Qara dəniz hakimiyyəti.
İstanbulun fəthindən sonra 1 iyunda Qalata sahilləri Genuyalılardan təslim alındı və onlara Osmanlı ölkəsində azad ticarət hüququ verildi. İstanbul boğazına sahib olan Sultan Mehmed Qara dənizdə də hakim olmaq istəyirdi. Bu məqsədlə 1454-cü ilin yayında böyük bir donanma Qara dənizə açıldı. Genuyanın Qara dənizdəki müstəmləkələrinin mərkəzi olan Kəfə bölgəsi Krım xanı I Məngli Gərayın müttəfiq ordusuyla sıxışdırılmışdı. Uzun müzakirələrdən sonra Genuyalılar Osmanlı padşahına 3 min və Krım xanına 1200 qızıl xərac verməyi qəbul etdi. Həmin ilin yayında Osmanlı donanması Akkirman qalasına da hücum etmiş, Boğdan çarından xərac istəmişdi. Şimal ticarət yolunun əsas mərkəzi hesab edilən Boğdan çarlığı 5 oktyabr 1455 tarixində Osmanlı himayəsini və illik 2 min qızıl xərac verməyi qəbul etdi. Qarşılıq olaraq Boğdanlılara Osmanlı ölkəsində azad ticarət icazəsi verildi. Trabzon imperiyası da 1456-cı ildə Osmanlı himayəsini qəbul etdi. Beləliklə, Qara dəniz sahillərindəki bütün dövlətlər Osmanlı hakimiyyətini tanımış oldu. Sultan Mehmed 1479-cu ilədək bütün bu dövlətləri (Boğdan çarlığı istisna olmaqla) fəth etdi. Əvvəlcə 1459-cu ildə Amasranı, 1461-ci ildə Sinop və Trabzon bölgəsini alaraq Qara dənizin Anadolu sahillərini Osmanlı torpaqlarına qatdı. Digər tərəfdən şimal sahillərində yerləşən Kəfə və digər Genuya koloniyaları Osmanlı işğalına qarşı Krım xanı, Manqup bəyi və Boğdan çarlığı ilə ittifaq qurmağa çalışırdı. O illərdə Litva və Lehistana hakim olan Jagiellon ailəsi Qara dəniz sahillərində möhkəmlənmək və Krımla Boğdan çarlığı üzərində güclü nüfuz qurmaq istəyirdi. Bu səbəblə Qara dəniz üzərindəki nüfuz mübarizəsində Jagiellonlar Sultan Mehmed üçün ən mühüm rəqib olmuşdu. Krım xanı da Osmanlıların Kəfədə möhkəmlənməyini istəmirdi. 1469-cu ildə Yaqub bəy idarəsindəki Osmanlı donanmasının Kəfəyə hücumunu, Krım xanı I Məngli Gəray Sultan Mehmedə "qardaşım" xitabıyla yazdığı məktubla etiraz etdi. Bütün bunlara baxmayaraq Sultan Mehmed öz siyasətini davam etdirdi. 1470-ci ildə Kəfənin xəracını daha da artırdı. Bölgədə baş verən siyasi hadisələr isə Sultan Mehmedin Qara dənizin şimal sahillərini ələ keçirməkdə səbəb oldu. Jagiellonların Krım xanlığını ələ keçirmək üçün Qızıl Orduyla ittifaq qurması Krım xanının həm Osmanlılara, həm də Rus knyazlığına yaxınlaşmasına səbəb oldu. Boğdan çarı Böyük Stefan isə Jagiellonlardan asılı hala düşmüş, illərdir Osmanlılara ödədiyi xəracı dayandırmışdı. Çar 1469-cu ildə Boğdana hücum edən Krım qüvvələrini məğlub etmiş, Əminək Mirzə əsir düşmüşdü. 