XIII-XV əsrlərdə Anadolu İslam təriqətləri və Hürufilik İslam dininin Orta Asiya regionunda yayılması bir çox türk tayfalarının İslamlaşması ilə nəticələndi.




XIII-XV əsrlərdə Anadolu İslam təriqətləri və Hürufilik İslam dininin Orta Asiya regionunda yayılması bir çox türk tayfalarının İslamlaşması ilə nəticələndi. Qədimdən türklər arasında tək Tanrıçılıq inancı mövcud olmaqla yanaşı, mistik dünya görüşü bir çox xalqlarda olduğu kimi, türklər arasında da daha populyar idi. Şamanizmin mistik çalarları bütün türk xalqlarının mədəniyyətində və məişətində ortaq bir xətt kimi tarixin bütün dönəmlərində özünü göstərir. Şamanlar həm hakim dairələr üzərində, həm də xalq kütlələri üzərində nüfuza malik idilər. Onlar sanki bir el atası kimi mübahisəli məsələlərin həllində, toplumun inanc sisteminin qorunub saxlanmasında və həmçinin şər qüvvələrə qarşı mübarizədə ən əsas ümid yeri kimi önəmli rol oynayırdılar. Xaqanlar maddi həyatın təmsilçisi olduğu kimi, şaman atalar da türk ulusunun mənəvi təmsilçisi idilər. Maday xaqanlığında hakimiyyət uğrunda əhəmənilərlə madaylar arasında baş verən münaqişələrdə eradan əvvəl VI əsrdə Qam Atanın saray çevrilişi edərək hakimiyyətə yiyələnməsi və madayların öndərliyini ələ keçirməsi, kahin-maqşamanların toplum içində necə böyük nüfuza malik olmasını göstərir. Həmçinin dövlətin dini inancını əllərində saxlamaqla, yeni dini ideologiyaları da öz mistik dünya görüşləri fonunda izah edir və onu türk törələrinə uyğunlaşdırırdılar. Zərdüştiliyin və ilkin xristiyanlığın türk xalqları arasında özünə məxsus bir şəkildə ortaya çıxması da məhz bu amillə əsaslandırıla bilər. Həmçinin “Kitabi-Dədə Qorqud” dastanında Qorqud Atanın Oğuz boylarının mənəvi atası kimi hadisələrin müxtəlif inkişaf mərhələlərində meydana çıxması, İslami bir görünüşə sahib olmaqla yanaşı, alt yapısında qədim türklərin inancını daşıması da bir daha göstərir ki, bu sistem hansı dində olmasına baxmayaraq, özünün hakim mövqeyini qoruyub saxlaya bilmişdir. Qırğız türklərinin dünya ədəbiyyatına bəxş etdiyi “ Manas “ dastanında Manas obrazı da həmçinin bu qəbildən araşdırılması vacib olan bir məsələdir. Bütpərəst Qaraxitaylıların işğalçı yürüşlərinə qarşı İslami bir mübarizə yaradan Manas, həm də bir el atasıdır. Bir neçə dəfə ölüb-dirilməsi kimi mistik obrazının alt qatlarında qədim inancların izlərini görmək mümkündür. Türk tayfalarının orta Şərqə doğru yayılması dövrün əsas siyasi güc mərkəzinin məhz bu torpaqlarda olması ilə əlaqədar idi. Abbasi xilafətinin zəifləməsi bölgədə bir mövqe savaşının meydana gəlməsinə səbəb oldu. İstər Səlibçilərin, istər monqolların, istərsə də türk tayfalarının dünya mədəniyyətinin beşiyi olan Mesopotomiyadan Anadoluya, İran yaylasından Qafqazlara qədər bütün bölgənin ələ keçirilməsi uğrunda apardıqları amansız mübarizə