Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 129 illiyi tamam olur.




1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti  Əhməd Cavadın  həyatında müstəsna rol oynamışdır. Müstəqil Azərbaycan Respublikasının tarix səhnəsinə qədəm qoymasını ürəkdən alqışlayan, onun mövcudluğuna, dövlət rəmzlərinə, milli ordusuna alovlu şeirlər yazan və bu siyasi hərəkatda fəal iştirak edən 26 yaşlı Əhməd Cavadın həyatının ən xoşbəxt anları Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. Ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev də Əhməd Cavad yaradıcılığının milli respublika dövrünü yüksək qiymətləndirərək, şairin bu zaman kəsiyində yazılmış şeirlərini onun ən yaxşı əsərləri sırasına daxil edir.
1920-ci il aprel ayının 28-də  XI sovet ordusu tərəfindən Azərbaycan işğal edildikdən sonra Ə.Cavad ailəsi ilə birlikdə Qusarın Xuluq kəndinə (o vaxtlar Qubanın ərazisi hesab edilirdi) köçərək orada müəllim, sonra isə Quba Xalq Maarif Şöbəsinin müdiri işləyir.  1922-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun Ədəbiyyat və tarix fakültəsinə qəbul olunduqdan sonra Bakıya köçür, savadsızlığı ləğvetmə kurslarında  və Nərimanov adına Pedaqoji Texnikumda müəllimlik fəaliyyətini davam etdirir, Bakı ədəbi mühitində çox böyük şöhrət və nüfuz qazanır.
Cəmiyyətin ruhunu, mənəvi simasını şeirlərində dolğun əks etdirən Ə.Cavad  1924-1926-cı illərdə Azərbaycan Şura Yazıçıları Cəmiyyətinin məsul katibi vəzifəsində çalışır. Bu dövrdə şairin paxıllığını çəkənlər, gözü götürməyənlər də az deyildi. O, böhtan və tənələrdən qurtulmaq üçün 1929-1930-cu illərdə Gəncəyə köçməyə məcbur olur. Beş il Gəncədə yaşayıb- yaradan Əhməd Cavad özünə qarşı edilən haqsız hücumlardan ruhdan düşməyərək, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Türk və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, Gəncə Dram Teatrında ədəbi hissə müdiri vəzifələrində işləyir. 1933-cü ildə ona professor adı verilir. Ə.Cavad 1934-cü ilin iyun ayında Azərbaycan Yazıçılarının Gəncə filialından Bakıda keçirilən  Şura Yazıçılarının I qurultayına nümayəndə seçilir. Həmin qurultayda Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir və "Azərnəşr"də işləmək üçün dəvət alır. Yenidən Bakıya köçür, əvvəl Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor, sonralar isə "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri vəzifələrində çalışır. Bakıda olduğu müddətdə daha məhsuldar işləyən Əhməd Cavadı bu dəfə də rahat buraxmırlar. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, sovet dönəmində cəmi səkkiz şeiri dərc edilib. Hər şeirindən sonra yersiz şantaja, haqsız tənqidə məruz qalan şair məcbur olub dünya klassiklərindən tərcümələr edir. Bunu da ona çox görürlər. Sinəsi söz dustağı, özü isə göz dustağı olan Əhməd Cavad 1937-ci il mart ayının 21-də - Novruz bayramı günü müəllimi Hüseyn Cavid və Vəli Xuluflu ilə bir gecədə bolşeviklər tərəfindən  həbs edilir.  Səkkiz aya yaxın NKVD zirzəmisində işgəncələrə məruz qalan Əhməd Cavadı 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə döyə-döyə qətlə yetirirlər. Yeri gəlmişkən, Azərbaycanın tanınmış ziyalıları Bəkir Çobanzadəni, Böyükağa Talıblını, Vəli Xuluflunu, Məmmədkazım Ələkbərlini, Hənəfi Zeynallını, Xalid Səid Xocayevi də həmin gecə güllələmişlər.
Azərbaycan 1991-ci ildə öz tarixi müstəqilliyini bərpa edəndən sonra yüzlərlə Azərbaycan ziyalısı, Azərbaycan yazıçısı kimi, Əhməd Cavad yaradıcılığının da üzərinə işıq düşdü. Kitabları çap olundu, haqqında məqalələr yazıldı. Müstəqil Azərbaycanın çiçəklənən gələcəyini qabaqcadan görən ümummilli lider Heydər Əliyev deyirdi: "Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıb. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıb. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir. Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır - Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni.  Hər  ölkənin himni özünə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu, təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himn müəllifləri bu himni nə qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən mən yenidən  iftixar hissi duyuram".                                                         
Ümummilli liderin yüksək qiymət verdiyi, iftixar hissi duyduğu Dövlət himnimizin sözlərini 1918-ci ildə milli marş kimi  Əhməd Cavad yazmışdir. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etmiş və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilmişdir. Təəssüflər olsun ki, 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu sözləri Əhməd Cavadın olan Azərbaycanın milli himnini qəbul etməyə imkan verməmişdi.
XX əsrin əvvəllərində - 1920-ci ilin aprelində sovet imperiyası tərəfindən müstəqil ölkəmizin işğalı nəticəsində milli himnimizi qəbul etməyə imkanımız olmasa da,  bu şansı tarix bizə ikinci dəfə - XX əsrin sonlarında təkrar verdi: Parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük şairimiz Əhməd Cavad və sevimli bəstəkarımız Üzeyir Hacıbəyov tərəfindən hazırlanmış "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
 
 
Rəhman SALMANLI,
filologiya üzrə fəlsəfə doktoru

Oxunub: 406
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az