və elə ki, yuxudan oyanır "artıq filmi görmüşəm, indi isə çəkilişə başlaya bilərəm" deyir. Bu baxımdan mən də 16 il ərzində "Küçələrə su sərmişəm" əsərini o dərəcədə çeynəmişdim ki, bircə qalmışdı çəkilişə başlamaq ki, artıq onu da bitirmişik. Filmin təqdimatı uğurlu keçdi. Tənqiddən qorxmasam da, film haqqında mənfi rəy eşitmədim”.
Filmin bəstəkar işi Rauf Əliyevə həvalə edilib. Və təsadüfi deyil ki, filmin rejissoru ilə bəstəkarı eyni vaxtda musiqi məktəbində təhsil alıblar.
Rejissor deyirdi ki, 50-ci illərin axırlarında Rafiqlə birgə eyni vaxtda 12 saylı musiqi məktəbində oxumuşuq. Rafiq tarda, mən isə skrirka bölməsində təhsil alırdım. Bu baxımdan iş prosesində Rafiqlə bir-birimizi başa düşürdük. Bunun nəticəsidir ki, Rafiqin yazdığı musiqi filmdəki hadisələrlə üst-üstə düşürdü".
KƏNAN MƏMMƏDOV: TEATRDAN FƏRQLİ OLARAQ KİNO ALƏMİNDƏ ŞƏRTİLİYƏ DAHA AZ YER VERİLİR
Filmin operatoru Kənan Məmmədov ssenarinin uzun illərə başa gəlməsinin şahidi olub.
Bu baxımdan da filmin çəkilişindən əvvəl ssenariylə yaxından tanış ola bilib.
Qeyd edək ki, filmin rejissor ssenarisinin yazılışında operatorla birgə,
rəssamlar da iştirak edib. Elə ki, rejissor ssenarisi hazır olub, bu zaman onu kinostudiyanın nəzdində fəaliyyət göstərən Bədii Şuranın müzakirəsinə təqdim ediblər.
Kənan Məmmədov da qurumun üzvləri sırasında filmin rejissor ssenarisinin müzakirəsində iştirak edib: “Bədii Şuranın üzvlərindən biri olduğum üçün müzakirəyə qatıldım. Müzakirə vaxtı əsas qəhrəmanların hansı aktyorlar tərəfindən oynanılması məsələsi ortaya çıxmışdı. Belə bir vaxtda Nicat təbii ki, bir rejissor kimi öz seçimi haqqında məlumat verdi. Doğrudur ki, rejissorun seçdiyi qəhrəmanların – Rasim Balayevin
Fuad Roladovun, Mehriban Zəkinin namizədliyi heç də müzakirə olunmadı. Çünki adları çəkilən aktyorlar rollara tam uyğun idi. Hətta mən deyərdim ki, filmin ssenarisi elə bu aktyorların üzərində qurulmuşdu. Ancaq digər aktyorların seçimi əsl müzakirə obyektinə çevrildi".
Qeyd edək ki, sınaq çəkilişləri zamanı əsasən baş rolların gəncliyini yaradacaq aktyorların seçimi zamanı fikir ayrılıqları yaranıb. Qurumun üzvləri sonda belə qərara gəliblər ki, həmin aktyorlar kino üçün yeni simalar olmalıdır.
Və ifası qəbul olunan aktyorlar istər görünüş, istərsə də oyun tərzi baxımından Fuad Roladovla, Rasim Balayevin ifalarını tamamlayıblar.
K.Məmmədov deyir ki, bu mütləq belə olmalı idi: “Çünki ssenaridə iki yaş dövrü-qəhrəmanların gənclik və 20-25 il sonrakı dövrü əsasən diqqət mərkəzində dayanırdı. Kinoda müəyyən şərtilik olur. Ancaq teatrdan fərqli olaraq kino aləmində şərtiliyə daha az yer verilir. Tamaşaçını inandırmaq lazımdır ki, gənclik dövrünü oynayan aktyorla yaşlı dövrü oynayan Rasim Balayev əslində eyni adamlardır. Sadəcə olaraq aradan zaman keçib. Hələ çəkiliş vaxtı əvvəlcədən belə qərara gəldik ki, əsas aktyorlarla onların gənclik illəri üçün seçilən aktyorlar arasında görünüş baxımından bir oxşarlıq olmalıdır, bundan başqa isə xarakter uyğunluğunun olması da vacib idi".
İş prosesi zamanı qəhrəmanlarının gəncliyi ilə qarşılaşan Rasim Balayev və Fuad Roladov təəcübləniblər: "Onları təəccübləndirən oxşarlıqlar idi. Hər ikisi etiraf etdi ki, gənclik illərinin seçimi çox uğurludur".