özü ilə bərabər yeni məişət, inanc elementləri də gətirirdi. Xüsusən Oğuzların və Qıpçaqların bu ərazilərdə yerləşməsi ilə qüvvələr nisbətinin türklərin xeyrinə dəyişməsi prosesini sürətləndirdi. Yerli xalqların dini dünya görüşünü 3 mənimsəməklə yanaşı, güclü hərbi birliklər sayəsində demək olar ki, XI-XIII əsrlərdə bu bölgənin hakimlərinə çevrildilər. Xorasan və İran torpaqlarında hakimiyyətini möhkəmləndirən Səlcuqlu Toğrul bəy, 1040-cı ildə Dandənəkan savaşında Qəznəliləri məğlub etməklə Abbasi xəlifəsinin diqqətini çəkmiş və beləliklə də türklərin bölgədəki siyasi gücü öz təsdiqini tapmışdı. Burada həm də o dövrdə Sünni Abbasi xilafəti üçün böyük təhlükəyə çevrilmiş Şiə-Fatimi təhdidləri də, xəlifə Qaim Biəmrillah ilə sünni Səlcuqlu türklərinin yaxınlaşmasına səbəb olmuşdu. Xilafətin mərkəzi olan Bağdadda bir əsr ərzində güclü siyasi mövqe quran Şiə-Büveyhi hakimiyyətinə 1055-ci ildə son qoyan Toğrul bəy Səlcuqlu dövlətini İslam dünyasının lider ölkəsinə çevrdi. Siyasi gücü zəif olan Abbasi xəlifələrinin Səlcuqlu sultanlarından asılı vəziyyətə düşmələrinin səbəblərindən biri də Misir və Hicazda çox güclü olan şiə-Fatimilərin qarşısında zamanzaman Səlcuqlu türklərinin dayanması olmuşdur. Məhz Fatimilərin çöküşü də Səlcuqlu əmirlərinin- Nurəddin Zənginin və sonra isə Səlahəddin Əyyubinin səyləri nəticəsində mümkün oldu. Anadolu və Mərmərə sahillərini 1071-ci il Malazgirt savaşı ilə ələ keçirən türklər, Bizans ordusunda olan türk tayfaları Uzlar, Peçeneqlər və Qıpçaqlar ilə birlikdə bölgənin hərbi-siyasi gücünü tam olaraq nəzarətdə saxlamağa başladı. Şərqi Roma imperiyasının çöküşünün qarşısını almaq üçün imperatorun katolik kilsəsindən yardım tələb etməsindən sonra Avropadan İslam torpaqlarına xaçlı səfərləri başladı. 200 il ərzində müqəddəs torpaqları qurtarma adı altında bölgəyə çox ciddi ziyan vuran xaçlı yürüşləri nəticəsində, həmçinin şərqdən güclənərək gələn və 1258-ci ildə Abbasi xilafətinə son qoyan Monqol istilası ilə xarabalığa çevrilən İslam torpaqları siyasi istiqrarsızlıq içərisində idi. Monqolların Anadoluya girmələrində əsas səbəblərdən biri kimi, 1230-cu ildə Yassıçəmən savaşında Səlcuqlular tərəfindən məğlubiyyətə uğradılan Xarəzmşahlar dövlətinin çökməsi ilə monqolların önündəki ən böyük maneənin aradan qalxması oldu. Xarəzmşah Cəlaləddinin ölməsi ilə başsız qalan Xarəzmli türkmən əşirətləri tədricən Güney Azərbaycan və Anadolu torpaqlarına yayılmağa başladılar. Anadoluda sosial və siyasi intiriqaların tüğyan etdiyi bu dönəmdə, Səlcuqlu dövlətinin başına keçən gənc II Qiasəddin Keyxosrovun yanlış siyasi idarəsi nəticəsində türkmən qəbilələri dini-ideoloji bir görünümə sahib olan, əslində isə sosialsiyasi xarakterli Baba İlyasın başçılığı ilə üsyan qaldırdılar. Üsyan bir neçə ildən sonra çətinliklə yatırılsa belə, bu