Hacı Qara xəsisdirmi?
1852-ci ildə qaçaqmalçılıq problemləri ilə məşğul olan polkovnik Meyerin tərcüməçisi kimi bir müddət İran sərhəddində olmuş Mirzə Fətəli Axundovun gördüklərinə dostu Qasım bəy Zakirin haqqında danışdığı Ağcabədi sövdəgəri Hacı Qara ilə bağlı süjet xəttini əlavə etməklə yaratdığı «Sərgüzəşti mərdi xəsis» əsəri yüksək bədii dəyərləri ilə seçildiyindən bütün dövrlərdə öz müasirliyini qoruyub saxlayır. Hərçənd ki, Qasım bəy Zakirin vasitəsilə Mirzə Fətəli Axundova verdiyi qonaqlıqdan sonra samovarı kömür əvəzinə əskinasları ilə qaynatdırmaqla sövdəgər Hacı Qaranın xəsis olmadığını sübuta yetirməsi barədə rəvayət dillərdə dolaşır. Bizim eradan əvvəl qədim Romada əmtəə pul münasibətlərinin inkişafı ilə əlaqədar olaraq xəsislik, sələmçilik mövzusu dramaturgiyada öz əksini tapdı. 254-284-cü illərdə burada yaşayıb yaratmış, yüz otuz şeirlə yazılmış əsərin müəllifi Plavt Tit Maksiy qədim Yunan dramlarından epizodlar və fraqmentlər götürməklə kontamipasiya metodu ilə yazdığı komediyalarda ilk dəfə vokal nümunələrindən və küçə-meydan dilindən istifadə etdi. Həyatsevərlik, əyləncə ilə yanaşı, tənəzzülə uğramayan demokratizmi də qoruyan Plavt Tit Maksiy «Küp» (Xəzinə) əsərindəki mənəviyyatı var-dövlətə qurban verən Evklion personajı ilə klassik dünya dramaturgiyasında xəsis obrazının ilk müəllifi sayılır. Qədim zamanlardan fərqli olaraq intibah dövründə cəmiyyət üçün təhlükəyə çevrilə bilən pul münasibətləri Molyerin xəsis Qarpaqon obrazında meydana çıxdı. Onun 1668-ci ildə yazdığı «Xəsis» komediyası özünün psixologizmi və kəskin satirası ilə seçilir. Maarifçiliyin təşəkkül tapmadığı bir dövrdə pulun insana hakim kəsilməsi, insanın sağlam düşüncəsini itirməsi gülüş hədəfinə çevrilir. Xəsisliyin təsviri dramaturji ziddiyyətin özünü belə arxa plana atdığından Qarpaqon istər-istəməz karikaturaya çevrilir. Ailənin deformasiyası, övladların ataya nifrəti və onu ələ salmaları kimi mənəvi problemlərin önə çəkilməsi əsərin ideyasında və dramaturji strukturda öz həllini tapmır. Mövzunun xəsislik problemi üzərində qurulması Bomarşenin 1773-cü ildə yazdığı «Siviliya bərbəri» pyesində də təkrarlanır. Müəllifin özü əsərin əsas mövzusu haqqında yazdığı: «Himayəsindəki qıza vurulmuş qoca günü sabah onunla evlənmək niyyətindədir. Gənc oğlanın həmin gün daha cəld tərpənib qocanı qabaqlayaraq burnunun ucunda qızı alıb onun evindəcə özünə qanunu arvad eləməsi... Budur mənim əsərimin əsası ki, onun üzərində faciə, drama və opera qurmaq olardı. Molyerin «Xəsis»i də bunun üzərində qurulmamışdımı?» (Бомарше. Драматические произведение. М.1971. s.41) kimi izahla etiraf təkrarçılığı təsdiqləyir. Bir–birlərini ürəkdən sevən cavanların kələkbaz nökərlərin köməyi ilə xəsis qocanı kənarlaşdırıb vüsala yetmələri antik dövrdən bəri komediyaların dramaturji modelinin əsasında dururdu. Lakin, gənc Rozinanın pullarına bənd olmuş xəsis qoca-doktor Bartolo sələflərindən fərqli olaraq ağıllı, bic və fərasətli olduğundan, qraf Almavivanın və ona kömək edən kələkbaz Fiqaronun onunla bacarması çətinləşərək ziddiyyəti kəskinləşdirir. Sadəcə komik personaj olan Fiqaronun iki sevən gəncə köməyinin təkcə pula görə deyil, həmçinin onların münasibətinə rəğbətindən də irəli gəlməsi, feodal mühitinə qarşı azad insan ləyaqətinin qoyulması proqressiv dəyərləri önə çəkən müəllifin qələbəsidir. Digər tərəfdən yeni dövrün adamı olan Fiqaronun öz ağasına feodal mühitinə xas olan müti borc hissi artıq yoxdur. Bomarşenin «Siviliya bərbəri» komediyasının davamı olan «Fiqaronun evlənməsi» əsərində isə bu personajın mühitlə bağlılığı ««Fiqaronun evlənməsi» fəaliyyətdə olan inqilabdır.» (s.21) yazan Napoleonun da nəzərindən qaçmamışdı. Alış-veriş qaydalarını dəqiq bilən sövdəgər Hacı Qara dükana gələn bəyləri müştəri bilib ilk-öncə onlara malını çox ustalıqla, dolayı yolla tərifləyir: «Mən dükana pis mal qoymanam. Günbəgün satılır. Dünən dükan lap boşalmışdı. Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. Elə bu gün yığıb doldurmuşam. (Qəlyanı verib əlini uzadır qədəkdən, şilədən tökür bəylərin qabağına.) Hacı qadanızı alsın, hər nə qədər istirsiniz seçin. Getdiyim Kəbeyi –beytullah haqqı, qurana and olsun, peyğəmbər haqqı, oğlum Bədəlin toyunu görməyim, yalan deyirəmsə, tamam Ağcabədidə bundan yaxşı qədək və çit heç kimdə tapmazsınız! Buların qumaşı özgə qumaşdır. Müştəri macal vermir göydə götürür. Sabah bura güzarınız düşsə, buların birini də dükanda görməzsiniz. Alın aparın!» (s.103) Pul olmasa hətta, yağ ilə də sövdələşməyi təklif edən, müştəri olmadıqlarını qətiləşdirdikdən sonra bəyləri az qala dükandan qovan Hacı Qara onlara bir qəlyanlıq tənbəkini də çox görür. Əsgər bəy: «Hacı, doğru deyirmişlər ki, bir adamdan allah alsa, bəndə vermək ilə dövlət olmaz. Mən ki, bilirəm sən Ağcabədidə üç aydır üç top çit, qədəh satmayıbsan, dərya zərərin vardır. Biz gəlmişdik ki, on beş günün içində sənə yüz manat xeyir verək; çifayda bəxtin işləmədi» söylədikdən sonra ağalar durub getmək istədikdə pul adını eşidən Hacı Qaranın səxavət göstərib qəlyan doldurmaq üçün torbasından tənbəki də çıxarması təklif olunan vəziyyəti dəyişir. Qaçaqmalçılıq məsələsi ortaya çıxdıqda, rus adı gələndə bağrı yarılan Hacı Qaranın qazanc həvəsi üstün gəldiyindən o, hətta, yüz qızıla beş faizli sələminə bəylərə pul boyun olub bu işə razılıq verir. Deməli, realist üslubda həllini tapmış bu əsərdə Hacı Qaranın xəsisliyi əslində onun qorxaqlığı, riyakarlığı və tamahkarlığı kimi digər eybəcərliklərindən bir o qədər də üstün olmadığından şərti səciyyə daşıyır. Arvadı Tükəz tərəfindən «Sən ölsən heç olmaz arvad uşağın doyunca çörək yeyər» (s.107) sözləri ilə ittiham olunması Hacı Qaranı zahirən Molyerin «Xəsis» komediyasının qəhrəmanı pulgir, xəsis və tamahkar personaj Qarpaqon kimi təqdim edir. Sosial tip kimi təqdim olunan Hacı Qaradan fərqli olaraq ailə komediyasının qəhrəmanı aşpaz və çapar, lakın, kələkləri sayəsində oğlu Kleantın sevgilisi Marianaya vurulmuş Qarpaqon tədricən karikaturaya çevrilir. Nökəri Laflen tərəfindən oğurlanmış on min ekyüyə görə hamını, o cümlədən, qızı Elizaya vurulmuş saf qəlbli Valeranı da oğru zənn edən Qarpaqonun fasiləsiz olaraq gülüş hədəfinə çevrilməsi onu satirik personaj edir. Oğurlanmış pulların sayəsində oğlunun qoca xəsisi Marinadan vaz keçməyə məcbur etməsi əsas dramaturji hadisəni finala çatdırır. Lakin, əsərdəki mərkəzi personajın mənfi qəhrəman olması artıq dünya komediyalarının sonrakı mərhələləri üçün xas deyildi. Molyerdən fərqli olaraq öz komediyalarını əsas personaj üzərində qurmayan, «mənə solist yox, orkestr vacibdır» deyən Haldoninin: «Əgər mərkəzi personaj qüsurludursa o, ya islah olunmalıdır, ya da ki, komediya özü sarsaqdır» (Галдони К. Комедии. М. 1971. s.15) qərarı bu müəllifin qurduğu dramaturji struktura inamını səciyyələndirir. Müsbət qəhrəmanların üzərində dayanan, çirkli ifadələrdən, ləyaqətsiz jest və işarələrdən, ikibaşlı söhbətlərdən, şit səhnələrdən qaçan, dünyanı düzəltmək naminə çatışmazlıqları insanlara göstərən Haldoninin işıqlı və optimist komediyaları sonu yaxşı bitən nağıla bənzədilir. Sadəlik və təbiilik üzərində qurulan bu komediyaların finalında bütün personajların yığışaraq böyük ideyalar naminə əsəri sanki şirin şərbətlə bitirmələri maarifçiliyin təsdiqidir.Hacı Qara xəsisdirmi?
