Dünyanın ən qəribə ziddiyyətləri göydə buludların arasında, okeanda adaların arasında yox, insanların öz beynində gizlənir. Qulaqlarının dibinə qədər haramdan çəkinmək söhbəti edirlər, amma bir gün keçməmiş həmin adamı mötəbər idarənin dəhlizində görürsən, qoltuğunda qovluq, cibində halal zəlzələsi, gözündə haram mütəxəssisliyi.
Bu insanlar qəribə bir məxluqdurlar. Donuz yesələr günah olar deyə əllərini titrədə-titrədə geri çəkirlər, amma haram bir imkan görəndə lap donuz balası gölməçəyə girən kimi içəri atılırlar. Sanki haramın qoxusu onlara müşk kimi gəlir, iştah açılandır, immuniteti gücləndirir.
Bunlar üçün haram, vitamin D kimidir, dərhal əriyib bədənə sorulur.
Ən maraqlısı odur ki, belə adamlar özlərini əxlaq nümunəsinin qızıl medalçıları hesab edirlər. İldə bir dəfə donuzun adını eşidəndə belə gözləri yaşarır, guya çox hörmət etdikləri müqəddəs dəyər tapdalanır. Amma eyni adam tenderi oğurlayanda, başqasının haqqını yeyəndə və ya imzanı satanda öz vicdanına belə deyir ki;
- Bu donuz deyil axı. Sadəcə fürsətdir…
Dərhal da halal paltar geyinib haram süfrəyə oturırlar. Özlərini də elə aparırlar ki, guya masanın üstündəki milyon haram yox, sadəcə nağıl qəhrəmanlarının qızıl sandığıdır.
Belələri üçün iki dünya var.
Birində donuz haramdır, o birində haram donuz kimidir, yeyilir, hətta ləzzətlə.
-Ədalətli olun, vicdanlı olun, Allahdan qorxun.
Bir az da davam etsələr, çörəyi halal qazanmaqla bağlı seminar keçəcəklər. Biletin qiyməti ? Təbii ki… həmən o, donuz kimi yeyilən haramın valyutasından.
Əslində məsələ çox sadədir.
Donuz yeməmək asandır, çünki süfrədə dayanır.
Haram yeməmək çətindir, çünki əksəriyyətin ağlının içində dayanır.
Viktor Hüqonun dediyi və ya camaatın Hüqonun üstünə yüklədiyi həmin cümlə də elə bu mətləbi deyir:
- Bəzi insanlar donuz haramdır deyib yemirlər, amma haramı donuz kimi yeyirlər.
Bəlkə bir gün cəmiyyət elə bir mərhələyə gəlib çatdı ki, insanlar donuzdan deyil, donuz kimi davranmaqdan utanacaq.
Haram süfrəsi açıqdır, növbə uzun, iştah çox, vicdan isə pəhrizdədir.
-----------------------------------------------------------------------------------------------------------------------------------
Vəzifədən çıxarılan məmuru söyməyə tələsməyin, ehtiyatlı olun, “qayıdanlar” klubu var. Kəramət Böyükçölün bir kəlamı var ki;
-Vəzifədən çıxarılan məmuru söyməyə tələsməyin. Tam arxayın olmağınız üçün bir gün gözləyin, sonra söyün. Bəlkə başqa vəzifəyə qoydular.
Bu söz elə bir hikmətdir ki, bizim bürokratiyamız haqqında yazılan bütün dərsliklərdə ayrıca bölmə kimi keçməlidir. Üstəlik, adam hər dəfə belə sözlər deyəndə elə bil ki, ideya bakanlığı postuna namizədliyini təqdim edir, çünki hər kəlamı hazır məqalə mövzusudur. Nə yaxşı ki, var, jurnalistlərin, yazarların, satira ustalarının nəfəsi açılır.
Onun “gedib-gələn taleyi”
Bizim bəzi məmurların vəzifədən çıxma prosesi “son” deyil, daha çox “fasilə”dir. Sanki serial çəkirlər.
1-ci bölüm: Vəzifədən azad edildi.
2-ci bölüm isə, araşdırmalar aparılır.
Finalla bağlı sürpriz, daha yaxşı vəzifəyə təyinat alır.
Ona görə insan ehtiyatsızlıq edib erkən danışsa, sabah həmin məmuru yenidən kresloda görəndə dili dolaşa bilər. Birbaşa Kəramətin dediyi kimi; - Arxayın olmaq üçün bir gün gözləyin. Çünki, onun taleyi palçıq deyil, hara atsan, iz qoymur.
Söz mədəniyyəti və ehtiyatlı davranış qaydası.
Əlbəttə, satirik yanaşsaq, xalqın söymə prosesi də özünəməxsus mərasimdir. Kimisə vəzifədən azad edirlər, oba içində qısa dalğa yaranır, görəsən, indi nə deyim. Amma tələsmək olmaz.
Bir gün gözləyirsən.
İki gün gözləsən, lap yaxşı.
