Qarabağ münaqişəsinin yekunu; reallıqlar, perspektivlər.
Otuz ildən sonra Qarabağın dağları zəfər nərələri ilə inlərkən hər kəsi düşündürən bir sual var: bu qədər vəhşilik, vandallıqdan sonra haylarla birgə yaşamaq mümkündürmü?
İki yüz ilə yaxındır Qafqaza köçürülən hay-erməni ünsürləri yerli xalqların mədəniyyətini, tarixini mənimsəməklə yeni bir etnokultura yaratmaq istədi. Xüsusən Qarabağda əsrlərlə yaşayan xristian türk Qıpçaq-Alban, tat əhalini dini assimilyasiyaya məruz qoyaraq, qədim abidələri özününküləşdirmək yolunu tutdu. Təbii ki, bölgənin Çar Rusiyası tərəfindən işğal edilməsi, Osmanlı imperiyasına qarşı blok zonanın yaradılması, Qriqorian inancına sahib olan yerli xalqların erməni kilsəsi adı altında birləşdirilməsi prosesi sürətləndirən amillərdən oldu. Yüz minlərlə hay ailəsi İrandan, Anadoludan Qarabağa köçürüldü. Adaptasiya prosesi əlli ilə yaxın sürdü. XIX əsrin sonlarına doğru Osmanlıda milli məsələnin qabardılması Rus təbəəsi olan ermənilər üçün də bir fürsət oldu. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan «Erməni məsələsi» sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin Şərqi Anadolu vilayətlərinin heç birində ermənilər say etibarı ilə üstünlük təşkil etmirdilər.
Həmin illərdə İngiltərə və Fransanın yardımı ilə Türkiyədə erməni üsyanı təbliğatı aparılırdı. Bu işə rəhbərliyi “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyaları öz üzərlərinə götürmüşdülər. Ermənilər kütləvi iğtişaşlar törətmək məqsədilə türklərə və kürdlərə hücumlar edirdilər ki, qırğınlar baş versin və sonradan da Avropanın kütləvi informasiya vasitələri ilə türklərin erməniləri qırğınlara məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər.
Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar yatırıldıqdan sonra həmin iğtişaşların iştirakçılarının əksəriyyəti Cənubi Qafqaza axışmışdı. Rus müəllifi N.Şavrovun yazdığına görə, 1896-cı ildə Cənubi Qafqazda 900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə Cənubi Qafqaza 401000 erməni gəlib yerləşmişdi. Həmin dövrdə Cənubi Qafqazda törədilən cinayətlərin 80 faizi Osmanlı imperiyasından gəlmiş ermənilərin və muzdlu qatillərin payına düşürdü. İlk qanlar 1890-cı illərdən başlayaraq Anadolu, sonra isə İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Güney Azərbaycanda Urmiya, Xoy, Səlmas, Maku bölgələrində axmağa başladı. Təkcə 1905-1906-cı illərdə erməni terrorçuları Zəngəzur və İrəvan quberniyalarında 200-dən artıq kəndi yer üzündən silmiş, on minlərlə insanı qətlə yetirmişdilər.