1473-cü ildə Osmanlı ordusunun Uzun Həsənə qarşı səfərə çıxmasından istifadə edən çar Valaxiyaya hücum edərək Osmanlı tabeliyində çar radunu ölkədən qovdu və öz adamını Valaxiya çarı elan etdi. Sultan Mehmed isə onu sülhə dəvət etdi və Rumeli bəylərbəyi Hadım Süleyman Paşa idarəsindəki ordunu bölgəyə göndərdi. Ancaq bu ordu 1475-ci ilin yanvarında məğlub edildi. Sultan Mehmed yazda şəxsən özü Boğdana getmək istəsə də, ağırlaşan xəstəliyi buna mane oldu. Bu əsnada Krımda baş verən hadisələr ordunun istiqamətini dəyişdi. Belə ki, Osmanlı tərəfdarı olan Əminək bəy ölən qardaşının yerinə Krım xanlığının başbəyi olmuşdu. Ancaq Genuyanın artan təzyiqi səbəbilə Məngli Gəray onu bu vəzifədən uzaqlaşdırmış, nəticədə Əminək Krım xanına qarşı üsyan qaldırmışdı. Krım xanı məğlub edildi və qaçıb Genuyalılara sığındı. Əminək bəyin çağırışı ilə Osmanlılarla birləşən Krım ordusu Kəfədəki Genuyalılara qarşı mübarizəyə başladı. Digər yandan Boğdan çarı 300 nəfərlik hərbi dəstə ilə Manqubu işğal etmişdi. Krım regionunu özünə tabe etməsi üçün lazımi şəraitin yarandığını görən Sultan Mehmed dərhal sədrəzəm Gədik Əhməd Paşanı güclü bir donanma ilə bölgəyə yolladı. 4 günlük mühasirədən sonra Kəfə şəhəri Əhməd Paşaya təslim oldu (6 iyun 1475). Daha sonra Kəfəyə bağlı olan Genuya koloniyalarını ələ keçirən Gədik Əhməd Paşa ardından Azak qalasını ələ keçirdi. alınmazlığı ilə məşhurlaşan Manqup qalası mühasirəyə alındı və bir müddət sonra ələ keçirildi. Trabzon imperatoru və Boğdan bəyinin qohumu olan Manqup bəyi və ailələri Yeddiqüllə zindanlarında uzun müddət həbs edildi və daha sonra padşahın əmriylə edam edildilər. Gədik Əhməd Paşanın Genuyalılar tərəfindən 3 qardaşıyla birlikdə əsir alınan Məngli Gərayı azadlığa buraxması nəticəsində Krım xanı Osmanlılara tabe olması haqda bir sənəd imzaladı. Krımı özünə tabe edən Sultan Mehmed artıq Qara dənizin şimalında daha sərbəst hərəkət etməyə başladı. 1476-cı ilin iyulunda Boğdana gələn Sultan Mehmed, digər yandan Əminək bəy idarəsindəki Krım qüvvələrini də bura gətirdi. Nəticədə Boğdan ordusunu məğlub edən Osmanlı ordusu mərkəz şəhərləri dağıdaraq yandırdı, ancaq Çar Stefanı ələ keçirə bilmədi. Osmanlı ordusu geri çəkildikdən sonra çar yenidən bölgəyə gələrək hücumlara başladı. O əsnada şərq cəbhəsində Məngli Gəray məğlub olmuş, Qızıl ordu xanı onu təqib edərək Krım bökgəsinə gəlmiş, Kəfə qalası önlərində möhkəmlənmişdi. Krımın işğal olunduğunu öyrənən Əminək bəy yorğun ordusuyla Boğdandan Krıma qayıtdı. İstanbulda gizlənən Məngli Gəray isə Yeddiqüllə zindanlarında həbs edildi və qardaşı Nur Dövlət Gəray yeni Krım xanı oldu. Sulta Mehmed Qızıl Ordu xanı Seyid Əhmədə məktub yazaraq Krım xanlığının və xanının Osmanlı himayəsində olduğunu xatırlatdı. Ancaq daha sonra xanlıq yenidən qarışdı. Əminək bəyin təklifi ilə Məngli Gəray yenidən Krıma göndərildi. 1478-ci ildə Məngli Gəray ikinci dəfə Krım taxtına oturdu. Sultan Mehmed bir il sonra Qara dənizdəki hakimiyyətini tamamlamaq üçün Taman və Çərkəzistan sahillərinə yeni bir donanma göndərdi. Göndərilən donanma bölgəni Osmanlı torpaqlarına birləşdirdi.Qara dəniz hakimiyyəti.