
Soyuduçu ilə söhbətim.
( Satira )
Mətbəxdə oturub şor qarışdırırdım ki, sonra yeyim. Yuxum gəldi, gözüm ağırlaşdı, gördüm ki, soyuducu yaman arıqlayıb. Qapısını açdı, mənə qımışdı və dedi ki;
- Ay kişi, bu nə gündə qoymusan məni. Nəsə al, doldur. Biraz kökəlimdə.
- Alım. Bu qalxan qiymətlərdən mən nə alım axı, dedim.
- Yəni necə nə. Sən də camaat kimi aldat, rüşvət götür, pul gəlsin. Mən də kökəlim. Özün bil, evdə hamı,yaman narazıdır.
- Haramı evə gətirib səndə saxlayım, sonra yeyim ?
- Eh, çox adam, haramı soyuducuda saxlayır. Sonra qızdırıb yeyir. Belə başa, düşürlər ki, haram soyuqdan ölüb, yemək olar. Necəki, kasıb soyuqda ölürsən, haramdan eyni tamaşadır. Sən gətir, istəsən, mən onu marazilkada da gizlədərəm. Doğurdan marazilkada çoxdandır ət olmur. O hara yoxa çıxıb ?
Sonra səsini bir az alçaltdı ki;
- Amma öz aramızda, sən məni ərzaqla yox, dərmanla doldurmusan ha.
Bir udum şor boğazımda qaldı. Başımı salladım:
- Nə edim, maaşım dərmana çatır, produkta yox. Ərzaq cibimə düşməyib, dərman isə mədəmə.
Soyuducu qapısını cırıldadıb bağladı. İçində dərman şüşələri xışıltı ilə titrədi. Mən isə düşündüm ki, bizdə artıq aclıqdan çox, dərmanlıqdan doyan qarın var.
------------------------------------------------------------------------------------------------------------
Soyuduçudan sonra tarakanlarla olan söhbətim...
( Satira )
Gecəyarısı idi. Su içmək üçün mətbəxə keçdim. İşığı yandıranda gözlərimə inanmadım, stolun üstündə beş-altı qocaman tərəkan oturmuş, aralarında nəsə müzakirə edirdilər. Mənə tərəf döndülər, amma qaçmadılar. Gözümün içinə baxıb sanki salam verdilər. Mən də utana-utana salamlarını aldım.
O vaxt tərəkanlardan biri dilləndi ki;
– Ə, qardaş , bəs nə qırıntı, nə zibil qabı, nə qalıq yoxdur. Biz nəylə dolanaq. Sən bizi heç düşünmürsən.
Sözün düzü, cavab verə bilmədim. Utandım, susdum.
Birdən aralarındakı axsaqqal tərəkan sözə qarışdı ki;
- İncimə, neçə ildir bu evdə dostluq görmüşük. Amma indi, vallah, qalmaq olmur. Soyuducu boş, zibil qabı boş... Külfətimiz var, uşaqlarımız var. Biz sizdə çox qala bilməyəcəyik. Qonşuya köçəcəyik.
Sonra başqa birisi söz atdı ki;
- Özün cəhənnəmə, heç olmasa bizi və bizim uşaqları düşün. Keçən dəfə soyuducu ilə danışırdın, vallah, biz utanırdıq sənin yerinə.
Sözləri qulaqımda uğuldayırdı. Çünki haqları var idi, əvvəllər tərəkan insan görəndə qaçardı, indi isə aclıqdan dil açıb dərdini deyir.
O gündən sonra mətbəxə girəndə əvvəl sağa-sola baxıram ki, görüm, tərəkanlar buradadır, ya yox. Əgər yoxdurlarsa, sanki içimdən bir yük qalxır. Amma ürəyimin dərinliyində bilirəm ki, əslində utanmalı olan mənəm.
----------------------------------------------------------------------------------------------------------------
Fəhlə, tikinti aksesuarıdır...
