Şamaxı rayonu üzrə gənclər və idman sektorunun akt zalında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə gənclərin iştirakı ilə “Erkən nikah gənclik üçün bəladır!” mövzusunda maarifləndirici tədbir keçirildi.
İlk olaraq Şamaxı rayonu üzrə gənclər və idman sektorunun müdiri Şahmar Hüseynov tədbir iştirakçılarını salamlayaraq bu cür tədbirlırin keçirilməsinin əhəmiyyətini vurğuladı və bildirdi ki, hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikah yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Bu yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş son həddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir. Dünyada və ölkəmizdə də tətbiq olunan erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzardə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah problemin də aradan qaldırılması üçün ailələr, ayrı ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.
Daha sonra Şamaxı rayon Şəhriyar qəsəbə tam orta məktəbin psixoloqu Qumru Ağayeva erkən nikah və qızların təhsildən yayınması mövzusundan danışaraq bildirdi ki, təhsil və maariflənmə bütün azadlıqlardan üstündür! Çünki azad olmaq istəyirsənsə təhsil almalısan və maariflənməlisən. Qadın azadlıqlarını məhdudlaşdıran və zorakılığa yol açan ən böyük bəlalardan biri də erkən nikahdır.
Çıxışlardan sonra erkən nikah mövzusunda gənclərin sualları cavablandırıldı.
Oxunub: 86