Qarabağda yeni "Nürnberq prosesi" nə qədər realdır?

Qarabağda yeni "Nürnberq prosesi" nə qədər realdır?
- Qarabağdakı qeyri-qanuni separatçı rejimin özünü buraxmasından sonra proses sürətlə məntiqi sonluğa yaxınlaşır. Quldur rejimin " liderlərin" antiterror əməliyyatları çərçivəsində həbs edilib Bakıya gətirilməsindən sonra hər kəsi bir sual düşündürür: müharibə cinayətləri törətmiş bu terrorçuları hansı cəza gözləyir?! Azərbaycan cəmiyyətində və sosial şəbəkələrdə artıq adı tez-tez hallanan "Nürnberq məhkəməsi" İkinci dünya müharibəsindən sonra faşist Almaniyasının bəşəriyyət əleyhinə cinayətlərini gün üzünə çıxarmaqla bir həqiqəti isbat etdi; bu cür bəşəri cinayətlər cəzasız qalarsa, dünya qarşısıalınmaz xaosa sürüklənə bilər. Necə ki, XIX əsrin otuzuncu illərindən başlayaraq Fransanın Afrikada törətdiyi soyqırımları yüz ildən artıq bir müddətdə davam etmiş, milyonlarla müsəlman qətlə yetirilmiş, lakin hələ də bu cinayətlərə görə Fransa dövləti cəzalanmamış, təzminat ödəməmişdir. Təbii ki, burada məzlum Afrika xalqlarının müsəlman olması, beynəlxalq hüququn o dövrlərdə meydana çıxmaması əsas səbəblərdir. İkinci dünya müharibəsindən sonra Beynəlxalq Hərbi Tribunalın yaradilması ilə müharibə cinayətləri termini beynəlxalq hüquqa daxil edildi. 1945-ci ilin noyabr ayının 20- dən, 1946-cı ilin oktyabrın 1-ə kimi davam edən prosesdə dörd dövlət, ABŞ, İngiltərə, Fransa və SSRİ faşist rejimin liderlərini mühakimə edib bəzilərinə ölüm hökmü, bəzilərinə ömürlük həbs və digər cəzalar verməklə müharibə cinayətlərinin xarakteristikası, kateqoriyaları, cəzaları və s. müəyyən etdi. Aşağıda göstərilən nümunələr müharibə cinayətləri haqqında müfəssəl olmasa da, erməni qaniçənlərinin 30 il ərzində Dağlıq Qarabağ və ətraf rayonlarda törətdiyi vəhşilikləri hüquqi cəhətdən mühakimə etmək və bu cinayətləri törətmiş şəxslərin layiqli cəzalarını alması üçün hüquqi baza təşkil edir.
Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir:
Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:
qəsdən adamöldürmə;
işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər;
ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi;
hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi;
hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi;
hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi;
girov götürülməsi və sair. Sadalanan bu cinayət əməllərinin əksəriyyəti birinci və ikinci Qarabağ müharibələri dövründə törədilmişdir. Minlərlə şahid ifadələri, videokadrlar, cinayətin izləri ilə bağlı maddi sübutlar, Azərbaycan respublikası Baş Prokurorluğu tərəfindən müxtəlif vaxtlarda açılmış cinayət işləri bunları təsdiq etmək üçün yetərlidir. Çox təəsüf ki, ədalətsiz dünyada yaşayırıq. Beynəlxalq hüququn qorunmasında cavabdeh olan ölkələrin əksəriyyəti ya bu cür bəşəri cinayətlər törətmiş, ya da buna dəstək vermişdir. İraqda, Suriyada, Əfqanıstanda, Fələstində, Çecenistanda, Bosniyada məhz bu dövlətlərin əli ilə minlərlə belə cinayət törədilmiş və cəzasız qalmışdır. İşğal edilən torpaqların əksəriyyəti müsəlman toplumların yaşadığı ölkələr, genosidə məruz qalanlar isə əksəriyyətlə müsəlmanlardır. BMT, Avropa İttifaqı, ATƏT xristian klubu missiyasını həyata keçirməklə hüququn aliliyi prinsipinə çoxdan xəyanət etmişdir. Ona görə də Azərbaycan cəmiyyəti haqlı olaraq narahatdır. Terrorçuların himayədarı rolunda çıxış edən dünya gücləri ədalətin bərpa olunmasına imkan verəcəklərmi? Azərbaycan dövlətinə qarşı sanksiyalar tətbiq etməklə dövlətin gücünü sarsıtmaq, tarixi ədalətin bərpa olunmasına maneçilik törətməklə beynəlxalq hüququ passiv fazaya keçirmək heç bir halda bizi yolumuzdan döndərməməlidir. Cəmiyyətimiz siyasi baxışından, sosial vəziyyətindən aslı olmayaraq bu şər cəbhəsinə qarşı birləşməli, cinayətkarların cəzalanması üçün bütün platformalarda mübarizə aparmalıdır. Söhbət Vətən olunca, gerisi təfərrüatdır. 
Zaman Piriyev. Tarixçi-sosioloq. 
05 oktyabr, 2023.



Oxunub: 255
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az