Anadolu türkmən qəbilələri arasında sonralar daha da şiddətlənəcək dini və məzhəbçi düşmənçiliyin əsasını qoymuş oldu. Baba İlyas üsyanının yatırılması Anadolu türkmən qəbilələrinin sonrakı mərhələdə daha gizli fəaliyyətə keçməsinə və müxtəlif adlar altında təşkilatlanmasına gətirib çıxardı. Sünni Səlcuqlu idarəsi, sonra isə sünni Osmanlı bəyliyinin yüksəlməsi, siyasi hakimiyyətdən qıraqda qalan Türkmən bəylərinin Şiyə-Ələvi ideologiyasını özləri üçün birləşdirici faktor olaraq mənimsəməsinə təkan vermiş oldu. Osman qazi bəyliyin başına keçincə, 4 Anadolu türkmən əşirətlərini öz yanına çəkmək üçün, bölgədə çox böyük nüfuz sahibi olan Şeyx Ədəbalının dərgahına gəlmiş və onun qızı ilə evlənmişdi. Osman qazinin başına tac qoyan digər sufi-dərviş dərgahının başçısı Hacı Bektaş Vəli də ələvi bir ideologiyaya sahib idi. Osman bəyin üzərində güclü təsirə malik olan suf-dərviş təkkələrinin fəaliyyətləri nəticəsində Anadoluda Betaşilik, Məlamilik, Hürufilik kimi şiəbatini təriqətləri geniş yayılmağa başladı. Sünni bir dövlət quruluşuna sahib olan Osmanlı bəyliyi bu təkkələrin vasitəsi ilə Anadoluda siyasi istiqrar saxlamağa çalışırdı. Lakin bununla yanaşı Rum qazilərindən və abdallardan ibarət olan Əxilər təşkilatı ilə də sıx bağlı idi. Belə bir ziddiyətli siyasi mənzərə içərisində iqtidar uğrunda gedən mübarizələr daha çox dini-ideoloji aspektdə özünü göstərirdi. Məhz Hürufilərin də Anadoludakı fəaliyyətlərinin genişlənməsi bununla əlaqədardır. Belə bir vaxtda Orta Asiya çöllərindən qarşısı alınmaz yürüşlərlə hərəkətə keçən Əmir Teymur ordularının Azərbaycanda hürufiləri sıxışdırması və onların mənəvi liderləri olan Fəzlullah Nəiminin 1394-cü ildə Əlincə qalasında Teymurun oğlu Miranşah tərəfindən edam edilməsi səbəb oldu ki, hürufilər öz fəaliyyətlərini Anadoluda davam etdirsinlər. Bu həmçinin də onların dini-ideoloji görüşlərinin türkmən tayfaları arasında yayılması üçün bir fürsət oldu. Hakimiyyət bölgüsündən kənarda qalan qəbilələr asanlıqla bu yeni ideyanı mənimsəyir və öldürülən Fəzlullahın ruhi davamını Nəsimidə görürdülər. İmadəddin Nəsiminin poeziyasındakı güclü təsir etmə texnikaları xalq kütlələri və sənətkar təbəqəsi arasında onun mistik obrazının yaranmasına xidmət edirdi. Mənsur Həllacın “ənəl-həqq “ ideyasının Nəsimi tərəfindən poetik dillə ifadə edilməsi, bu ideyanın daha tez yayılmasına gətirib çıxardı. Bu da təbii ki, digər təriqətləri narahat edirdi. Nəsimi Hacı Bayram Vəli ilə görüşmək üçün Ankaraya gəlmiş, lakin onun hürufi ideyalarının təhlükəli olması səbəbi ilə qəbul edilməmişdir. Həmçinin Bursada Bektaşi təkkələri ondan uzaq durmağa çalışırdılar. ( Hüseyn Ayan, Nesimi hayatı, edebi kişiliği ve Türkçe divanının tenkitli metni, seh.18) Təbii ki, bunun bir çox səbəbləri var idi. İlk öncə yeni qurulan Osmanlı dövlətinin