İdman gənclərin sağlam ruhda tərbiyəsi, milli həmrəyliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyan bir sahədir. Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş və bu sahədə ardıcıl, sistemli tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasında idmanın inkişafı məqsədilə müxtəlif illərdə bir sıra dövlət proqramları qəbul edilmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində müasir idman kompleksləri, olimpiya idman mərkəzləri, stadionlar və üzgüçülük hovuzları inşa edilmişdir. Bu addımlar idmanın kütləviləşdirilməsinə, bölgələrdə yaşayan gənclərin idmana cəlb olunmasına və sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir.
Azərbaycanda idmanın müxtəlif növlərinin (Güləş, Cüdo, Futbol, Şahmat və s.) inkişafı dövlət dəstəyi, güclü infrastruktur, peşəkar məşqçi heyəti və gənclərin idmana cəlb olunması sayəsində davamlı xarakter alıb. Bu inkişaf ölkənin beynəlxalq idman arenasında uğurla təmsil olunmasına və idmançılarımızın müxtəlif idman növləri üzrə nailiyyətlər qazanmasına şərait yaradır.
Dünyada zəngin idman tarixi ilə tanınan ölkələrdən biri də Azərbaycandır. Güləş Azərbaycan xalqının qədim dövrlərdən bəri məşğul olduğu ənənəvi idman növlərindəndir.
Ölkəmizdə güləş idman növünün daha sürətli inkişafı üçün infrastrukturun yaxşılaşdırılması önəmli şərtlərdən biridir.
Xüsusən bölgələrdə bu istiqamətdə aparılan işlər bu gün geniş vüsət alıb. Artıq şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrdə də güləş zalları tikilərək istifadəyə verilir.
Belə zallardan biri də Qax rayonunun Almalı kəndində istifadəyə verilib.
Açılış mərasimində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşları, Almalı kənd İƏD üzrə nümayəndə, bələdiyyə, rayonun idman ictimaiyyəti, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, kənd sakinləri həmçinin yeniyetmə və gənclər iştirak edib.
Açılışda çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğının nəticəsi olaraq son dövrlərdə ölkəmizin idman sahəsində qazandığı uğurlardan danışaraq, əhali arasında sağlam həyat tərzinin təbliği və peşəkar idmancıların yetişdirilməsi üçün idman zallarının vacibliyini vurğulamışlar. Onlar həmçinin güləş zalının kənddə bu idman növünün inkişafına böyük təkan verəcəyinə inandıqlarını bildirmiş və güləşçilərə uğurlar arzulamışlar.