Xızır Nəbi bayramı haqqında əfsanələr çoxdur . Ancaq mənim ən sevdiyim atamın danışdığıdır .
Atam belə deyərdi :
Əfsanəyə görə ucqar bir kənddə əri ölmüş , beş uşaq anası kimsəsiz bir qadın qışın qıtlığından əziyyət çəkirmiş. Balalarına çörək bişirmək üçün unu qurtarmış , evdə dişə dəyəsi bir çöp belə qalmamışdı. Yenə axşamdan uşaqlarına su içirdib yatıran ana ağlayıb Allaha dua edir . Belə deyir :
- ilahi mən Yusuf peyğəmbər deyiləm ki məni də quyudan çıxarıb Misirə sultan edəsən . Mən Əyyub peyğəmbər deyiləm ki, qurd düşmüş yarama şəfa verəsən . Mən günahkar bəndən, başsız qalmış gəlinəm. Bu qara qışda bizi naümid qoyma ! Deyirlər kim darda olarsa Xızır dadına çatar . Mənim də gümanım onadır . Onu dadımıza yetir , Pərvərdigara!
Qadını elə kürsü başında yuxu tutur yatır . Səhər sübhdən qapı döyülür . Qonşu bəyin nökəri deyir ki , bəs bəy səni çağırır. Qadın sevinəcək bəyin qapısına yollanır . Bəy deyir :
- Mənim xadimlərimin işi çoxdur . Anbardakı kisələri çırpıb, yuyub , qurudub geri verə bilərsənmi? Əvəzində 3 gün uşaqların burda qarınlarını doyuzduracaq . Qadın sevinir . Şükür edib gedir . Kisələri yığıb evinə aparır . Dibində qalan bir dəni belə qənimət bilir . Yerə dəstərxan açıb kisələri çırpamağa başlayır . Buğda , qoz - fındıq ləpəsi, qarğıdalı dənəsi, küncüt , çətənə.... Töküldükcə bərəkətlənir . Dəstərxan dolur . Qadın sevindiyindən ağlayır . 3 günə anbarın bütün kisələrini evə gətirib çırpır . Yuyub kürsü başında qurudub geri verir. Üç gün bitəndə otağın bir küncündə bir qalaq dənli olur . Qadın bu dənlilərin köhnəldiyini, bərkdiyini görür. Ona görə də hər axşam üstünə su çiləyib sacda qovurur . Ta yaza qədər qovurqa ilə qarınlarını doyururlar. Qadın anlayır ki, Allah onun duasını eşidib . Xızır peyğəmbər də həmin gün bəyin dilindən danışıb . Sonralar qadın bu əhvalatı bütün el-obaya danışıb . Qışdan qalan boyat dənliləri qovuranda hamı Hz Xızırı yad edib . Qara qışdan sağ çıxıb yaza qovuşduqları üçün şükür ediblər .
Əminəm ki , bu əhvalatı atam uydurub . Çünki heç yerdə rastıma çıxmır . Mən də Xıdır Nəbi bayramını belə tanımışam . Sevmişəm . Onun ətrini heç nə əvəz etmir . Elə indi bu saatda bütün evlərdən qovurqa ətri qalxır . Şəhər Xıdır Nəbi ətrindədir !
Allah dəstərxanınızı açıq etsin!
Allah ruzinizi bol eyləsin !
Allah bütün sıxıntılarınızı bu qışın qarı kimi əridib yox edib suya döndərsin!
Sıxıntıda olanda inanın ki , Xızır dadınıza yetəcək !
Əlizadə.
Oxunub: 165