üzərində nüfuz qazanmaq cəhdləri bölgədə olan bütün təriqətlər arasında siyasi mübarizə mühiti yaradırdı. İkincisi, güclü Türkmən bəylərini öz nəzarəti altında saxlamaq üçün dini motivli siyasi ideyaların təbliğ edilməsi də hakim dairələri narahat edirdi. Üçüncüsü, Abbasi xilafətinin çökməsi ilə İslam dünyasında lider ölkə olmaq uğrunda Sünni-Şiə mübarizəsi, daha çox tərəfdar qazanmaq üçün təriqətlərin xidmətlərindən geniş istifadə edirdi. Yüksələn Sünni Osmanlı və Sünni Teymuri dövlətləri, şiə-ələvi ideyalarının sıxışdırılmasına gətirib çıxarırdı. Nəsiminin öz qəzəllərində təsvir etdiyi kamil insan obrazı məhz yarı Tanrı, mistik bir obrazdır. Peyğəmbərlik, İmamlıq və Tanrılıq kimi üç mərhələdən keçməklə insan kamilləşir. Abdulbaki Gölpınarlı yazır ki, “ Hürufi inancına görə, Peygəmbərlik dövrü Adəmlə başlayıb sonuncu peyğəmbər Muhəmmədlə ( sallallahu aleyhi və səlləm) sona çatır. 5 Sonra isə İmamət dönəmi gəlir ki, o da imam Əli ilə başlayıb, sonuncu imam Həsən əlƏskəri ilə yekunlaşıb. Üçüncü mərhələ olan Tanrılıq mərhələsi isə Fəzlullah Nəimi Astarabadi ilə zühur etmişdir. O gözlənilən Mehdi və İsa peyğəmbərin özüdür.” ( Abdulbaki Gölpınarlı, Hürufi metinleri kataloqu, səh. 19). Bu üç sifətin Fəzlullahda cəmləndiyini və onun da ruhunun özündə ehtiva olunduğunu irəli sürən, Nəiminin xəlifələri Aliyul-Alə, Mir Şərif, Məcduddin Seyyid İshaq və digərləri kimi Nəsimi də, əslində bununla özündən öncə yaşamış Qərməti, Fatimi, Xaşxaşi ideyalarını təbliğ edirdi. Müasir tədqiqatçılardan doktor Shahzad Bashir, Fəzlullahın qurduğu sistemin İmamiyyə, İsmailiyyə və Ğulat şiyə təriqətləri ilə yaxından əlaqəli olduğunu qeyd etmişdir. ( Shahzad Bashir, Fazlullah Astarabadi and Hurufis, Oxfort, 2005, səh.62). Nəsimi şerlərinin poetik gücü o dövrün sadə xalq kütlələrinin əldə saxlanması üçün ən əsas vasitə idi. Həmin dövrün xüsusiyyətlərini nəzərə aldığımız zaman bir şeyi unutmamaq lazımdır. Texniki vasitələrin olmadığı bir zamanda insanların informasiya əldə edə bilməsinin ən asan yolu, məhz şairlərin şerləri, aşıqların el-el, oba oba gəzərək insanlara çatdırmaq istədikləri mesajlar, həmçinin sufi-batini ekollarına xarakterik olan dərviş təşkilatının yarıköçəri həyat tərzi sürən nümayəndələrinin xəbərləşmə sistemi idi. Bu üç vasitənin köməyilə hürufilik ideyaları Anadolu, Suriya, Orta Asiya və digər bölgələrdə geniş yayılırdı. Bu da təbii ki, hakim dairələri narahat edirdi. Gizli deyil ki, Osmanlı dövləti də məhz bu üsullarla Anadoluda hakimiyyətə tam nəzarət əldə edə bilmişdi. Ona görə Nəsiminin şerlərinin əslində poetikadan daha çox, sosial-siyasi cəhətdən araşdırılması lazımdır. Belə demək mümkündürsə, həyata keçməyən Nəsimi ideyaları, öz siyasi nəticəsini Səfəvilərin hakimiyyətə gəlməsi ilə tapdı. Eyni metodlardan istifadə edən Səfəvi ordeni də, qeyd