ƏBÜLFƏZ İSMAYIL OĞLU BABAYEV.





“ SK” ZAVODUNUN RƏHBƏRLƏRİ 
ƏBÜLFƏZ  İSMAYIL OĞLU BABAYEV
Əbülfəz İsmayıl oğlu Babayev 1947-ci il sentyabr ayının 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun (indiki Kəngərli rayonu) Qarabağlar kəndində anadan olmuşdur.
O, 1966-1972-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunun kimya- texnologiya  fakültəsində ali təhsil almış, “kimyaçı-mühəndis-texnoloq” ixtisasına yiyələnmişdir.
Əbülfəz Babayev 1972-ci ildə təyinatla gənc mütəxəssis kimi Sumqayıt   “Sintetik Kauçuk” zavodunda əmək fəaliyyətinə başlamışdır.
1972-1984-ci illərdə “Sintetik Kauçuk” zavodunda mühəndis, bölmə rəisi,  Mərkəzi Elmi-Tədqiqat laboratoriyasının rəisi vəzifələrində çalışmışdır. 
Əbülfəz Babayev  1980-ci ildə Moskva şəhərində D.İ.Mendeleyev adına Kimya-Texnologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1984-2001-ci illərdə “Sintetik Kauçuk” zavodunun baş mühəndisi vəzifəsində çalışmışdır.
Onun baş mühəndis təyin olunduğu dövr bu gün də neft-kimya sənayesinin əsas xammal bazası kimi geniş texniki-iqtisadi imkanlara malik olan, bir çox neft ölkələri üçün əhəmiyyət daşıyan “EP-300” kompleksinin tikintisinin  başlanmasına təsadüf etmişdir. 
“EP-300” kompleksi 1987-ci ilin dekabr ayının 31-də, işə buraxıldığı gündən 19 gün sonra 99,99 % təmizlik dərəcəsi olan etilen almaqla layihədə nəzərdə tutulan məhsula çıxarılmışdır. Bu isə keçmiş SSR-də, buna qədər buraxılan bütün EP komplekslərinin işə buraxılıb mənimsənilməsi prosesində rekord göstərici idi.
Ə.Babayev 1980-1989-cu illərdə bilavasitə fasiləsiz istehsalatda aparılan proseslərin, müxtəlif  konstruksiyalı  avadanlıqların  tədqiqi, optimallaşdırılması, yenilərinin yaradılması (çoxsaylı müəlliflik şəhadətnaməsi ilə təsdiq olunan) və istehsalata tətbiqi istiqamətində apardığı tədqiqatları ümumiləşdirərək 1989-cu ildə doktorluq dissertasiyasını Elmi Şuraya təqdim etmişdir. O, 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında doktorluq dissertasiyasını müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsini almışdır.
Əbülfəz Babayev  2001-ci ildə  “Azərkimya” Dövlət Şirkətinin “Etilen- Polietilen “ zavoduna direktor təyin edilmişdir. 2005-2015 -ci illərdə Sumqayıt şəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. 
2017-2019-cu illərdə SOCAR-ın emal üzrə vitse-prezidentinin müşaviri kimi fəaliyyət göstərmişdir .
Əbülfəz Babayev  hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının  “ Yüksək Texnologiyalar Parkı” nın baş direktorudur .
Bizim Sumqayit.






Oxunub: 721
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az