Maraqlıdır, görəsən, bu görkəmli aktyorlar öz gənclik illərini xatırladan aktyorlara çəkiliş prosesində hər hansı bir kömək göstəriblərmi?
Kənan müəllim deyir ki, filmdə bu aktyorların bir-birləri ilə heç bir əlaqəsi olmadı: “Filmin ilk çəkilişlərini naturadan başladıq. Bildiyiniz kimi, filmdə natura çəkilişlərində əsasən qəhrəmanların gənclik dövrü canlandırılır. Buna görə də öncə gənclik dövrünü çəkdik. Bu gənclərin biri Tibb Universitetində təhsil alır, digəri isə elə öz kəndlərində çalışır. Sonradan isə tələbə gənc artıq məhşur cərrahlar sırasında özünə yer tutmuş, adlı-sanlı, yəqin ki, heç olmasa 45-50 yaşlarında bir şəxsə çevrilmişdir. Ancaq kənddə qalan digər gəncin həyat tərzi, arzularının istiqaməti dəyişmişdir. Doğrudur o da ailə qurub, onun da övladları var, ancaq hər şey başqa cür də ola bilərdi".
FİLMİN NATURA ÇƏKİLİŞLƏRİ TÜRYANÇAY QORUĞUNDA APARILB
Filmin natura çəkilişləri Qəbələ rayonunun yaxınlığında yerləşən Türyançay Dövlət Təbiət Qoruğunda aparılıb.
Operator kimi çəkdiyi bütün filmlərdə Azərbaycanı qarış-qarış gəzən Kənan Məmmədov qeyd edir ki, Naxçıvandan tutmuş Balakən bölgəsinə qədər və yaxud Qazaxdan tutmuş Səlyan bölgəsinə qədər hər yeri gəzmişəm, çəkilişlər aparmışam: “İlk dəfə olaraq "Küçələrə su səpmişəm" filminin çəkilişi zamanı Türyançay qoruğunda olmuşam. Qoruğa yaxın bir yerdə Savalan kəndi yerləşir. Natura çəkilişlərinin seçimi zamanı orada olarkən istər rəssamlar, istərsə mən, istərsə də rejissor yekdiliklə razılıq əldə etdik. Çünki çəkiliş məkanı olan Türyançay qoruğu çox gözəl bir yerdə yerləşirdi, eyni zamanda da çəkiliş üçün əlverişli idi. Bu baxımdan da çəkiliş vaxtı çalışdım ki, natura üçün seçdiyimiz məkanın qeyri-adi gözəlliklərini olduğu kimi çəkə bilim. Buna nə dərəcədə nail olmuşam onu yalnız tamaşaçılar deyə bilər". Filmdə faciəli hadisənin baş verdiyi epizod isə Masazırda lentə alınıb: "Masazırda yerləşən Şor gölünün üstündə (həmin gölə Masazır gölü də deyirlər) həmin səhnəni yaratdıq. Filmi diqqətlə seyr edənlər o an hiss edirlər ki, bu epizoda da müəyyən bir şərtilik var. Belə ki, qəhrəmanlar təpəliklər, dərələr arasında ov həsrəti ilə gəzərkən birdən gəlib düşürlər şoranlığa. Yaşıllıq içində aparılan çəkilişdən birbaşa quru torpağa, şoranlığa keçməyin öz mənası var. Diqqətli tamaşaçı bu mənanı tez tutur. Bu epizodun çəkilişləri çox çətin şəraitdə lentə alınıb. Həmin epizodu iyul ayında 50 dərəcə istidə lentə almışıq. Təsəvvür edin ki, isti hava şəratinidə yaradıcı heyətlə bir araya gətirmək, çəkiliş prosesini hazırlamaq, aktyor heyəti ilə son məşq proseslərini apararaq onları çəkiliş prosesinə hazırlamaq necə çətin idi. Ancaq buna baxmayaraq ümumi işin xeyrinə hər çətinliyə dözürdük".
Haqqında bəhs etdiyimiz epizodun final səhnəsi isə Umbaki qəbristanlığında lentə alınıb: "Orada Sofi Həmid piri var. Qəhrəmanımız elə ki, bilməyərəkdən dostunu güllə ilə vurur, bu zaman camaat tərəfindən təqib olunmağa başlayır. O, isə qaçaraq həmin pirə gəlir və Allaha üz tutaraq günahsız olduğu üçün dua edir, Yaradandan kömək istəyir".
