Toylarda musiqi mədəniyyəti və səviyyə problemi....
Son dövrlərdə müşahidə edirik ki, bəzi toy məclislərində musiqi səviyyəsi həddən artıq yüksək olur. Bu səs, təkcə ətrafdakılara narahatlıq yaratmaqla qalmır, həm də məclisdə iştirak edən insanların əhvalına və səhhətinə mənfi təsir edir. Toydan çıxandan sonra baş ağrısı, qulaq çınlaması kimi hallar, demək olar ki, adi hala çevrilib.
Əslində musiqi, toyu gözəlləşdirməli, insanlara xoş ovqat bəxş etməlidir. Lakin bizdə bəzən musiqi elə səviyyəyə qaldırılır ki, artıq insan toydan qaçmaq istəyir. Bu, mədəniyyət deyil, səsin zorakılığıdır.
Mən təklif edərdim ki, toylarda müəyyən bir musiqi balansı qorunsun. Musal üçün, hər beş ritmik mahnıdan sonra ən azı üç romantik və ya yavaş tempdə musiqi səslənsin. Musiqinin ümumi səsi zaldakı insanlar üçün uyğun səviyyədə saxlanılsın, mikrofon və akustik texnikadan peşəkar şəkildə istifadə olunsun.
Toyun əvvəlində və ya sonunda sakit, zövqlü musiqilərə yer ayrılsın bu həm qulaq dincəldər, həm də mərasimin mənəvi estetik dəyərini artırar.
Oynamaya meyilli insanlar məclisin daha sonrakı mərhələsində rəqs üçün səhnəyə dəvət oluna bilər ki, bu da balans yaratsın.
Azərbaycanın zəngin musiqi irsi var, muğamlarımız, xalq melodiyaları, klassik estrada və instrumental əsərlər. Bu qədər gözəl musiqilər varkən, məclisləri səs-küy yarışına çevirmək nə dərəcədə doğrudur ?
Toy mədəniyyəti xalqın güzgüsüdür. Gəlin bu güzgüdə gözəl əks olunaq.
Alxas.
Oxunub: 24
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az