“Test sistemindən imtina yolverilməzdir. Məhz test sisteminə görə korrupsiya, rüşvət kimi halların qarşısını alındı” –Vahid Əhmədov: “Universitet rəhbərləri bu məsələyə müdaxilə etməməlidir”
“Məhz test sistemi tələbə qəbulunda qohumbazlığın, rüşvətin, digər neqativ halların qarşısını alır”
Son vaxtlar ali məktəblərə tələbə qəbulunun sovet dönəmində olduğu kimi universitetlər tərəfindən aparılması, bu məsələdə test sistemindən imtina ediməsi ilə bağlı müxtəlif təkliflər səslənməkdədir. Əsasən universitet rəhbərləri tərəfindən irəli sürülən bu təkliflərlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov, test sisteminin ləğvinin yolverilməz olduğunu bildirib:
“Bəzi universitet rəhbərləri tərəfindən köhnə qəbul sisteminin bərpa edilməsi, yəni tələbə qəbulunun universitetlər tərəfindən aparılması ilə bağlı səslənən təkliflərin əleyhinəyəm. Test sistemi 1993-cü ildən ölkəmizdə tətbiq edilib. Məhz test sisteminin tətbiqindən sonra tələbə qəbulundakı korrupsiya, rüşvət kimi halların qarşısını alındı. Insanlar rüşvətsiz şəkildə, öz biliyi əsasında ali məktəblərə qəbul olmağa başladılar. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri kimi Məleykə Abbaszadə də ötən müddət ərzində bu sahədə xeyli islahatlar həyata keçirib. Mütərəqqi dəyişikliklər həyata keçirib. Bun görə də yenidən köhnə sistemin bərpası ilə bağlı təklifləri doğru və faydalı hesab etmirəm. Test üsulu qalmalıdır. Çünki məhz test sistemi qohumbazlığın, rüşvətin, digər neqativ halların qarşısını alır. Test sistemi Azərbaycanın müstəqillik dönəmində qəbul edilmiş ən müsbət, ən mütərəqqi addımlardan biridir və universistet rəhbərləri bu məsələyə müdaxilə etməməlidir”.
Seymur ƏLİYEV
Oxunub: 312