Ssenariyə əsasən ev şəraitində cərəyan edən hadisələr kinostudiyanın pavilyonunda lentə alınıb. Evin həyətində baş verən hadisələrdə, uşaqların oynaması, qəhrəmanımızın həyat yoldaşının paltar asması, eyni zamanda isə qatarın gedişini göstərən məqamlar isə Sulutəpə qəsəbəsində çəkilib: "Sulutəpə qəsəbəsinin sakinləri çəkiliş vaxtı bizə çox köməklik etdilər. Sakinlər öz həyətlərində çəkiliş aparmaq üçün bizə təmənnasız olaraq şərait yaratdılar. Məkan baxımından Sulutəpəni seçməkdə məqsəd o idi ki, oradan mütəmadi olaraq qatarlar keçir. Əgər fikir vermisinizsə, final səhnəsində də yağış damcıları altında evinə dönən Xəlilin iri planda olan görünüşündən sonra qatarın şaqraq gedişatı göstərilir. Bunun da mənası odur ki, hər şey olub keçib, həyat isə davam etməkdədir". Bu səhnədə yağış səhnəsi süni olaraq yaradılıb: “Ümumiyyətlə kinoda yağış səhnəsi süni yaradılır. Bu filmin çəkilişi zamanı da çəkiliş meydançasına yanğınsöndürən maşın gətirtmişdik. Bu həmin epizoddur ki, Xəlil Bəhmənin uşaqlarına verdiyi 200 dolları dəvət olunduğu toya aparıb yazdırır. Toydan qayıdarkən isə o, yağışa düşür. Burada yağışın yağması Xəlilin daxilən əvvəlki kimi yenə də saf qalmasını göstərir". Əslində bu kadrlarda olan bəzi dəyişikliklər məhz operatorla, filmin redaktoru Ramiz Rövşənin təkidi hesabına alınıb: "Xəlilin 200 dolları toya aparıb yazdırması kadrı Ramiz Rövşənlə mənim təkidimin nəticəsində yarandı. Biz istədik ki, bu çirkli pul saf qəlbli Xəlildə qalmasın. Hətta Xəlilin toya 200 dollar yazdırması camaatın təəccübünə səbəb olur. Ancaq əsas məqsəd qəhrəmanımızın saflığına işarə idi. Hətta yağış səhnəsində qatarın gedişi də əvvəlcədən hazırlanmışdı".
FİLMİN SİBİR SƏHNƏSİ QUBADA YARADILDI
Filmin birinci yarısında operator üçün əlverişli şərait olsa da, ikinci yarısında olan çəkilişlər bir o qədər çətin alınıb.
K.Məmmədov qeyd edir ki, natura çəkilişlərindən fərqli olaraq dekorasiya çəkilişləri faktura etibarilə operator üçün heç də əlverişli olmur: “Çünki burada aktyorların daxili gərginliklərini açıb göstərmək məsələsi əsas idi. Ssenaridən irəli gələn xəyanət, satqınlıq kimi keyfiyyətlərin açılması vacibliyi bizi düşündürürdü. Axı insan hər hansı şəraitə düşməsindən asılı olmayaraq öz daxili mənliyini qoruyub saxlamalıdır. Filmin tərbiyəvi əhəmiyyəti o dərəcədə güclü idi ki, tamaşaçı üçün düşündürücü məqamlar, mən deyərdim ki, çoxluq təşkil edirdi. Dekorasiya çəkilişində bütün səhnələr aktyorların ön planları üstündə qurulub. Həmin səhnələrdə hərəkətə geniş yer verərək uzun kadrlar çəkmişəm ki, aktyorların münasibətləri itməsin. Bir sözlə, burada texniki məsələlər var idi ki, o texniki məsələlərin həlli bilavasitə aktyorların oyununa kömək edir".
