
Gənclər və İdman naziri Azad Rəhimov 56 yaşında vəfat edib. Ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir müalicə olunduğu ABŞ-da dünyasını dəyişib.
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, təhsilini 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbinin birinci sinfində başlayıb. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.
Azad Rəhimov iş təcrübəsinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1987–1989-cu illərdə Azərbaycan LKGI Xətai rayon komitəsində şöbə müdiri, 1989–1990-cı illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib.
1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində çalışıb.
O, Azərbaycan Prezidentinin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.
Azad Rəhimov Azərbaycan Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, həmçinin Fövqəladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif olunub.
Şamaxı Olimpiya Mərkəzinin kollektivi Azad Rəhimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Oxunub: 230
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az