Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu.







Palçıq Vulkanları Dövlət Təbiət Qoruğu və ya tam adı ilə Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu – Azərbaycanın Abşeron rayonunda yerləşən dövlət qoruğu.Qoruq Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində yaradılmışdır. Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12.322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilmişdir. Qoruğun fəaliyyətində əsasən iki prioritet istiqamət müəyyən olunmuşdur: vulkanik landşaftın, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək; elmi tədqiqatları təşkil etmək və ekoloji monitorinqi həyata keçirmək.
Qoruq əməkdaşları xüsusi mühafizə statusu şamil edilmiş 43 palçıq vulkanında mütamadi olaraq elmi stasionar müşahidələr aparmaqla ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik proseslərin dinamikasının öyrənilməsi ilə yanaşı, həm də, onların antropogen müdaxilələrdən qorunmasını təmin etməklə vulkanik landşaftın təbii vəziyyətini saxlayır.

Oxunub: 395
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az