Bakıya tramvay lazımdırmı?
1924-cü ilin fevralında Bakının küçələrində özunə möhkəm yer tutan tramvayın meydana gəlməsi ilə əlaqədar konka aradan çıxmışdır. Bu tramvayın əsasında ilk dəfə olaraq elektrik dəmir yolu çəkimlişdir. 1926-cı il 6 iyulda istifadəyə verilən bu yol Bakı-Sabunçu-Suraxanı xəttini birləşdirmişdir.
SSRİ vaxtı Bakı şəhərinin küçələrini bəzəyən tramvaylar SSRİ dağıldıqdan sonra öz çətin zamanlarını yaşamışdır. Belə ki, 2000-ci ildən başlayaraq əvvəlcə mərkəzi küçələrdən, sonra isə kənar küçələrdən tramvaylar yığışdırılmışdır. Bakı Tramvay Parkı 2003-cü ilin noyabr ayında öz fəaliyyətini dayandırmışdır.
Bütün dünyada tramvay intibahı baş verən zaman, Bakıda 2004-cü ildə tramvay sistemi məhv edildi. Həmin illər Bakıda tramvay sistemi çox bərbad vəziyyətdə idi, lakin onun bərpasına vəsait yox idisə, onu sökmək yox konservasiya etmək lazım idi. Məsələn, Türkiyədə son 10-15 ildə 10-dan çox yeni tramvay sistemi yaradıldı, hətta BƏƏ (Dubay), Mərakeş və Əlcəzair kimi ölkələrdə tramvay xəttləri tam yenidən inşa edildi. Bu nəqliyyat növü məhdud küçə və yol şəbəkəsindən inanılmaz dərəcədə daha səmərəli istifadə edə bilir. Belə ki, əgər bir avtomobil zolağı bir saat ərzində ən ideal halda 1000-1200 sərnişin daşıya bilirsə, müasir tramvay tərəfindən istifadə edilən bu zolaq 20 min sərnişin daşıya bilir. Qeyd etmək lazımdır ki, şəhərin nəqliyyat funksiyası nəqliyyat vasitələrinin maksimum sayını deyil, məhz insanların daşınmasını hədəfləməlidir. Sərnişindaşıma qabiliyyətinə görə müasir tramvay sistemləri ancaq metroya və ağır qatar sistemlərinə uduzur, lakin onun tikintisi metrodan 10-15 dəfə ucuz başa gəlir. Məsələn, 1 km metro xəttinin və bahalı stansiyaların tikintisinin əvəzinə şəhərdə 10-15 km yeni tramvay xəttləri yaradıla bilər. Böyük miqyaslı metro tikintisini ancaq çox zəngin şəhərlər icra edə bilirlər, məhz buna görə də Bakı kimi şəhərlərdə metro tikintisi çox zəif sürətlə davam edir. Bakı şəhərinin bəzi nəqliyyat dəhlizlərində sərnişin yükü çox böyükdür və pik saatlarda avtobuslar qısa intervalla tam dolu şəkildə hərəkət edirlər. Digər tərəfdən isə Bakının metro sistemi şəhərin ölçüsünə görə kiçikdir və quruluşuna görə uzaq magistral funksiyanı daha yaxşı icra edə bilir. Bu səbəbdən şəhərimizdə məhz avtobus sistemi magistral və yarım magistral sərnişindaşıma işini üzərinə götürür və nəticədə sistem artıq yüklənmiş olur. Müasir tramvay sistemi isə hər iki funksiyanı icra edə bilər: lazım olan yerlərdə o sürətli uzaq magistral sərnişindaşımanı icra edə bilər və eyni zamanda şəhərin mərkəzində qısa və orta səyahətləri yerinə yetirə bilər. Tramvay elektrik enerjisi ilə çalışır və havanı çirkləndirmir, bu isə xüsusi olaraq şəhərin mərkəzi hissəsində çox vacibdir. Həmçinin, tramvayın tikintisi avtomobil yolunun bir hissəsini almaqla avtomobillər üçün daha az yer saxlayır və nəticədə avtomobil istifadəsi azalır. AMAK.