1914-cü ildə birinci Dünya müharibəsinin başlaması ermənilər üçün yeni fürsətlər açdı. Anadoluda Osmanlıya xəyanət edib ruslarla işbirliyinə başlayan ermənilər kütləvi qırğınlar törədərək əhali arasında qorxu yaradaraq insanları köçməyə zorlamaq və beləliklə " Böyük Ermənistan" xülyasını gerçəkləsdirmək istəyirdilər. Lakin Osmanlı dövlətinin aldığı tədbirlər onların bu mənfur planını yarımçıq qoydu. Kazım Qarabəkir paşanın rəhbərliyi ilə üsyançı erməni qrupları bölgədən Suriya ərazisinə köçurüldü. Bir çox erməni terror qrupları Cənubi Qafqaza keçərək öz planlarını burada həyata keçirmək məqsədilə yeni qırğınlara başladılar. 1918-ci ilin mart, aprel, may aylarında Zəngəzur, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Bakı və digər bölgələrdə kütləvi soyqırım aktları baş verdi. Çar Rusiyasının dağılması və yeni yaranan sosialist Rusiyasının müharibədən çəkilməsi ilə bölgə müxtəlif silahlı qrupların özbaşınalıq, xaos yaratması üçün münbit məkana çevrilmişdi. Əvvəlcə Zaqafqaziya seymi daxilində təmsil olunan ermənilər, 1918-ci ilin may ayında seymin dağılması ilə öz müstəqilliyini elan etdilər. May ayının 28-də Tiflisdə Azərbaycan Xalq cümhuriyyətinin elan olunması qarşıya bir neçə çətin məsələni çıxardı. Bunun ən birincisi ölkə daxilində olan erməni terrorçularını təmizləmək və paytaxtı Bakıya köçürmək idi. İrəvanın yeni yaranan Ermənistan respublikasına güzəştə gedilməsi tarixi bir zərurətdən meydana çıxmışdı. Brest-Litovsk sülhündən sonra ermənilər faktik olaraq Anadolu ərazisində dövlət qurmaqdan məhrum olmuşdular. ABŞ prezidenti Vudro Vilsonun birinci Dünya müharibəsinin yekunlarına dair Parisdə sülh konfransını çağırması, Cənubi Qafqazda yeni yaranan hər üc respublikanın öz sərhədlərini müəyyən etməyə vadar edirdi. Ya tezliklə bu məsələ həll edilməli, ya da bölgə Rusiya, İran və Türkiyə tərəfindən bölüşdürülməli idi. Bu, aradakı etnik münaqişəni sona çatdırmaq üçün erməni tərəfinin təklifini zəruri edirdi. Lakin tarixi hadisələrin inkişafı göstərdi ki, ermənilər bunu fürsət kimi dəyərləndirib tarixdə ilk dəfə başqa xalqların hesabına dövlət qura bildilər. Hər üc respublikanın Sovet Rusiyası tərəfindən işğal edilməsi belə onların qarşısını ala bilmədi.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir gün sonra, noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistan ilə əlaqələrə dair məsələ müzakirə edildi. Müzakirə nəticəsində aşağıdakı qərarlar qəbul olundu:
“Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir; Zəngəzur... Ermənistana keçir... bu qətnaməni tərtib etmək Nərimanova tapşırılsın”.
Birbaşa Stalinin planı ilə bu ilhaq prosesi həyata keçirilmişdi. Stalin Leninə yazdığı məktubda bunu Türkiyə ilə Azərbaycanın arasını ayırmaq üçün vacib hesab edirdi.
Sovet ittifaqının mövcud olduğu dövrdə ermənilər daim Qarabağ və Naxçıvan məsələsini gündəmdə saxlamış, dəfələrlə Siyasi büronun müzakirəsinə çıxarmağa cəhd etmişdilər. Lakin hər dəfə bu məsələdə uğursuzluğa məruz qalmışdılar. 