Bəzən adam fikirləşir ki, fəhlə özünü doğrudan da insan sayırmı. Axı hər gün daş-daşı, torpaq qarışdır, amma qarşılığında bir stəkan çayla, bir tikə çörəklə aldan. Sən demə, fəhlə işləmək üçün yox, işlədilmək üçün yaradılıb.
Əməkdaşlıq. Yox. Ədalət. Heç əsla.
Fəhlə işləyir, sahibkar yatır. Fəhlə tərləmiş əlini silir, kimsədə o tərlə yuyunmadan kreslosunda xoruldar.
Ən qəribəsi odur ki, fəhlənin zəhməti az qala günah sayılır. Çünki zəhmət çoxaldıqca cib boşalır, ciblər dolduqca isə fəhlə daha da ac qalır.
İndi fəhlə, fəhlə deyil. Quldur da deyil. Əslində o, müasir varlı cəniyyətin məcburi quludur. Quldurun heç olmasa qəniməti var, fəhlənin isə qisməti yoxdur.
Amma fəhlənin də günahı az deyil. Çünki bir gün üsyan etməyə, haqqını tələb etməyə gücü çatsa, bəlkə də bu qəddar xozeyini silkələnər. Amma yox, fəhlə üsyan etmək əvəzinə çörəyini bölüb kasıblığa təslim olur, və nəticədə sual doğur ki, fəhlə insanmı, yoxsa ancaq iş gününün tikinti aksesuarı yada materialıdır.
-------------------------------------------------------------------------------------------------------------
Bir bozbaşa satılanlar...
Əvvəlcə sizə bir qab yemək verəcəklər. Özü də elə təqdim edəcəklər ki, guya bu yemək onların lütfüdür, sanki göydən nazil olub. Sonra isə deyəcəklər ki, biz doyurduq, indi sən də borcunu qaytar bizə səsinlə. Yəni dinmə, sakit dur.
Adam ac qalanda düşünür ki, bir qab aş bir dəstə azadlıqdan qiymətlidir. Çünki aclığın yanında bir boşqab demokratiya iştah açmır. Beləcə, yeməklə doyan mədə azadlıqdan imtina edən beyni susdurur.
Bir müddət sonra isə belə bir səhnə yaranır ki, oba seçkiyə gedir, qələmi qarnının diktəsi ilə tutur. Çünki mədəsi deyir ki, məni kim doyurdusa, sən də ona səs ver.
Ən acınacaqlısı isə budur ki, bu oyun bitmir. Növbəti seçkidə də eyni teatr qurulur, əvvəl yemək paylanır, sonra səs yığılır. Nəticədə camaat qarınqulu, kimsədə isə səsqulu olur.
Axırda insan düşünür ku, görəsən, biz yeməyi yeyirik, yoxsa yemək bizi.
---------------------------------------------------------------------------------------------------------
Birinci qol və qəflətdən çıxan səs..
Maraqlı faktdır ki, hər dəfə paşik çıxıb deyəndə ki; -Zəngəzur dəhlizi deyilən anlayış yoxdur, elə bil Qarabağ FK-nın futbolçularına vur kamandası verilir. Onlar da meydanda sübut edirlər ki, var. Həm də necə var, qapıda, müdafiədə, hücumda...
Bir növ, paşikin dilindən çıxan, yoxduru sözünə. Qarabağ ayağı ilə cavab verir. Bir növ paşikin ağzından vurur.
Sağ ol, Qarabağ...
“Qarabağ” - “Kopenhagen” oyunu başlayandan binada qəribə səslər dolaşırdı. Televizor hələ danışmağa başlamamış, qonşunun qışqırığı damı silkələdi ki, ay Zubir, vur, ay oğlum, vur. Mən də oturub duaların siyahısını götürdüm, əvvəl öz dilimzdə, sonra Yasin-i, sonra da hər ehtimala qarşı Ququlda Translatedən latınca nəsə oxudum. Qol gələn kimi pir seyidlər, bütün ocaqlar, məscidlər, hətta qonşunun balkonundakı çiçəklər də bu qələbənin şahidi oldu. 28-ci dəqiqədə Zubir vurdu. Mənim də başımda şimşək çaxdı. Qapının ağzında ayaqqabıları çıxarıb saldo vurmaq və şpaqata getmək istədim, amma ayaqqabıların altı palçıqlı idi, nəticədə soyuducunu qucaqlayıb öpdüm. Vallah, heç soyuducu da pis oynamırdı, bütün stressi öz içinə çəkirdi, mənə isə sadəcə qazlı su qismət oldu.
