“Lalələr“ mahnısı necə yaranıb?
Bu günlərdə “KRAL TV“də (Türkiyə televiziyası) sənətçi Orhan Hakalmazın aparıcılığı ilə “Türkü gecesi“ verilişini izləyərkən Orhan bəyin ifasında ölməz Rəşid Behbudovun möhür vurduğu “Lalələr“ mahnısını dinlədim. İfasını bitirən kimi Orhan Hakalmaz belə bir açıqlama verdi: “Bu, azəri türküsüdür və Azərbaycana gedən türk əsgərlərinin şərəfinə oxunub, axı onlar başlarına qırmızı papaq qoyurlar“.
Eyni zamanda sənətçi bizim musiqimiz haqqında xoş sözlər söylədi və bu yanaşma məni çox sevindirdi. Bizlər haqlı olaraq həmişə xarici ölkə müğənnilərinin çox zaman mahnılarımızı öz adlarına çıxmalarından şikayətlənirik. Amma gəlin razılaşaq ki, belə halları da işıqlandırmaq gərəkdir ki, digərlərinə də örnək olsun. Burada məni cəlb edən əsas nüans Orhan bəyin “Lalələr“ mahnısı haqqında dedikləri idi. Çox maraqlı fikir kimi səsləndiyindən və heç zaman belə bir fikirlə rastlaşmadığımdan dəqiq olub-olmadığını yəqinləşdirmək məqsədilə musiqi ilə bağlı bir neçə şəxslə əlaqə saxladım.
Nəhayət, rejissor Arif Qazıyev sualıma dolğun şəkildə cavab verdi: “Qızıl fondda saxlanılan bu mahnının bəstəkarı Telman Hacıyevdir. Sözləri isə şair Aslan Aslanova aiddir. Mahnı təxminən 70-75-ci illərdə yazılıb və ifa olunub. Şair Aslan Aslanov Gəncədə olarkən dağın döşünə çıxanda hər tərəfin lalələrlə dolu olduğunu görür və bundan ilhama gələrək “Lalələr“ adlı şerini yazır. Sonra şeri Telman Hacıyevə verir ki, musiqi bəstələsin. Bu mahnını Rəşid Behbudov Türkiyədə də oxuyub. Lakin bu mahnının məhz türk əsgərlərinin şərəfinə yazıldığı və ya oxunduğu haqda məlumatım yoxdur. Fikrimcə, bu, doğru deyil. Amma mən şəxsən öz adımdan sənətçi Orhan Hakalmaza minnətdarlıq edirəm. Ən azından ona görə ki, bizim mahnıları gözəl oxuyur və ən əsası da Azərbaycan mahnısı olduğunu qeyd edir“.
Xatirə.
hafta.az