80-ci illərin sonlarına doğru ermənilər yenidən təşkilatlanaraq Qarabağın dağlıq hissəsində öz istəklərini həyata keçirməyə başlamışdılar. Təbii ki, bu məsələdə həm İttifaq rəhbərlərinin ayrıseçkiliyi, həm də ölkə rəhbərliyinin maymaq idarəçiliyi xüsusi rol oynamışdı. Sovet dövlətində milli məsələnin qızışması, mərkəzdən qaçma meyllərini sürətləndirdi. Bura ermənilərin özünə məxsus bicliyi və xarici kəşfiyyat orqanları ilə əlaqələri olan erməni kilsəsinin fəaliyyətini də əlavə edəndə real mənzərəni dərk etmək mümkün olur. Zori Balayanın 1981-ci ildə alovlandırdığı "Ocaq" fitnəsi, onun sərsəm ideyası ilə "Böyük Ermənistan" sərhədlərinə işıq tutmalıydı. Təəsüf ki, bu ocağın tüstüsü onların gözlərini kor etdiyi kimi, həqiqətin üzərinə 30 illik nazik pərdə saldı. "Miatsum" ideyasını (ermənicə birləşmə) həyata keçirmək üçün ermənilərin Xankəndidə başlatdıqları qanlı münaqişə 1988-1994-cü illərdə Azərbaycanın tarixi torpaqlarının iyirmi faizinin işğalı və minlərlə soydaşımızın öldürülməsi və bir milyona yaxın yurddaşımızın dədə-baba torpaqlarından didərgin düşməsinə səbəb oldu. Milli mədəniyyətimizin bir çox örnəklərini oğurlayan ermənilər kaş ki, bu ata sözümüzü vaxtında yaxşı öyrənsəydilər ki, özgə atına minən tez düşər. 2020-ci ilin 27 sentyabrında yetişən tarixi şərait, hər otuz-qırx ildən bir orqazm olan erməni xislətinin həyasızlığı və ölkə başçısının qətiyyətli qərarı ordumuzu bu çətin və şərəfli mübarizənin flaqmanına çevirdi. Bir birinin ardınca işğaldan azad edilən tarixi torpaqlarımız erməni vandallığını dünyaya göstərdi. Bu torpaqların sahibi olmadıqları onların viran qoyduğu Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlının tamamilə yer üzündən silinmiş mənzərəsi bar-bar bağırırdı. Dünya gücləri kar, lal, kor olmağa davam etdikcə bir həqiqət danışırdı:
"Zülmün topu var, gülləsi var, qəl'əsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır."
Sülh yaratma missiyası ilə bölgəyə soxulan rus ordusu keçən üç il ərzində revanşist qüvvələrə şərait yaradaraq bölgənin yenidən aktiv münaqişə zonasına çevrilməsində maraqlı olduğunu göstərdi. Moskvada imzalanan 10 noyabr atəşkəs bəyanatının şərtlərini pozaraq bölgəyə yeni silahlar və terrorçuları cəlb etməklə ermənilər heç bir andlaşmaya sadiq olmadıqlarını sübut etdilər. Atəşkəsin tez-tez pozulması, işğaldan azad olunmuş ərazilərdə yeni minaların basdırılması və həm hərbçilərin, həm də mülki əhalinin hədəf alınması Azərbaycan ordusunu sentyabrın 19-20-də antiterror əməliyyatı keçirməyə vadar etdi. Nəticədə bir çox ərazilərimiz işğaldan azad edildi. Qondarma "Artsax respublikası" özünü buraxdığını elan etdi. Xankəndidən və ətraf ərazilərdən könüllü şəkildə çıxan ermənilər yeni siyasi reallıqları aktuallaşdırdılar. Dünya mediasına servis edilən etnik təmizləmə şousu bir məqsədə xidmət edir. Ermənilər yenidən Qarabağın dağlıq hissəsinə qayıdıb beynəlxalq birliyin diqtəsi ilə hüquqi status əldə edə bilsinlər. Çünki özləri də çox yaxşı bilirlər ki, onlar bölgəyə yad elementlərdir. Siyasi reallıq bu gün onların əleyhinədir. Rusiya-Ukrayna müharibəsi yeni dünya düzəninin konfiqurasiya edilməsi baxımından olduqca əhəmiyyətli üfüqlər açıb. Türkiyənin dünyada artan nüfuzu, Yaxın Şərq regionunda artan gərginlik, kommunikasiya xətlərinin əhəmiyyəti, qoca Avropada söz sahibliyi uğrunda anqlo-saks ittifaqı ilə Almaniya, Fransa, Rusiya arasında sürətlənən qütbləşmə erməni məsələsini arxa plana itələyir. Cənubi Qafqaz uğrunda gedən mübarizədə Azərbaycanın əhəmiyyəti, dəhlizlərə nəzarətin beynəlxalq siyasi müstəvinin başlıca məsələsi halına gəlməsi bizim üçün yeni siyasi reallıqlar yaradır.
