Ürək işemik xəstəlikləri şöbəsinin böyük tibb bacısı Hüseynova Şəfəq Həsən qızı




Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun 
Ürək işemik xəstəlikləri şöbəsinin böyük tibb bacısı Hüseynova Şəfəq Həsən qızı artıq 32 ildir ki, bu sahədə çalışır. Peşəsinə olan sevgisi və sadiqliyi onu həm rəhbərliyin, həm də kollektivin dərin hörmətini qazanmış bir tibb işçisi edib. O, 1 nömrəli tibb kollecinin məzunudur və illərdir qazandığı bilik və təcrübəsini xəstələrin sağlamlığı naminə əsirgəmir.
Şəfəq xanım kollektivdə həm peşəkar, həm də insanlığı ilə seçilir. Onun haqqında iş yoldaşları yalnız müsbət fikirlər söyləyir. O, hər zaman rəhbərliyindən razı qaldığını bildirir və kollektivini dəyərli tibb bacıları ilə yanaşı, bacarıqlı texniki işçilərin də zəhməti ilə bütöv bir ailə kimi dəyərləndirir.
Ailəsində də uğurlu bir ana olan Şəfəq xanım iki övlad böyüdüb boya-başa çatdırıb. Oğulları Araz və Həmidağa ali təhsil almış, daha sonra magistr pilləsini də uğurla başa vurmuşlar.
Hüseynova Şəfəq Həsən qızının həyat yolunda xüsusi bir səhifə də Vətən müharibəsi ilə bağlıdır. O, 44 günlük Qarabağ müharibəsi zamanı tibb bacısı kimi fəal eştirak edib.. Saatlı rayon Hospitalında yaralı əsgərlərə yardım göstərib. Onun xatirələrindən biri xüsusilə təsirlidir: döyüşlərdə ağır yaralanmış bir əsgər xəstəxanada su içməkdən imtina edirdi. Səbəbi isə döyüş meydanında şəhid olan yaxın dostuna su verə bilməmək olmuşdu. Bu hadisəni danışarkən Şəfəq xanım kövrəlib göz yaşlarını saxlaya bilməmişdi.
Şəfəq Hüseynova həm fədakar bir tibb bacısı, həm vətənpərvər qadın, həm də örnək anadır. Onun həyat yolu bir daha göstərir ki, peşəsinə sadiqlik, vətənə sevgi və insanlığa xidmət daim uca tutulan dəyərlərdəndir.








Oxunub: 54
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az