«Xəsis» komediyasındakı monoloqunda: «Çox pul saxlamaq ağır işdir. O kəs xoşbəxtdir ki, öz kapitalını etibarlı yerə qoyub cibində yalnız vacib xərclər üçün pul saxlaya bilir» (Молйер Ж..Б. Комедии. М.1972. s. 347) deyən Qarpaqon əmtəə-pul münasibətlərinin formalaşdığı dövrün personajı idi. Ətrafda hamını oğru bilən, bağda gizlətdiyi pullarından göz olmaq üçün evdən belə çıxmaq istəməyən «yemək üçün yaşamaq deyil, yaşamaq üçün yemək» (s.368) kimi qədim misalı xəsisliyə tətbiq edərək qızıl hərflərlə otağındakı buxarının üzərinə yazdırmaq fikrinə düşən, nəyi varsa qıfıl altında saxlayan Qarpaqondan fərqli olaraq, qaçaqmalçılığa gedən Hacı Qara daha dinamik personaj olduğundan onun xəsisliyi psixologizmdən uzaqdır.
Ədədbiyyatşünaslığımızda da tez-tez rast gəlinən, ideyası uğrunda ölümə gedən xarakterlə mühitin formalaşdırdığı xasiyyət göstəricilərinin qarışdırılması Hacı Qaqa personajından da yan keçməmişdir. Ötən dövrlərdə az qala xəsisliyin simvoluna çevrilmiş bu personajı digər məhşur ədəbi qəhrəmanlarla müqayisə etməklə bu məsələni aydınlaşdırmaq və Hacı Qaranın xəsisliyini də bir növ peşə xəstəliyi hesab etmək mümkündür.
Müqayisə üçün N.V.Qoqolun «Ölü canlar» əsərinin məşhur personajı rus ədəbiyyatının Puşkinin «Xəsis cəngavər»indən sonra ən parlaq xəsis obrazı sayılan Plyuşkinin ədəbi portretini nəzərdən keçirmək kifayətdir. «Axı bu qədər lazımsız əşya Pluşkinin nəyinə lazımdır? O, hər gün öz kəndini gəzib əlinə keçəni; köhnə bir çəkmə altını, cındır arvad paltarını, mismarı, saxsı qırığını götürüb evinə gətirərdi. Bir dəfə qızı Aleksandra iki uşağı ilə atasının yanına gəldi. Plyuşkinə də çay ilə içmək üçün kuliç, bir də təzə xələt gətirdi, çünki, atasının xələti elə bir hala düşmüşdü ki, ona baxanda adam xəcalət çəkirdi. Plyuşkin, hətta, kiçik nəvəsinə stol üstündəki düyməni götürüb oynatmağa icazə verib nəvələrinə mehribanlıq da göstərdi, qızının gətirdiklərini götürsə də ona heç nə verməyib əli boş yola saldı» (Гогол Н.В. Пьесы. М.1975. s.407) müşahidəsi, faktın hadisəyə çevrilməsi ilə müəllifin peşəkar üslubu xəsisliyin əsl mahiyyətini satirik boyalarla göstərə bilir.
Evinə gəlmiş Çiçikova göstərdiyi səxavətin təsvirindəki: ««Mənim çox əntiqə likörüm vardı, əgər oğurlayıb içməyiblərsə gərək durmuş ola» - Çiçikov onun əlində köhnə fufaykaya bürünmüş, üstünü toz basmış balaca bir qrafin gördü. «Mərhum arvadım hazırlamışdı» – deyə Plyuşkin sözünə davam etdi: «Dələduz ambardar arvad az qalmışdı ki, bunu atsın. Ağzı açıq qaldığından içinə qurt-quş, xırda zir-zibil dolmuşdu, mən onları çıxarıb atdım, indi görürsünüzmü tər-təmizdir. Bir qədəh töküm için.» - Çiçikov mən yeyib içmişəm deyib likörü rədd etməyə çalışdı» (s.411) mətni isə xırda detalları belə xəsisliyin mahiyətinin açılışına yönəldir.
Məhz bu prinsiplə yazıb-yaradan Haldoninin özündən əvvəlki mövcud dramaturji strukturlara uyğun gəlməyən pyesləri sənətdə inqilab yarada bilsə də öz komediyalarını doğma dildə səhnədə görməyən M.F.Axundovun maarifçi-demokratiya məktəbinin davamçıları təkamül yolunu seçdilər.
Kulis.az