etdiyimiz üç metodla xalq kütlələri arasında özünə inam formalaşdıra bildi. Əsas hədəf kimi Sünniliyin guya qəsbkar, mürtəce obrazını formalaşdırmaqla, həmçinin Mehdi faktını geniş ölçüdə istifadə edərək hakimiyyətə gələn Səfəvilər, özlərindən öncəki sufi-dərviş gələnəyinin praktikasından yararlana bilmişdi. Halbuki hürufilər hakimiyyət istəklərini daha çox dini motivlərlə pərdələyə bilmişdi. Osmanlı torpaqları içərisində bu ideyaların yayılmasının böyük bir təhlükə olduğunu anlayan Osmanlı sultanları XVI əsrdə hürufiliyi çox ciddi şəkildə təqib etmiş və bir çox təriqət üzvünü edam etdirmişlər. Sultan Mehmet və Sultan Murad zamanında saraya qədər yüksələn hürufi ideyaları təqiyyə üsulunu seçmiş və çox zaman Bektaşilik adı altında fəaliyyət göstərmişdir. Amma bu da bir faktdır ki, istənilən dini-siyasi cərəyanın məqsədi, öz ideyalarını daha güclü bir şəkildə təbliğ edə bilmək üçün iqtidar əldə etməkdir. Anadoluda sonrakı dönəmlərdə meydana çıxan üsyanların hamısında eyni ideoloji xətt özünü göstərməkdədir. 1511-ci ildə Şahqulu üsyanı, 1512-ci ildə Anadoluda Nur Əli Xəlifə üsyanı, 1520-ci ildə Bozoklu Cəlal üsyanı, 1526-27-ci illərdəki baba Zünnun və Şah 6 Qələndər üsyanları Mehdi inancını əsas alan və iqtidardan kənarda qalan köçəri türkmən bəyləri içərisində sünniliyin irticaçı, zalım obrazını yaratmaqla, əslində hakimiyyəti ələ keçirmək üçün dini motivləri alət etməkdən ibarət idi. Bu nöqteyi-nəzərdən hürufilik və Nəsimi ideyaları daha çox bu aspektdən araşdırılmalıdır. Digər bir məsələ də, Sovet dövründə Nəsmini kommunist dünya görüşü çərçivəsində izah etməyə çalışan ateist dairələr, bir neçə yöndən Nəsimiyə yanaşırdılar. Ən əsası isə, Nəsiminin kamil insan obrazının Sovet insanı kimi xarakterizə edilməsi cəhdləri var idi. Bu nə qədər həqiqətə uyğun idi? Əlbəttə ki, müəyyən paralellər aparıldıqda, kamil insana yönəlik və həqiqət gücünün əsasən bəşəriliyə fokuslaşdırılmış məntiqində, bu iki ideya arasında oxşarlıqlar mövcuddur. Məhz dini dünya görüşünün həqiqətləri ilə bunlar arasında ziddiyyət nöqtəsi də budur. İnsanın kamilliyinin onun Allaha daha çox ibadət və itaət etməsində meydana çıxdığını irəli sürən İslam dini, həqiqətin Allahda olmasını və insanın da bu həqiqətin məntiqi təsdiqi olmasını irəli sürür. Hürufilərin “Ənəl-Həqq” ideyası isə, insanın müəyyən mərhələdən sonra ilahiləşə biləcəyini irəli sürürdü. Bunun ən kamil nümunəsinin Fəzlullah Nəiminin timsalında meydana çıxdığını təbliğ edən müridlər, dini mükəlləfiyyətlərin bir mərhələdən sonra gərəksiz olduğunu deyirdilər. Yəni dini mükəlləfiyyətlər kamil insan üçün əhəmiyyətsiz bir hərəkətdən ibarətdir. Bütün bunlar sovet ideologiyası ilə Nəsiminin uyğunlaşdırılması üçün əsaslar olmuşdur.

 Zaman Piriyev.

Oxunub: 339
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az