Maarifçilik yolunun fədaisi, Xanzadə müəllimə.
Əhmədova Xanzadə Yaşılxan qızı 1 yanvar 1946-cı il tarixində Qobustan rayonunun Ərəbşahverdi kəndində anadan olmuşdur. O, ilk təhsilinə Bakı şəhərindəki 176 saylı orta məktəbdə başlamış, məktəbi fərqlənmə ilə bitirmişdir. Elmə və biliyə olan sevgisi onu Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Filologiya fakültəsinin Alman dili ixtisasına gətirib çıxarmışdır.
Ali təhsilini başa vurduqdan sonra Xanzadə müəllimə bir il Təklə kənd orta məktəbində, bir il isə Qurbançı kənd orta məktəbində pedaqoji fəaliyyət göstərmişdir. 1968-ci ildən 2011-ci ilə qədər isə Şamaxı şəhər 2 saylı orta məktəbdə alman dili müəlliməsi kimi çalışaraq, bütöv bir nəslin formalaşmasında mühüm rol oynamışdır.
Xanzadə müəllimə yalnız savadlı xarici dil müəlliməsi deyil, eyni zamanda maarifçi düşüncəyə malik, məsuliyyətli və prinsipial pedaqoq olmuşdur. Onun dərsləri təkcə dil öyrətmirdi, həm də insan yetişdirirdi. Şagirdlərinə bir müəllim kimi deyil, bir ana kimi yanaşması onu hamıdan fərqləndirən əsas cəhətlərdən idi.
Əmək fəaliyyəti dövründə qüsursuz və nöqsansız çalışdığı üçün həm müəllim kollektivi, həm də şagirdlər arasında böyük nüfuz qazanmışdır. Bu nüfuz bu gün də davam edir. Vaxtilə onun dərs dediyi şagirdlər indinin özündə də Xanzadə müəllimə ilə əlaqə saxlayır, onunla həyat yollarını, uğur və qayğılarını bölüşür, müəllimələrinin halı ilə maraqlanırlar. Bu isə hər müəllimə nəsib olmayan böyük mənəvi qazancdır.
Xanzadə Əhmədova savadlı pedaqoq olmaqla yanaşı, həm də hədsiz dərəcədə qayğıkeş, mehriban ana olmuşdur. Tərbiyə edib böyütdüyü beş övladının hər biri istər məktəb illərində, istərsə də sonrakı həyatlarında cəmiyyətə nümunə göstərilən insanlardır.
Bu gün 80 yaşını qeyd edən qocaman müəllimənin nəvələri və nəticələri onun həyatına yeni rəng, yeni ümid və yaşamaq həvəsi qatır. Onun ömür yolu sübut edir ki, müəllimlik sadəcə peşə deyil, ömür boyu davam edən bir missiyadır.
Xanzadə müəllimənin yetirmələri barəsində dedikləri xoş sözlərdən.
Aqil Qasımov, Niftalı Səlimov, Mirzəyev Teymur zəhmətsevərliyi, əxlaqı və düzgün mövqeyi ilə müəlliminin ümidlərini doğruldan, cəmiyyət içində hörmət qazanan yetirmələrdəndir.
Elnur Əfəndiyev, Rövşən Mustafayev savadı və mədəni davranışı ilə Xanzadə müəllimənin pedaqoji əməyinin bariz nümunəsidir.
Qahir Şamxalov Sərdar Hüseynov, Farmanov Ramin, Talıbov Teymur məsuliyyətli, sözünün sahibi olan, müəlliminin verdiyi dəyərləri həyatında yaşadan yetirmələrdəndir.
Elman Dostumaliyev, Məhərrəm Şıxiyev, Nəbiyev Rafail
sədaqətli şagird, nümunəvi insan olaraq Xanzadə müəllimənin xatirəsində daim xüsusi yer tutur.
Belə müəllimələr məktəblərin yox, millətin yaddaşında yaşayır. Xanzadə müəllimə kimi pedaqoqların ömrü və fəaliyyəti gənc müəllimlər üçün əsl örnək, cəmiyyət üçün isə böyük dəyərdir.