Heç bir körpənin gözü yaşla dolmasın!
Yay fəslinin birinci ayının ilk gününə təsadüf edən Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci ildən bəri dünyada qeyd olunan ən ünlü beynəlxalq bayramlardan biridir. Hələ o zaman BMT bu təşəbbüsü dəstəkləyib və uşaqların hüquqlarının, həyatının və sağlamlığının qorunmasını prioritet sahələrdən biri elan edib. Uşaqların Beynəlxalq Müdafiəsi Günü, hər şeydən əvvəl, yetkinlərə uşaqların yaşamaq, fikir və din azadlığı, təhsil, istirahət və asudə vaxtlarına, hüquqlarına hörmət etməyi xatırladır. Həmçinin onları fiziki və psixoloji zorakılıqlardan, istismardan qorumaq ehtiyacını da aşılayır. Əlbəttə, humanist və ədalətli cəmiyyətin formalaşması üçün sadaladıqlarımızın hər biri zəruri şərtlərdir. BMT 1959-cu ildə qəbul etdiyi Uşaq Hüquqları Bəyannaməsində valideynləri, dövlət qurumlarını, yerli hakimiyyət orqanlarını, hökumət və qeyri – hökumət təşkilatlarını uşaqların hüquq və azadlıqları tanımağa, onlara riayət etməyə çağırıb. Hər bir ölkədə əhalinin təxminən 20 – 25 faizini təşkil edən uşaqlar fərqli məkanlarda yaşasalar da, müxtəlif təhlükələrə məruz qalırlar. Məsələn, bugünkü statistikaya görə inkişaf etmiş ölkələrdə uşaqlar televiziya və kompüter asılılığının mənfi nəticələrinin qurbanı olurlar. XXI əsrdə hər mənbədən məlumat əldə etmək mümkündür və bu “əlçatan” informasiyalar heç də həmişə övladlarımız üçün fayda gətirmir. Digər narahatedici məqam isə Qərbi Avropada uşaqların çox erkən cinsi inkişafı ilə bağlıdır. Yaponiyada əsas təhlükə kimi ənənəvi tərbiyə metodlarının get– gedə sıradan çıxması, əvəzində Qərb vərdişlərinin və davranış formalarının getdikcə daha çox yayılması göstərilir. Afrika və Asiyanın az inkişaf etmiş ölkələrinin uşaqları aclıq, QİÇS, savadsızlıq və hərbi qarşıdurmalarla üzləşirlər. Bəzən biz böyüklər uşaqların hələ az şey başa düşdüklərini zənn edirik. Çox zaman onların söylədiklərinə səthi yanaşırıq. Lakin uşaq neçə yaşında olursa – olsun, hər şeyi bir yetkin kimi dərk edir. Bəzən onlar hadisələrə elə münasibət göstərir, elə fikir bildirirlər ki, mat qalırsan. Özü də indiki zəmanədə uşaqların istək– arzularının qarşısında durmaq güc, dözüm istəyir. Onlar telefondan, planşetdən çoxlu informasiya alırlar və nəticədə gənclər qədər məlumatlı olurlar. Bu səbəbdən, uşaqları qayğı və sevgi ilə əhatə etmək, onlara yetkin insan kimi yanaşmaq çətindir, eyni zamanda, lazımdır və vacibdir. Daha “ağlı kəsmir, hələ uşaqdır”, “o başa düşməz, hələ balacadır” – kimi ifadələr işə yaramır. Məhz buna görə də indiki zamanın uşaqlarına yalnız maddi deyil, həm də mənəvi qida verilməlidir. Birmənalı şəkildə bilməliyik ki, uşaqlar valideynləri tərəfindən dəstəklənən, təqdir edilən zaman özlərini xoşbəxt və təhlükəsiz hiss edirlər. Unutmamalıyıq ki, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir. Axı uşaqlar dövlətin gələcəyi, dayağıdır. Həmçinin uşaqlar mənsub olduqları torpağın, ölkənin ümidi, gələcəyidir. Qayğı, diqqət, yüksək həssaslıq tələb edən uşaqlar, eyni zamanda, dövlət siyasətinin ən vacib prioritetidir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət uşaq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019- cu il tarixli sərəncam qeyd olunan kateqoriyadan olan uşaqlara dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Sərəncam bir daha göstərir ki, xüsusi qayğıya ehtiyac duyan uşaqlara, ümumən, reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyacı olan vətəndaşlara qayğının ildən-ilə artırılması, onların sosial müdafiəsi və qeyd olunan xidmətlərlə təminatının gücləndirilməsi dövlət başçısının uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman uşaqlara qayğı sisteminin inkişafında yeni mərhələ açır. Sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülür. Dövlət başçısının yeni fərmanı himayədar ailə institutunun ölkəmizdə uğurla formalaşmasına şərait yaradlır. Ölkədə həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsidir. Son illər həyata keçirilən tədbirlər içərisində böyüməkdə olan nəslə – körpə və kimsəsiz uşaqlara göstərilən yüksək səviyyəli qayğı böyük rəğbətlə qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009- cu ilin respublikamızda “Uşaq ili” elan edilməsi bu baxımdan böyük təqdirəlayiq bir addım idi. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Bu qayğının möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilməsi bir daha sübut edir ki, həmin istiqamət artıq dövlətin qarşıya qoyduğu zəruri vəzifələrdən birinə çevrilib. Azərbaycanın Birinci vitse – prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi nəcib missiya onu bütün Azərbaycan uşaqlarının ən yaxın dostuna və böyük himayədarına çevirib. Birinci xanımın gündəlik fəaliyyətini Vətənə bağlılıq, millətinə, xalqına sonsuz məhəbbət, xəstə və kimsəsiz uşaqlara qayğı, zəngin mədəniyyətimizə dərin hörmət, bir sözlə, insanlıq və bəşəri duyğular naminə fədakarlıq prinsipləri təşkil edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” – devizini rəhbər tutaraq, çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” – deyən Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşayan uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proqramı hazırlanıb. “Hər bir uşağın ailəyə ehtiyacı var” – kampaniyasını irəli sürməklə uşaqların ailələrə verilməsi kimi önəmli layihənin həlli istiqamətində milli-mənəvi dəyərlərimizi əks etdirən tədbirlərin keçirilməsinə nail olan Mehriban xanımın təşkilatçılığı ilə reallaşdırılan təşəbbüslərin əsasında bir vəzifə dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı övladlar yetişdirmək! Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Vətən müharibəsi şəhidlərinin əmanət övladlarını göz bəbəyimiz kimi qorumaq hər birimizin vicdan borcudur. Dünyamızın bəzəyi olan uşaqların istək və arzuları tükənməz olsa da, onları yerinə yetirmək hər kəsin istəyidir. Qoy həmişə uşaqların sevincinə şahidlik edək. Heç bir körpənin gözü yaşla dolmasın!