
Bir millət, iki dövlət.
Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq, dostluq, qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq münasibətləri tarixi köklərə əsaslanır. Eyni soykökə, dilə, dinə, oxşar mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmaları xalqlarımız arasında əlaqələri daim möhkəmləndirib və iki dövlət arasında olan əlaqələr digər dövlətlərə, xalqlara örnək olacaq səviyyəyə çatdırılıb.
XX əsrin əvvəllərində baş verən hadisələrə nəzər yetirsək görərik ki, qardaş xalqlarımız hər zaman çiyin-çiyinə dövrün çətinliklərinə sinə gərib, ağır sınaqlardan alnıaçıq çıxıblar. Birinci dünya müharibəsi zamanı Çanaqqala döyüşündə azərbaycanlı könüllülər türk qoşunları ilə birgə vuruşaraq, böyük qəhrəmanlıq göstəriblər. 1918-ci ilin sentyabrın 15-də isə Azərbaycan ordusu və Nuru paşanın başcılığı ilə Osmanlı qoşunları Bakının düşmənlərdən azad edilməsində böyük köməklik göstərmişdilər. Azərbaycan-Osmanlı qoşunlarının Bakını azad etməsi ilə yanaşı bolşevik-daşnak quldur dəstələrinin 1918-ci ilin martın 30-da türk-müsəlmanlara qarşı başlatdıqları qətl və qarətlərin də qarşısı alındı. Osmanlı qoşunları Cənubi Azərbaycanda olan soydaşlarımıza qarşı da ermənilərin milli qırğın siyasətinin qarşısının alınmasında müstəsna xidmət göstərmişlər. 1920-ci ildə Türkiyə ən sıxıntılı zamanını yaşayırdı. Mustafa Kamal Paşa 1921-ci ildə Nəriman Nərimanova yazdığı məktubda borc pul göndərməsini xahiş edirdi. Nəriman Nərimanov Mustafa Kamal Paşaya müsbət cavab verdi. Dərhal xəzinədə olan 500 kq qızıl Ankaraya çatdırıldı. Bunun ardınca Azərbaycan hökuməti otuz sistern neft, iki sistern benzin və səkkiz sistern mədən yağı göndərdi. Bütün bunlar qardaşın qardaşa köməyi, vəfa borcu idi. Bunun ən gözəl izahını isə biz Nəriman Nərimanovun 1921-ci il martın 23-də Mustafa Kamal Atatürkə yazdığı məktubda daha yaxşı görə bilərik. Türkiyə tərəfinin borcları necə qaytaracağı barədə narahatlıq keçirdiyi bir vaxtda N.Nərimanov Türkiyənin qazandığı qələbə münasibətilə Atatürkə təbrik məktubları yazaraq köməyini əsirgəməyəcəyini bildirirdi: “Paşam, Türk millətində bir ənənə vardır: qardaş qardaşa borc verməz, qardaş qardaşın hər çətin durumunda əlindən tutar. Biz qardaşıq, hər zaman və hər şərtlər altında bir-birimizin əlindən tutacağıq. Bu gün etdiklərimiz bir qardaşın qardaşına etdiklərindən başqa bir şey deyildir”.
XX əsrin 20-ci illərində Naxçıvanın Azərbaycan SSR-in tərkibində qalmasında da Türkiyənin misilsiz rolu olub.
1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Türkiyə-Azərbaycan birliyi yeni mərhələyə qədəm qoydu. Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlət də məhz Türkiyə Cümhuriyyəti oldu. İki ölkə arasındakı münasibətlərin inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri “Bir millət, iki dövlət” kimi xarakterizə edən Ulu öndər iki qardaş ölkə arasında münasibətlərin inkişaf etməsi istiqamətində böyük əmək sərf edib. Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji hədəflər istiqamətində mühüm addımlar ataraq iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxmasına nail olub. Bu gün də Azərbaycan–Türkiyə əlaqələri Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır.
44 günlük Vətən Müharibəsində də qardaş Türkiyəni daim yanımızda gördük, qardaş dəstəyi bizə böyük güc, stimul verdi. Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu. Azərbaycan ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi. İşğal dövründə yaradılmış mühəndis-istehkam qurğuları məhv edildi. Azərbaycan xalqı Vətən müharibəsində dastanlara layiq bir mücadilə verdi, görünməmiş əzm, iradə və fədakarlıq ortaya qoydu. Qardaş Türkiyə Cümhuriyyəti Vətən müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında oldu. Bir millət, iki dövlət olmağımız məhz 44 günlük Vətən Müharibəsində bir daha sübut olundu. İstər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, istər xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hülusi Akar, eləcə də Türkiyə Böyük Millət Məclisinin rəhbəri Mustafa Şəntop, bir sözlə, qardaş ölkənin rəhbər qurumlarından tutmuş, sadə vətəndaşlarına qədər hər kəs bu haqlı savaşda Azərbaycanın yanında yer aldılar, ölkəmizə hər cür mənəvi dəstək göstərdilər. Mənəvi dəstəklə yanaşı, Azərbaycan ordusunun hərbi texnikasının yenilənməsində də Türkiyənin ən son model İHA-ları və SİHA-ları xüsusilə böyük rol oynamışdır. Bunlar da 44 günlük Vətən müharibəsində bizim uğur əldə etməyimiz üçün çox vacib idi. Təkcə “Bayraktar” TB2 PUA-ları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm də artilleriya atəşini idarə etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunurdu. Türkiyədən gələn dəstək və həmrəylik nümayişi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Buna görə Türkiyə dövlətinə və xalqına dərin minnətdarlığımızı bildiririk.
2020-ci il dekabrın 10-da Bakıda “Zəfər Paradı” keçirildi. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, o cümlədən Türkiyə silahlı qüvvələrinin xüsusi təyinatlıları da iştirak edirdilər. Prezident İlham Əliyevin “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir” bəyanatı minillərdən bəri gələn tarixi birliyimizin ifadəsidir.
Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.
Şamaxı Avropa liseyinin tarix müəllimi
Quliyeva Aynur İlham qızı