Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Veteranlar Təşkilatının birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq, 12 aprel 2022-ci il tarixdə İsmayıllı şəhər Mərkəzi Meydanda açılış və ilk mərhələsi baş tutan, daha sonra İsmayıllı şəhər 3 saylı məktəb-liseydə digər mərhələləri davam etdirilən və gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyunları üzrə 15 komandanın iştirakı ilə keçirilən rayon birinciliyi başa çatıb. Keçirilən yarışda rayonun tam orta ümumtəhsil məktəblərinin komandaları qələbə uğrunda mübarizə aparıblar.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və əməkdaşları, rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Azərbaycan Veteranlar Təşkilatının İsmayıllı nümayəndəliyinin sədri Əlaləm Babayev, şəhid Ruslan Tağıyevin atası Fuad Tağıyev, şəhid Sübhi Mürsəliyevin anası Cəmilə Mürsəliyeva çıxış ediblər və komandaların üzvlərinə uğurlar arzulayıblar.
Şahin hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməkdən ibarətdir.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən oyunların yekununda qaliblər müəyyənləşdirilib. Rayon birinciliyinin yekun nəticələrinə əsasən I yeri İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı məktəb-liseyin komandası, II yeri İvanovka kənd tam orta məktəbin komandası , III yeri isə Talıstan kənd tam orta məktəbin komandası tutub.
Qalib komandalar İsmayıllı rayon Gənclər və İdman İdarəsinin öncədən hazırlanmış diplomları və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Qeyd edək ki, rayon birinciliyinin qalibi olan 3 saylı məktəb-liseyin komandası “Şahin” hərbi-idman oyunu üzrə Yevlax rayonunda keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.