Telefonum isə coşmuşdu, sosial şəbəkədə hamı milli məşqçi olmuşdu, biri deyirdi müdafiəni bağla, o biri deyirdi pressinq et, üçüncüsü isə yazırdı ki, bu hakimin dədəsi Danimarkada inək otarır.
Amma ən qəribəsi odur ki, qol vurulan kimi binadakı 4-cü mərtəbədə oturan nənə də sevinib dedi ki, ay bala, nə yaxşı ki, Toyuqçuluqda işıq kəsilmədi, yoxsa bu qolu görə bilməzdik.
Mənim isə artıq dua ehtiyatım qalmamışdı. Bir oyun üçün nə qədər dualar oxumaq olar. Axırda düşündüm ki, bəlkə də oyunun nəticəsini futbolçular yox, mənim oxuduğum dualar həll edir. Əgər “Qarabağ” qalib gəlsə, özümü müqəddəs elan edib Qələbə pirini açmaq fikrim var.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Nəyini sevim mən bu dünyanın...
Hərdən oturub öz-özümə düşünürəm ki, bu dünyanın nəyini sevim axı. Sevmək üçün bir səbəb qalsa da, bir sevməyə səbəb olanda,min səbəb tapılır ki, nifrət edəsən.
Məsələn, oğrular… Bəli, bəli, elə bildiyiniz oğrular. Onlar indi sadəcə oğru deyil, strateq, iş adamı və ya uğurlu sahibkar adı ilə at oynadırlar. Dünən qonşunun toyuğunu oğurlayan bu gün nəyinsə sahibidir. İndi bir az da üzün qara olsun, üstündə kostyum. Camaat səni iş adamı tanısın, müəllim desin.
Sonra şərəfsizlər… Əslində, normal diyarda belə adamlara heç salam da verilməz. Amma bizdə ad-san qazanır, orden-medal alır, üstəlik tribunadan sənin üçün çalışıram deyə gurultulu çıxışlar edir. Hələ bir də əslində biz siz üçün yaşayırıq nağılına inandırırlar.
Axmaqlara gəldikdə isə, onların qayda qoyması artıq təəccüblü deyil. Əksinə, axmaqlar qayda qoymasa, normal adamların nəfəsi darıxır. Onların təfəkkürü olmadan hansısa qəribə qanunlar, mənasız qadağalar, gülünc tapşırığlar haradan çıxa bilərdi ki ?
Pozğunluq isə, lap aş yeyir. Amma elə-belə aş yox ha, paytaxt restoranlarında VIP plov sifariş edir. Halal insanlar isə yenə quru çörəklə əhd-peyman edir. Ədalət isə çoxdan plakatlarda, şüarlarda qalıb. Real həyatda onun qiyməti bazarda tərəvəz kimi dəyişir, sabah ucuzlaşar, biri gün bahalaşar.
Elm. Elm artıq kitabxanaların tozlu rəflərində qalıb. Orda da yavaş-yavaş ekspiriment keçirirlər, görək neçə ilə çürüyəcək. Amma cahillik. O, mikrofon tapanda əla səviyyəsində qışqırır, həqiqəti diktə edir.
Ən maraqlısı isə odur ki, bütün bunları görə-görə hələ də kimsə soruşur ki, ,bu dünyanın nəyini sevirsən.
Mənim cavabım sadədir: mən bu dünyanın satirasını sevirəm. Çünki başqa sevəsi bir şey qalmayıb.
Alxas Məmmədov.
----------------------------------------------------------------------------------------------------------------
Oxunub: 29
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az