
Fikirləşmək qadağandır!
Biz elə bir unikal millətik ki, əvvəl iş görürük, sonra fikirləşirik. Yəni beynimiz neçə.. rejimdə işləyir. Sanki kollektiv bir şüurumuz var, amma o şüur hələ yoldadır. Gəlin birlikdə bizdı klassik "əvvəl çək, sonra qaz" fəlsəfəsinə nəzər salaq:
Asfaltı çək, sonra qaz...
Şəhərin mərkəzinə yeni asfalt çəkildi, hamı sevinir, çəkilişlər gedir, lentlər kəsilir. 3 gün sonra texnika gəlir, eyni yerdə kanalizasiya sistemi üçün asfaltı qazır. Sanki asfaltı üstü bəzək, altı təmirlik üçün çəkiblər. Bəlkə də bu, yeni turizm layihəsidir ki, nona təmirə açıq yolları, gəlin, baxın, qazın, sonra ağlayın.
Yolu çək, sonra keçidi axtar...
Yol çəkilir, xətlənir, maşınlar sürüşə-sürüşə gedir. Amma bir problem var ki, piyadalar havada keçməlidir. Çünki piyada keçidi, növbəti mərhələdir. Gərək camaat biraz əzilsin ki, "keçid lazımdır" anlayışı başlasın. Əgər piyadalar kütləvi şəkildə qaçmağa başlayırsa deməli, keçid yoxdur. Məsələyə yaradıcı yanaşma da var: "Əvvəl yolla tanış olun, sonra istifadə edin!"
Binanı tik, sonra düşün ki, bura kim girəcək...
Yeni binalar tikilir, par-par, şüşə-şüşə. Amma nə məktəb var, nə xəstəxana, nə də dayanacaq. Sanki bina tikilib ki, şəhərin mənzərə balansı pozulmasın. Sonra başlayırlar: "Bura məktəb lazımdır axı!" Cavab sadədir: “Əvvəl daş, sonra baş.”
Park sal, sonra xatırla ki, ağac da lazımdır...
Yeni park salınır, ot örtüyü yerinə kafel, kölgə əvəzinə vayfay, dincəlmək üçün də 3 skamya. Ən əsası isə , bir dənə ağac yoxdur. Səbəb: “Əvvəl park saldıq, indi baxırıq görək nə çatışmır...” Hər şey var, bir tək təbiət yoxdur!
Protokolu yaz, sonra hadisəni araşdır...
Bir hadisə baş verir, hələ araşdırılmamış mətbuat konfransı keçirilir: "Hadisəyə hüquqi qiymət veriləcək." Əslində, qiymət verilib, hadisə isə hələ başa düşülməyib. Araşdırma sonradan başlayır....
Bizdə hər şeyin məntiqi çox sadədir:
Əvvəl tərif gəlir,
Sonra tənqid başlayır,
Sonda da “yenidən baxılacaq” deyilir.
Alxas Məmmədov.