Amma çox qəhərlənməyin. Biz tək deyilik. - Müsahibə
Azərbaycan və Türkiyə arasında 1 Mart tarixindən qüvvəyə minməsi nəzərdə tutulan Preferensial Ticarət Sazişi imzalanmışdır. İllər öncə də bizim Rusiya Federasiyası da daxil olmaqla MDB ölkələrinin ( mətn qısa olsun deyə sadalamıram, internet resurslarında var ) bir çoxunun qoşulduğu Azad Ticarət Sazişimiz var və bunun nəticəsində ölkəyə daxil olan həmin mənşəli və həmin ölkədən göndərilən ( hər iki halın mövcudluğu şərtdir) mallar idxal gömrük rüsumundan azaddır. Bunun nəticəsində də preferensial mənşəli mallar sazişi olan ölkənin bazarına daha ucuz qiymətə daxil olur və sözsüz ki, nəticədə rəqibləri ilə müqayisədə daha çox satılır.
Bu sazişlər hansı ölkələrin iqtisadiyyatı üçün maraqlıdır, daha doğrusu maraqlı olmalıdır?
- Sözsüz ki, istehsalı, ixracı böyük həcmdə olan. Qısa bir təqribi müqayisə aparaq:
Məsələn, Rusiyadan Azərbaycana idxal olunan malların siyahısını tutsaq günlərlə dayanmadan yazmalı olarıq. Ərzaq məhsullarından tutmuş avtomobillərə, tikinti materiallarına, məişət avadanlıqlarına qədər. Qeyri-preferensial mənşəli mallarla müqayisədə Rusiya mənşəli malları biz idxal edərkən təqribi iki dəfə az gömrük ödənişi ödəmiş oluruq.
Biz Rusiyaya nə ixrac edirik?
- Bir neçə adda kənd təsərrüfatı məhsulu.
Bu sazişdən kim karlı çıxır?
- Şübhəsiz ki, Rusiya.
Kimə iqtisadi cəhətdən ziyandır?
-Sözsüz ki, bizə.
Amma çox qəhərlənməyin. Biz tək deyilik.
Bu sazişi bir çox MDB ölkəsi o zamanlar Rusiyanın diqtəsi ilə imzalayıb.
İndi də Türkiyə ilə belə bir saziş imzalanır. Fərq isə orasındadır ki, Türkiyə ilə konkret mallar üzrədir hələ ki. Yəni bütün mallara şamil edilmir bu güzəşt. Və bizim İqtisadiyyat Nazirliyi də bu “qələbəni” Azərbaycanın böyük iqtisadi perspektivi kimi qeyd edir. Bu siyahıda mal adları çoxalarsa, zatən iqtisadi cəhətdən gərgin durumumuz bir az da gərginləşəcək, büdcəyə daxilolmalarda ciddi azalma müşahidə olunacaqdır. Qardaş ölkənin bizə dəstəyinin qarşılığında belə bir öhtəlik götürmüşüksə, ona sözüm yoxdur. Yox əgər bu saziş bizim iqtisadiyyatımızı gücləndirmək məqsədilə bizimkilərin “inisiyativa”sıdırsa, o zaman yenə VAY.
Bu tip sazişlərə adətən güclü dövlətlər öz ixraclarını artırmaq üçün zəif dövlətləri məcbur edir. Məsələn, Rusiyanın zamanında etdiyi kimi. Yəni, ixracı az olan və qarşı tərəfdən idxal həcmi böyük olan dövlətlərə belə sazişlər qətiyyən iqtisadi kar vermir.
PS: Türkiyə Cümhuriyyətini mən də ikinci vətənim bilirəm. Bunun iqtisadi reallığa heç bir aidiyyəti yoxdur.
Kamil Eyyubov.