Yeni il gəlir. Həm də elə-belə yox, 2026-cı il at üstündə gəlir. At da adi at deyil ha, muraddır. Deyirlər, kim bu atın belinə minə bilsə, arzularına bir nəfəsə çatacaq. Biz də elə bunu arzulayırıq ki, hamı muradına çatsın, hamı atın belində olsun, kimsə yerdə qalmasın.
Amma bir problem var, yetim.
At var, murad var, amma yəhər tapılmır.
2026-cı ildə arzu edirik ki, insanlar arzularını tez catsın, yəni gecikmədən həyata keçirsin. Kim ev istəyir, alsın. Kim iş istəyir, tapsın. Kim sakitlik istəyir, heç olmasa bazar ertəsi bir az sakitlik görsün. Hamı atın belində gedə-gedə bir-birinə əl eləsin ki, sən də muraddasan.
Hə, şükür, hələlik. Bu dəfə məni minmədilər mən mindim.
Amma gəlin etiraf edək, qiymətlər bu atı qorxudur.
Qiymətlər elə bil ata yox, filə minib. At muraddır, qiymətlər isə muradı qorxudan yırtıcı kimidir, minir. Yeni ildə arzu edirik ki, qiymətlər də bir az insanlaşsın, enişə keçsin, heç olmasa liftdən düşsün. Çünki qiymətlər qalxdıqca, insanların sifəti düşür. Biz isə istəyirik ki, qiymətlər düşsün, sifətlər gülsün, tərsinə yox.
Bir də haqsızlıq məsələsi var.
2026-cı ildə arzu edirik ki, haqsızlıq məzuniyyətə çıxsın. Heç olmasa bir il. Dincəlsin, yorulub axı. İnsanlar rahat nəfəs alsın, niyə belə oldu, sualını daha az versin. Çünki bu sual artıq cavabsız suallar muzeyinə çevrilib.
Yeni ildə istəyirik ki;
-At murad olsun,
-Yol düz olsun,
-Qiymətlər aşağıdan baxsın.
-İnsanlar yuxarıdan gülsün.
Qısası, 2026-cı il at üstündə gəlirsə, qoy hamı minə bilsin. Kimsə arxadan qaçmasın, kimsə yəhər üçün növbəyə durmasın. Murad bir nəfərlik olmasın, kütləvi olsun. Endirimli, ədalətli, gülərüz murad olsun.
Yeni iliniz mübarək!
Atın belində, muradın içində, qiymətlərin kölgəsində qalmadan.
Minilməyək....
Alxas Məmmədov.