Azərbaycan tamaşaçısının simasını illərdir tanıdığı, səhnədə gülüş və düşüncə ilə insanları bir araya gətirən Allahverdi Yolçuyev bu gün Bakının küçələrində corab satır. Bəli, səhv oxumadınız, tanınmış satirik aktyor, uşaqların sevimlisi, minlərlə tamaşaçının alqışladığı sənətkar indi corab sataraq həyatını davam etdirir.
Allahverdi Yolçuyev sıradan biri deyil. O, illərlə televiziya tamaşalarında, uşaqlar üçün proqramlarda, satirik çıxışlarda iştirak etmiş, gülüşü ilə düşündürməyi bacaran nadir sənətkarlardandır. Onun səsi, baxışı, jestləri bu xalqın yaddaşında iz qoyub. Amma bu gün o, səhnədən daha çox küçədə, bir qutunun arxasında, əlində corabla görünür.
Məsələnin kökündə isə bir neçə il əvvəl keçirdiyi beyin əməliyyatı və sonrasındakı maliyyə çətinlikləri dayanır. Pensiyası cəmi 336 manat olan sənətkar, gündəlik dərman xərclərini, dolanışığını ödəmək üçün öz gücünə, alın tərinə güvənərək corab satmaq qərarına gəlib. Deyir ki, dilənçi deyiləm, fəxr edirəm ki, öz zəhmətimlə qazanıram.
Bu hal bir sənətkarın şəxsi faciəsi yox, sistemli bir problemin göstəricisidir. İllərini dövlət səhnələrində, ictimai televiziyalarda keçirən insanlar yaşlananda unudulmamalıdır. Pensiya sistemində xüsusi xidmətləri olan şəxslər üçün daha fərqli, insana yaraşan yanaşma olmalıdır.
Sevindirici hal odur ki, bu məsələ ictimailəşəndən sonra, Mədəniyyət Naziri şəxsən Allahverdi Yolçuyevlə maraqlanıb və onun yenidən işlə təmin olunması üçün addımlar atılıb. Bu, alqışlanası və nümunə ola biləcək bir hərəkətdir.
Lakin məsələ təkcə bir aktyorun işi ilə təmin olunması ilə bitmir. Bu hadisə bizə aşağı səviyyəli pensiya məbləğlərinin, sənət adamlarına verilən dəyərin və yaşlı insanlara münasibətin ciddi şəkildə müzakirəyə çıxarılmalı olduğunu xatırladır. İnsan ömrünün sonunda, xüsusən də xalqına xidmət etmiş bir ömrün sonunda, çörək dərdi ilə küçəyə düşməsi utancvericidir.
Allahverdi Yolçuyev oğurluq etmir, yalan danışmır, xalqın qarşısına başı dik çıxır. Bu, həm örnəkdir, həm də xəbərdarlıq ki, pensiya sistemi dəyişməlidir, yoxsa biz digər Yolçuyevləri də itirəcəyik.
Alxas.