Ssenariyə əsasən filmdəki epizodlardan biri də-koloniya səhnəsi Sibirdə lentə alınmalı idi: “Koloniya səhnəsi ssenaridə var idi. Əgər film SSRİ dövründə çəkilsəydi doğrudan da həmin səhnəni gedib Sibirdə çəkə bilərdik. Çünki o dövrdə maddi imkanlarımız imkan verirdi ki, hər hansı bir çətin kadrı hər hansı bir yerdə çəkə bilək. Ancaq kinostudiyanın rəhbərliyi "10 dəqiqəlik erizoddan ötrü Sibirə gedəcəksiniz, bəlkə elə həmin səhnəni ixtisar edəsiniz?" deyə qəti etiraz edərək, eyni zamanda da özünəməxsus təkliflərini verdilər. Biz isə öz sözümüzdə israrlı olduq və həmin epizodu yaratmağı qərara aldıq. Əvvəla ona görə ki, bir epizodun filmdən çıxarılması zamanı digər bir epizodun mənası bağlı qalır. Məsələn, necə olur ki, Xəlil həbsxanadan çıxdıqdan sonra ocaqçı olaraq fəaliyyətə başlayır? Məhz həbsxana həyatında bir yerdə azadlıq eşqi ilə yaşayan yoldaşının təklifi ilə Xəlilin gələcək həyatı müəyyənləşir. Əgər həbsxana epizodu çəkilməsəydi, o zaman tamaşaçı üçün Xəlilin məhz ocaqçı işləməsi qaranlıq qala bilərdi. Nəhayət ki, həmin epizodun çəkilişini planlaşdırdıq. Ancaq şam ağaclıqları tapmaq lazım gəlirdi, bundan başqa isə qarlı hava şəraiti canlandırılmalı idi. Çox axtarışdan sonra Quba rayonunda şam meşəlikləri tapdıq. Tərslikdən həmin illərdə qış fəslində qarlı havalara təsadüf etmək mümkün olmurdu. Sanki qara həsrət qalmışdıq. Qubada çox cüzi qar olan ərazi tapdıq ki, o yerin fonunda da həmin qar səhnəsini yaratdıq. Çəkiliş o dərəcədə inandırıcı alınmışdı ki, nəticədə də qarda çəkilən epizodun doğrudan da Sibirdə çəkilməsi fikrini irəli sürürdülər. Doğrusu bu həm gülməli idi, həm də bizim faciəmiz idi ki, istədiyimiz məkanda çəkiliş apara bilmirdik. Gülməli tərəf də o idi ki, vəziyyətdən çıxış yolu taparaq Qubada Sibir səhnəsi yaratmışdıq".
Filmdə diqqət mərkəzində dayanan epizodlardan biri də həbsxana səhnəsində əmi oğlanlarının görüşüdür. Bu o səhnədir ki, Xəlil əmisi oğlunun günahını boynuna götürərək cinayətə cəlb olunub. Belə məqamların birində əmioğlu onun günahı ucbatından həbsxnada yatan Xəlilin görüşünə gəlir. Barmaqlıqlar arasında olan çəkilişdə Xəlilin qınaq dolu baxışları, əmisioğlu ilə əsəbi şəkildə danışması diqqəti cəlb edir. Axı Xəlil könüllü surətdə cinayəti boynuna çəkib, elə isə onda yaranan kin-kidurətin səbəbi nədir? "Sizin fikrinizlə qismən də olsa razıyam. Doğrudan da axı Xəlil könüllü olaraq cəzanı öz üzərinə götürüb. Ancaq gəlin başqa bir məqama da nəzər salaq. Xəlilin atası ona təsir göstərərək tez-tez "bu nə iş idi, yetimin başına gəldi, belə çıxır ki, onun məktəbi yarımçıq qalacaq, camaat bizə nə deyər" kimi təsirli fikirlər Xəlilə təsir etməyə bilməzdi. O, günahı könüllü olaraq boynuna götürür. Ancaq sonrakı proseslərdə onun həyat yolu başdan-ayağa dəyişir. Sevdiyi qız başqası ilə ailə qurur, doğma kəndinə bir daha qayıtmır və s. kimi məqamlar psixoloji nöqteyi-nəzərdən Xəlildə kin-kidurət yaradır. Dramaturgiya baxımından sizin tənqidi fikirlərinizdə həqiqət var, ancaq psixoloji baxımdan bu səhnəni qəbul etmək olar".
Hazırlq prosesindən sonra filmin aşkarlama işləri ilə bağlı olaraq yaradıcı heyətin bir neçə üzvü Minsk şəhərinə yola düşür. Filmin aşkarlama işləri "Belarusfilm" kinostudiyasında aparılıb.
FİLMİN YARADICI HEYƏTİ: Ssenari müəllifləri İsi Məlikzadə, Nicat Feyzullayev, quruluşçu rejissor Nicat Feyzullayev, quruluşçu operator Kənan Məmmədov, rəssamlar Rafis İsmayılov, Rafiq Nəsirov, bəstəkar Rauf Əliyev, səs operatoru Əsəd Əsədov, II rejissor Akif Rüstəmov, filmin direktoru Sahib Quluzadədir.
Rollarda iştirak edirlər: Rasim Balayev (Bəhmən), Fuad Roladov(Xəlil), Mehriban Zəki (Teybə), Əliabbas Qədirov (hamam müdiri), Vüqar Hacıyev (Tağı), Amid Qasımov (Xəlilin gəncliyi), Elnur Kərimov (Bəhmənin gəncliyi) və b.
Oxunub: 103