Yüz min erməninin bölgəni tərk etməsi şousu beynəlxalq arenada ermənilərin əlini gücləndirmək üçün məqsədli şəkildə və tələsik atılmış addımdır. Gəlin görək istər dövlət, istərsə də cəmiyyət olaraq biz hansı addımları ata bilərik.
Öncə, bütün ermənilərin bölgəni tərk etməsi üçün şərait yaratmaq və bunu bütün sivil yollarla dəstəkləmək lazımdır. İkinci mərhələdə 30 il davam edən bu qanlı münaqişənin nəticələrini müzakirə etmək üçün beynəlxalq məhkəmənin qurulmasını tələb etmək və 1919-cu ildə Paris sülh konfransında hüquqi cəhətdən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi, sərhədləri və etnik tərkibi haqda sənədləri gündəmə gətirmək, 1948-53-cü illərdə və 1988-89-cu ildə Sovet Ermənistanından deportasiya edilmiş 300 minə yaxın soydaşımız haqda sənədlər, video xronikalar dünya ictimaiyyətinə və beynəlxalq məhkəməyə təqdim etmək və ümumilikdə dəymiş ziyanın miqyasını dəqiqliklə təyin etmək lazımdır. Münaqişə başlayana qədər Dağlıq Qarabağ Muxtar vilayətində qeydiyyatda olmuş erməni əhalinin geriyə qaytarılması prosesi azərbaycanlıların Ermənistan ərazisindəki yurdlarına qaytarılması prosesi ilə paralel həyata keçirilməlidir. Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər olmadığı üçün 1991-ci ilə qədər DQMV-də qeydiyyatda olmayan heç bir Ermənistan vətəndaşının Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi məskunlaşması, sülh müqaviləsi bağlanana qədər təmin edilməməlidir. Erməni terrorizimində iştirak etmiş şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması beynəlxalq normativ hüquqi aktlarla gerçəkləşdirilməlidir.
Azərbaycan-Ermənistan münaqişənin sülh yolu ilə həlli beynəlxalq qanunlarda nəzərdə tutulmuş norma və prinsiplər əsasında həyata keçirilməlidir. Heç bir xarici dövlətin bu məsələni öz inhisarına almasına imkan vermək olmaz. Yalnız BMT-nin nizamnaməsində nəzərdə tutulmuş qaydaları rəhbər tutmaqla qalıcı sülh əldə etmək mümkündür.
BMT Nizamnaməsinin 2-ci maddəsində deyilir: "Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq mübahisələrini dinc yolla, beynəlxalq sülhə və təhlükəsizliyə və ədalətə təhlükə yaratmamaq üçün həll edirlər." Bu prinsip 1970-ci il Beynəlxalq Hüquq Prinsipləri Bəyannaməsində və ATƏM-in Yekun Aktında göstərilmişdir. Bu sənədlər dövlətlərin “beynəlxalq hüquqa əsaslanaraq ədalətli qərar verməyə səy göstərmək”, mübahisənin həll oluna bilmədiyi hallarda “mübahisənin dinc yolla həlli üçün qarşılıqlı razılaşdırılmış yollar axtarmağa davam etmə” öhdəliyi, “çəkinmək” vəziyyəti gərginləşdirə biləcək hər hansı bir hərəkətdən beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına təhlükə yarada biləcək dərəcədə və bununla da mübahisənin sülh yolu ilə həllini çətinləşdirə bilər. "
Son olaraq, qələbənin gətirdiyi eyforiyadan ayılmaq, pafosdan və emosiyadan uzaq şəkildə dövlət-cəmiyyət münasibətləri fonunda sağlam, erudisiyalı arqumentlərlə bütün qüvvələri səfərbər etmək lazımdır. Bu tarixi şans bir daha olmaya bilər. Xüsusən, lobbi təşkilatları ilə işləmək, xaricdə yaşayan azərbaycanlıları bu işə cəlb etmək, ölkə daxilindəki siyasi təşkilatlarla bu məsələdə məsləhətləşmələr aparmaq vacibdir.
Zaman Piriyev.
Tarixçi-sosioloq.
3 oktyabr, 2023-cü il.
Oxunub: 460