Millət sözü ərəb mənşəli sözdür. Konkret bir ideoloji struktura malik olan insanlar kütləsidir.
Biz niyə millət ola Bu yazımda millətləşmə prosesi və müasir millətləri var edən əsaslar haqqında, həmçinin Azərbaycan xalqının bu proseslərə ləng reaksiya verməsi haqda danışmaq istəyirəm. İlk öncə, millətləşmə prosesi haqda. Millət sözü ərəb mənşəli sözdür. Konkret bir ideoloji struktura malik olan insanlar kütləsidir. Xalq isə yaradılan, daha çox bioloji varlıq olan kütlədir. Xalq, daha çox instinktiv və bioloji davranışlar əsasında formalaşan, müəyyən bir ərazi subyektinə bağlı olan, mental dəyərlər üzərində formalaşır. Millət isə, şüurlu, ideoloji, mühafizəkar dəyərlərin ətrafında birləşən və zəruri gerçəkliyə adekvat olan bir sistemdir. Dini qaynaqlarda millət termini daha çox konkret bir dini ideologiyaya sahib olan insanların cəmidir. Misal üçün İbrahim peyğəmbərin yolu üzərində olan insanlara İbrahim milləti deyilir Müqəddəs Kitabımızda. Lakin bu gün bu termin öz əslindən çıxaraq bir qədər də lokal məna kəsb etməyə başlayıb. Və dini qaynaqlı millət kəlməsi Ümmət kəlməsi ilə əvəzlənib. Millətləri var edən əsas, şüurlu ideoloji sistemdir. Bu, toplumun eyni vaxtda və şüurlu şəkildə verdiyi reaksiyadır. K. Marks bununla bağlı deyirdi ki, insanları birləşdirən iki əsas şey var: ortaq maraq və ortaq qorxu. Yəni toplumun ortaq marağı olduqda ona eyni cür reaksiya verir. Və ya ortaq qorxu anında eyni reaksiyanı verir. Siyasətşünaslıqda buna zəlzələ effekti deyilir. Zəlzələ baş verdikdə bütün insanlar, varlı, kasıb, güclü, zəif, qadın, kişi, uşaq, yaşlı- hər kəs eyni nöqtəyə odaklanır və eyni qorxunu hiss edir. Marks və Allan Woods kapitalizmi instinktiv və şüursuz davranış, kommunizmi isə instinkin şüurla əvəzlənməsi və ya şüurlu instinktiv davranış adlandırır. Onlara görə şüurlu keçid olmadıqca insanlar meşə qanunları ilə yaşamaq istəyəcəklər və kommunizm qələbə çala bilməyəcək. Yəni kommunizm rasional davranışdır. Təbii ki, burda yanlış və doğru olan nüanslar var. Marks insanların təkamülün nəticəsində yarandığını və şüursuz canlıdan homosapiensə çevrildiyinə inandığı üçün davranışları şüuri və qeyri-şüuri, yəni instinktiv olaraq ayırır. Halbuki instinktiv davranış özü də şüurludur. Daha çox insanın proqramlaşdırılmış fitrətindən irəli gələn davranışıdır. Bu mənada, insanı insan edən heç də bioloji təkamül deyil, şüurlu təkamüldür. Bu anlamda, millət şüurlu təkamülün məntiqi nəticəsidir. Kosmopolit düşüncə millətləşmə yolunda ən böyük əngəldir. Sinoplu Diogenin kosmopolit düşüncəsi, Marksizmin proletar cəmiyyətinin eynisidir. Halbuki bu insanın yaradılışına zidd olan və yalnız məhdud sayda insanların ola biləcəyi bir nəzəriyyədir. Əxlaqın üstün olduğu universal cəmiyyət mütləqdir ki, yaradılışa uyğun olsun. Yoxsa ki, bütün siniflərin ortadan qalxması, bərabər mülk anlayışı, ortaq təsərrüfat sonunda diktaturaları doğurur. İslam dini təxmini belə bir prinsip irəli sürür. Ərəbin əcəmdən ( qeyri ərəbdən) və əcəmin də ərəbdən bir üstünlüyü yoxdur, üstünlük Təqva ilədir. ( Yəni Allah qorxusu). Lakin bu cəmiyyət, şəxsi mülkiyyət anlayışının, varlı kasıb siniflərinin labüdlüyünü qəbul edir. Amma bütün bunların üstündə İlahi bir nizam mövcuddur. O nizam bütün münasibətləri tənzimləyir. Marksa görə millət kapitalizmin məhsuludur. Lakin yanlış olan budur ki, millətləşmə prosesi kapitalizmə bağlı olsa da, O, başqa ən vacib məqamı- millətin ideoloji strukturunu unutmuşdur. Əslində O, kapitalizmlə sosializmi bir birindən ayırmaqla iki ayrı sistem kimi təqdim etmiş və inanmışdır ki, sosializm təkamülün şüurlu məntiqi sonluğudur. Amma yanlış düşünmüşdür. Sinifsiz cəmiyyət insanın yaradılışına ziddir. Sinifləri yaradan insanların intellekt, güc, idarəçi və ya cahillik, tənbəllik, idarə olunan xarakteridir. Bunu dəyişmək mümkün deyil. Lakin bütün bunları bir sistem halında idarə etmək mümkündür. Bu sistem ideoloji sistemdir. Məhz millət bu halda yaranır. Müasir millətlər struklaşmış millətlərdir. Misal üçün futbol kimi kütləvi bir oyun müasir millətlərin formalaşmasında mühüm rol oynayır. Və yaxud avropada güclənən irqçilik, nasizmi milli ideogiyaya çevirməklə müasir millətləri formalaşdırır. Almaniyada, Fransada, Belçikada, Rusiyada güclənən bu xətt bəşəriyyəti böyük fəlakətlərə sürükləyir. Saxta tolerant, inklüziv şüarlarla bəzənmiş Avropa, xüsusən müsəlman və türklərə qarşı ekstremist, diskriminasiya ilə yanaşan müasir millətlərə ev sahibliyi edir. Bəs biz? Biz hardayıq? Biz bu proseslərin heç birini keçə bilmirik. Biz yarımçıq cəmiyyətik. Bizi birləşdirən ortaq maraq varmı? Biz böyük bir okeanda yan almağa sahil tapmayan yelkənsiz gəmi kimi təlatümlər arasında ləngər vururuq. Taleyimiz bizi hansı sahilə çıxaracaq, bunu bilmirik. Millətçimiz yarımçıq, dindarımız yarımçıq, dövlətçimiz yarımçıq, liberalımız yarımçıq, mühəfizəkarımız yarımçıq. Biz ona görə millətləşə bilmirik. Ya ondan, ya bundan ola bilmirik. Futbol oynaya bilmirik, azarkeşlik edə bilmirik. Tarix göstərib ki, ortaq hədəfləri olmayan xalqları, ortaq qorxu birləşdirib. Bu qeyri-şüuri davranış, instinktiv reaksiya olsa da, sonunda şüurlu keçid baş verir. Məhv olmaq təhlükəsi insanları birgə müdafiəyə məcbur edir. Amma bəzən xalqlar mədəni silahlarla assimilyasiya olur və tarixdən silinir. Qorxduğum da budur. Gələn yazıda çıxış yolunu nədə görürəm, bu haqda yazacam. bilmirik?!