Üçüncü gün isə ehtiyatlılıq üçün artıq çoxdur, çünki bir də görürsən ki, həmin şəxs sən demə, yeni hansısa idarənin rəhbərinə təyin edilib.
Belədə söz də boşa gedir, adamın özü bir yana, deyən də məyus olur.
Kəramətin sözünün hikməti.
Kəramət Böyükçöl bəzən bir cümlə ilə elə məsələni düyün-düyün açır ki, elə bil xüsusi olaraq “satira şöbəsi” üçün material göndərir. Biz də götürüb yazırıq. Düzdür, adamın özü işarə ilə demir ki, yazın, amma hər sözü yazdırır. Elə bu dəfə də “kişinin sözündən” məqalə doğdu. Yaxşı ki, doğdu.
Nəticə.
Əgər hansısa insan vəzifəsindən çıxarılıbsa tələsməyin.
Bir az dözün.
Kadr ehtiyatı, rotasiya qaydası, gözlənilməz dönüşləri var. Ola bilər ki, sabah həmin insan yenidən ekran qarşısında çıxış edir, siz də öz-özünüzə deyirsiniz ki, Bıy..
----------------------------------------------------------------------------------------------------------------------------------------------
Nənə və Domino
(Satirik hekayə)
Çəkilişlə bağlı bir ucqar kənddə idik. Süjeti hazırlayıb işimizi bitirəndən sonra ev sahibi dedi ki;
- Qonağımızsınız, gəl bir kənd çörəyini yeyin, malımıza bərəkət.
Kəndin səmimiyyəti başqa olur, razılaşdıq. Evə girən kimi gözüm masanın üstündəki dominoya sataşdı. Dedim ki;
- Hə, bəlkə bir partiya da domino oynayaq, həm vaxt keçsin, həm beyin işlətsin ?
Oyun başladı. Düzünü desəm, mənim səs-küyüm var, oyunum yox. Amma özümü elə aparıram ki, elə bil dominonu mən ixtira eləmişəm, patent də mənim adımadır. Daşları atanda elə gurultu salıram ki, qonşu kənddəki inək süd verməyi dayandırır.
Oyun qızğın gedirdi, birdən qonşu otaqdan səsləndilər ki;
- Süfrə hazırdı, gəlin.
Dominonu unudub çolpaya keçdik. Elə bir çolpa idi ki, qızardılmış hissəsinə baxanda toyuğun özünün də qayıdıb yeməyi gələrdi.
Yedik, içdik, söhbət etdik. Sonra oyunu davam etdik.
Bir az keçmişdi ki, evin ağbirçəyi, nənə otağa girdi. Salam verdi, sonra baxdı gördü ki, bir masa dolusu kişi, domino daşlarının üstündə tərləyir. Mən düşündüm ki, indi bu deyəcək ki;
- Evin içini çayxanaya döndərmisiz.
Amma yox. Nənə masaya yaxınlaşdı, daşlara baxdı, bir az susdu, sonra sakitcə dedi ki;
- Üç kimdədisə, o da qurtardı.
Biz bir-birimizə baxdıq. Mən dedim ki, bu, yəqin zarafat edir. Oyun isə təzə başlamışdı. Amma... nənə düz dedi. Həqiqətən, oyunu üçlüyü olan adam uddu.
Mən şokdayam. Dedim ki, bəlkə təsadüfdü. Amma sonra nənə “101” oyununda bizə bir dərs verdi ki, baxmağa dəyərdi.
Üç gedişdə bizim bütün daşları əzbər bilirdi. Mən nənə ilə naparnik idim, amma elə bil rəqib idim. Nənə elə baxırdı ki, sanki beynimdəki fikri də oxuyurdu. Elə bir oyun oynadı ki, istədim dərhal onu Şamaxıya dəvət edim, gəl bizimkilərlə də oyna, bir az tər töksünlər.
Oynadıq, uduzduq, bir az da heyrət etdik. Axırda soruşdum ki;
- Ay nənə, bu oyunu kimdən belə öyrənmisən ?
Dedi ki;
- Rəhmətlik kişidən. Bir həftə öyrətdi, sonra qorxusundan mənimlə oynamadı. Düz 45 il dilə tutdu, hər dəfə bu dəfə uduzduracam deyib oturdu, amma yenə uduzdu.
Nənəyə dedim ki, ay nənə, gəl səni çəkək, bu bir sənətdir axı.
Gülümsədi, dedi ki;
- Ay bala, qadının işi ailədi, bir də mətbəx. Qadın başqa işlə məşğuldusa, onda evdə kim xoşbəxt olacaq.
Onda anladım ki, nənə dominonu sadəcə daşlarla yox, həyatla oynamışdı.
O elə hesablayırdı ki, həyatın bütün gedişlərini qabaqcadan bilirdi.
Biz isə hələ də bir “üçlük” daşının dalınca ömür boyu qaçırıq...
Alxas Məmmədov.