Qadınları xoşbəxt etmək çətin deyil. Yetər ki, doğru cümləni deyəsən. Yox, bu səni sevirəm deyil. Bu artıq çoxdan istifadə müddəti bitmiş komplimentdir. Qadınlar artıq o sözlərlə yox, əsl qəhrəmanlıqlarla xoşbəxt olurlar. Və bu qəhrəmanlıq, həmin sözlərdə gizlidir.
Yox, hələ demirəm. Bir az səbri sınayırıq.
Əvvəlcə keçmişə baxaq. Nənələrimizin dövründə xoşbəxt edən söz çörək aldım idi. Çünki kişi çörək tapırdısa, qadın dərhal xoşbəxt oldum rejiminə keçirdi.
Sonra müasir dövr gəldi, bu gün uşaqları sən məktəbə apar sözləri qadınlara sükut içində bir bayram yaşatdı. Hətta bəzi qadınlar bu cümlədən sonra sevinc göz yaşları tökdülər amma mətbəxdə, soğanın üstünə, hiss etdirmədən...
Amma indiki dövrün ən təsirli, qadını yerindəcə xoşbəxt edən həmin sözləri deyim də;
- Kartın PIN kodunu dəyişmədim, əvvəlki kimidir.
Ah, bu cümlənin yaratdığı sevinc Elə bil qızılgül yağışı yağır. Elə bil Baku Electronics özəl endirim edir, amma yalnız onun adına. Elə bil serialın son bölümü sızıb, hamı ağlayır, o isə artıq baxıb.
Başqa hansı cümlələr var? Buyurun, qadın xoşbəxtliyi ensiklopediyasından seçmələr:
- Sən yat, qabları mən yuyaram.
- Bu don sənə çox yaraşır, amma yenisini də alaq.
- Ananla çox gözəl yola gedirik.
- Diyetdəsən deyə, tortu özüm yemədim.
Bəli, qadınlar sadədirlər. Onlar bahalı hədiyyə deyil, dürüst diqqət, şirin yalan və kartın balansı ilə xoşbəxt olurlar. Amma əsas odur ki, kişi həmin sözləri vaxtında desin.
Çünki əks halda, qadınlar o məşhur sözü deyəcəklər ki;
' Əhvalım yoxdur…
Və bu cümlədən sonra kişilər üçün həyat ən həyəcanlı triller filmə çevriləcək.
Alxas Məmmədov.