Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub.
Hazırkı dövrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərində  oynadığı rol artmaqdadır.  Ölkəmizin bərpaolunan enerji sektorunda da nəhəng potensial vardır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. 
Cari ilin oktyabrın 26-da bu sahədə daha bir əhəmiyyətli addım atılıb. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Prezident İlham Əliyevin açılış mərasimində çıxış edib. Ölkə başçısı çıxışı zamanı Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından danışıb. 
Bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığımız və dostluğumuz artım dinamika ilə inkişaf edir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır.
 Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Daha çox layihələr olacaq. 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması  Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.
 Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. 
 Həqiqətən də ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük. Milli neft şirkətlərimiz, enerji şirkətlərimiz ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var.
Prezident İlham Əliyev bir daha bəyan edib ki, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfelimiz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. 
 Ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq.
Prezidentin sözlərinə görə Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.
İşğaldan azad olunan rayonlarımızın da geniş enerji potensialları var. 
 Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib.
 Planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.
Şəhla İmanzadə,                      
Zəngilan Rayon İcra Hakimiyyətinin əməkdaşı



Oxunub: 241
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az