Sənsən axır gümanım, son umudum, ağ buludum, Qanla dolmuş gözümü səndə yudum, ağ buludum.





Sənsən axır gümanım, son umudum, ağ buludum,
Qanla dolmuş gözümü səndə yudum, ağ buludum.
Bir günəş üzlü əlindən can üzən dərdim var,
Bəlkə sayəndə bu dərdi unudum, ağ buludum.
Sən ovundur məni öz yumşaq əlinlə, tut əlim,
Güc alıb mən də bu könlü ovudum, ağ buludum.
Bəsdi hicran havasın sinəmə çəkdim gecələr,
Mənə vəslin nəfəsin ver bir udum, ağ buludum.
Yanıram, yoxdu yanan halıma, sən dadıma çat,
Yağmurun seltək axıt, sönsün odum, ağ buludum.
Atəşindən qoru bu könlümü arsız günəşin,
Necə könlümdə səni mən qorudum, ağ buludum.
Kölgə sal fikrimə, ilhamımı yandırmasın eşq,
Təbimi buz baxışında soyudum, ağ buludum.
Arifəm, tut başım üstündə qərar sübhə kimi,
Mənə yoldaşlıq elə, ağ buludum, ağ buludum.
Arif Buzovnalı

Oxunub: 208
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az