Bu gün görkəmli aktyor, rejissor Adil İsgəndərovun doğum günüdür.
Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi.
1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar. Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurmuşdu. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil İsgəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verdi. "Vaqif" milli teatr tariximizdə ən uğurlu tamaşalardan idi. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrildi. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaratmışdı. Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşğun bir mühit formalaşmağa başladı. Hər şeydə yenilik var idi. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı. Ələsgər Ələkbərovun şaqraq səsi bu quruluşa özünəməxsus bir ovqat gətirirdi. Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqim səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi.
Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına "Azərbaycanfilm" kinostuduyasına direktor (1966–1974) təyin etdilər.