Müasir dövlətçiliyin möhkəm hüquqi təməli.

                                                   



Müasir dövlətçiliyin möhkəm hüquqi təməli.

 

Ümummilli Lider Heydər Əliyev: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, suverenliyimizin və demokratik dəyərlərimizin hüquqi bünövrəsini təşkil edir. Hər bir dövlətin inkişafı üçün onun Əsas Qanununun möhkəm, ədalətli və dövrün tələblərinə cavab verən olması vacibdir. Məhz belə bir sənəd – Azərbaycan Respublikasının Konstitusiyası, Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və rəhbərliyi ilə 1995-ci ildə qəbul edilərək müstəqil dövlətçiliyimizin hüquqi əsasını yaratmışdır.Azərbaycan Xalq Cümhuriyyəti 1918–1920-ci illərdə cəmi 23 ay yaşasa da, xalqımızda demokratik dəyərlərin, qanunun aliliyinə inamın təməlini qoymuşdu. Lakin müstəqillik itirildikdən sonra ölkəmiz Sovet rejimi dövründə bir sıra konstitusiyalarla idarə olunurdu. 1921, 1925, 1927, 1937 və 1978-ci illərdə qəbul edilən bu sənədlər SSRİ-nin ideoloji və inzibati sistemini əks etdirirdi. Bununla belə, 1978-ci il Konstitusiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan dili dövlət dili hesab olunur” müddəasının daxil edilməsi milli kimliyimizin qorunmasında mühüm rol oynadı.Müstəqilliyimizin bərpası 1991-ci ildə elan edilsə də, o dövrdə dövlətin idarəetmə mexanizmləri formalaşmamış, ölkədə ciddi siyasi böhran hökm sürürdü. Xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevdövlətçilik ənənələrini bərpa etdi, ictimai sabitlik yaratdı və hüquqi dövlətin əsaslarını qurdu. Ümummilli Lider Heydər Əliyevdeyirdi: “Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycanın sabit, davamlı inkişafını təmin edən tarixi sənəd olsun.”1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Konstitusiya müstəqil dövlət quruculuğu tariximizin ən mühüm hadisələrindən biri oldu. Referendumda seçicilərin 86 faizi iştirak etmiş, onların 91,9 faizi yeni Konstitusiyanın lehinə səs vermişdir. Bu hadisə müstəqil Azərbaycanın demokratiya yolunda qəti iradəsini təsdiqlədi. Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi və Ümummilli Lider Heydər Əliyevin 15 dekabr tarixli Fərmanı ilə noyabrın 12-si “Konstitusiya Günü” elan olundu.Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi qüvvəyə malik sənədidir. O, dövlətin siyasi, iqtisadi və sosial quruluşunu, hakimiyyət bölgüsünün əsas prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, dövlətin idarəetmə sistemini müəyyən edir. Əsas Qanunun qırx səkkiz maddəsi insan hüquqlarının təminatına həsr olunmuşdur ki, bu da onun demokratik mahiyyətini göstərir.Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiya Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi:“Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”Azərbaycanın Konstitusiyası qəbul olunduqdan sonra hüquqi dövlətin əsas atributlarından biri olan Konstitusiya Məhkəməsi yaradıldı. 1998-ci ildə fəaliyyətə başlayan bu orqan konstitusiya ədalət mühakiməsini həyata keçirərək, qanunvericilik sistemində balans və nəzarət mexanizmini təmin edir. Bu, dövlətin qanunçuluq və hüquq mədəniyyəti baxımından yeni mərhələyə qədəm qoyduğunu göstərir.Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə üç dəfə dəyişikliklər edilmiş, sosial-siyasi reallıqlara uyğun yeni müddəalar əlavə olunmuşdur. Xüsusilə 2016-cı ildə Birinci vitse-prezidentlik institutunun yaradılması idarəetmə sisteminin daha çevik və funksional olmasına xidmət etdi. Bu dəyişikliklər Konstitusiyanın yaşayan sənəd olduğunu, dövrün tələblərinə uyğun daim inkişaf etdiyini sübut edir.Əsas Qanunumuz dövlətin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağı başlıca məqsəd kimi müəyyənləşdirir. 2020-ci ildə qazanılan tarixi Zəfər və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində Konstitusiyanın hüquqi qüvvəsi ölkəmizin bütün ərazilərində tam bərpa olundu. Bu fakt, 1995-ci ildə qoyulan konstitusion əsasların real həyatda özünü doğrultduğunu sübut etdi.2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu sənədin dövlətimizin həyatındakı əvəzsiz roluna verilən yüksək qiymətdir. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı bu sənədin yaradılmasında, təkmilləşdirilməsində və təbliğində əməyi olan şəxslərə dövlət səviyyəsində ehtiramın göstəricisidir.Bu gün Azərbaycan dövləti Konstitusiyanın ruhuna sadiq qalaraq, hüquqi, demokratik və sosial dövlət prinsipləri əsasında inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm hüquqi təməl, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə müasir dövrdə daha da möhkəmlənmişdir. Konstitusiyamız təkcə hüquqi sənəd deyil, həm də xalqımızın milli iradəsinin, azadlıq və ədalət arzusunun təcəssümüdür.

Milli Məclisin deputatı Şahin Seyidzadə.

 

Oxunub: 151
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az